Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəngilan – tarixi zəfərin, milli qürurun və Böyük Qayıdışın ünvanı

Zəngilan – tarixi zəfərin, milli qürurun və Böyük Qayıdışın ünvanı

19.10.2026 [11:48]



Azərbaycanın qədim yaşayış məskənlərindən olan Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və milli-mədəni irsi ilə seçilir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü nəticəsində Zəngilan ərazisi Zəngəzur qəzasının tərkibinə daxil edilmiş, sonrakı dövrlərdə müxtəlif inzibati dəyişikliklərə məruz qalmışdır. 1930-cu il avqustun 8-də müstəqil inzibati rayon kimi təşkil olunan Zəngilanın mərkəzinə 1967-ci ildə şəhər statusu verilmişdir.
Zəngilan tarixən kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq və dəmir yolu nəqliyyatı ilə tanınmışdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çayları, münbit torpaqları, zəngin meşələri və faydalı qazıntıları rayonun iqtisadi potensialını formalaşdırmışdır. İşğaldan əvvəl rayonda 21 dəmir yolu müəssisəsinin və 6 dəmir yolu vağzalının fəaliyyət göstərməsi onun nəqliyyat və iqtisadi həyatında mühüm rol oynayırdı. Bəsitçay Dövlət Təbiət Qoruğundakı nadir çinar meşəsi isə Zəngilanın təbiət incilərindən biridir.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan ağır dağıntılara məruz qalmışdır. Yaşayış evləri, məktəblər, inzibati binalar, sosial obyektlər və təsərrüfat infrastrukturu dağıdılmış, rayonun mədəni irsinə ciddi ziyan vurulmuşdur. Minlərlə ailə doğma yurdunu tərk etməyə məcbur olmuş, zəngilanlılar uzun illər Vətən həsrəti ilə yaşamışlar. Tarixi abidələrin talan edilməsi, qəbiristanlıqların və dini məkanların dağıdılması xalqımızın milli-mənəvi irsinə qarşı yönəlmiş vandalizmin ağır nəticələridir.
Zəngilanın qədim tarixini yaşadan bir sıra memarlıq nümunələri işğal dövründə dağıntılara və baxımsızlığa məruz qalmışdır. Orta əsrlərə aid Şərifan abidələri və sərdabələri, Yenikənd sərdabəsi, Hacallı dairəvi bürcü, Bartaz Qız qalası və digər tarixi məkanlar bölgənin zəngin keçmişini əks etdirir. Məmmədbəyli kəndində yerləşən, XIV əsrin əvvəllərinə aid Yəhya ibn Məhəmməd türbəsi isə Azərbaycan türbə memarlığının dəyərli nümunələrindəndir.
Rayonun dini irsini İmam Hüseyn məscidi, XIX əsrə aid kənd məscidləri, qədim ziyarətgahlar və Alban kilsələri tamamlayır. Bu abidələr yalnız daş və memarlıq nümunələri deyil, xalqımızın əsrlər boyu formalaşmış inancının, mədəniyyətinin və tarixi yaddaşının daşıyıcılarıdır.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə Vətən müharibəsinin mühüm qələbələrindən biri kimi Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. 2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi. Həmin gün artıq təkcə azadlığın deyil, milli iradənin, tarixi ədalətin və doğma yurda qayıdış ümidinin rəmzidir.
Zəngilanın strateji coğrafi mövqeyi onu Azərbaycanın regional nəqliyyat və logistika mərkəzlərindən birinə çevirmək üçün geniş imkanlar yaradır. Şərqi Zəngəzurda yerləşən rayonun beynəlxalq nəqliyyat əlaqələri, dəmir yolu və avtomobil yolları baxımından əhəmiyyəti getdikcə artır. Zəngəzur dəhlizi perspektivi, Horadiz–Ağbənd dəmir yolu xətti və digər infrastruktur layihələri Zəngilanın ölkəmizin iqtisadi inkişafında, regionlararası əlaqələrin gücləndirilməsində və beynəlxalq tranzit imkanlarının genişləndirilməsində mühüm rolunu ön plana çıxarır.
Prezident İlham Əliyevin azad olunmuş Zəngilana mütəmadi səfərləri bölgənin dirçəlişinə verilən xüsusi əhəmiyyətin göstəricisidir. Dövlət başçısının iştirakı ilə Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilmiş, yaşayış məntəqələrinin, yol-kommunikasiya sistemlərinin, enerji və sosial infrastrukturun bərpasına başlanılmışdır. Zəngilan şəhərində yeni yaşayış binalarının, məktəbin, uşaq bağçasının, xəstəxananın və digər obyektlərin inşası Böyük Qayıdışın real nəticələridir. Tarixi-dini irsin qorunması, qədim Zəngilan məscidinin konservasiyası və yeni məscidin inşası da bu dirçəlişin mühüm tərkib hissəsidir.
Bu gün Zəngilan dağıntıların deyil, quruculuğun, ümidsizliyin deyil, inamın ünvanıdır. Doğma torpaqlarına qayıdan sakinlər üçün yeni həyat qurulur, şəhərin tarixi siması və iqtisadi potensialı bərpa edilir. 20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsidir. Zəngilan yenidən dirçəlir, öz tarixinə sahib çıxır və gələcəyə inamla addımlayır.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31