Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

12.10.2026 [22:00]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Qırğız dili və ədəbiyyatı auditoriyasının rəsmi açılış mərasimi keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, yeni auditoriyanın yaradılmasında məqsəd tələbələrin qırğız dilini daha dərindən öyrənməsi, qırğız xalqının zəngin ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olması, Azərbaycan ilə Qırğızıstan arasında elmi, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Auditoriya qırğız dilinin tədrisi, milli-mədəni irsin tanıdılması və ortaq türk dəyərlərinin təbliği baxımından əhəmiyyət daşıyır.

Açılış mərasimində Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Dinara Jumabayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, təhsil və mədəniyyət nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılış mərasimindən sonra qonaqlar Filologiya fakültəsində təşkil olunan “Filoloqun oxu həftəsi” layihəsində iştirak ediblər. Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş tədbirdə onun zəngin ədəbi irsi, dünya ədəbiyyatındakı yeri və əsərlərinin bəşəri əhəmiyyəti müzakirə olunub.

Tədbir çərçivəsində professor Təyyar Salamoğlu Çingiz Aytmatovun həyat və yaradıcılığı, onun dünya ədəbiyyatındakı mövqeyi, əsərlərinin ideya-bədii xüsusiyyətləri və bəşəri dəyərlərin təbliğindəki rolu barədə ətraflı məlumat verib. Daha sonra tələbələr yazıçının yaradıcılığına dair hazırladıqları təqdimatlarla çıxış edərək onun əsərlərində əks olunan mənəvi dəyərləri, insan və cəmiyyət münasibətlərini, milli kimlik və ümumbəşəri ideyaları təhlil ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək Qırğız dili və ədəbiyyatı auditoriyasının yaradılmasının əhəmiyyətini qeyd edib. O, bu təşəbbüsün Azərbaycan və Qırğızıstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına, eləcə də ortaq türk irsinin gələcək nəsillərə çatdırılmasına töhfə verəcəyini vurğulayıb.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış edərək Azərbaycan və Qırğızıstan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, ortaq türk mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətindən bəhs edib. O, bu cür təşəbbüslərin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə, tələbələrin dünyagörüşünün zənginləşməsinə və ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun vitse-prezidenti Dinara Jumabayeva çıxışında yazıçının zəngin ədəbi irsinin təbliğinin əhəmiyyətindən bəhs edib, onun yaradıcılığının xalqlar arasında mənəvi körpü rolunu vurğulayıb. O, professor Mahirə Hüseynovanın Çingiz Aytmatov yaradıcılığının təbliği istiqamətindəki fəaliyyətini və xidmətlərini yüksək qiymətləndirib.

Çıxışdan sonra Dinara Jumabayeva professor Mahirə Hüseynovanı Çingiz Aytmatov adına medalla təltif edib.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov Azərbaycan və Qırğızıstan arasında tarixi, mənəvi və mədəni əlaqələr, ortaq türk dəyərlərinin qorunması, eləcə də Çingiz Aytmatov irsinin müasir dövrdə əhəmiyyəti barədə ətraflı fikirlərini bölüşüb.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxış edərək ədəbiyyatın xalqlar arasında qarşılıqlı anlaşmanın və mənəvi yaxınlığın möhkəmlənməsindəki rolundan bəhs edib. O, gənc nəslin mütaliəyə cəlb olunmasının, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsinin və milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir çıxış və müzakirələrlə davam edib.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31