Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vahid məktəbli forması uşaqların özlərini bərabər hiss etməsinə kömək edir

Vahid məktəbli forması uşaqların özlərini bərabər hiss etməsinə kömək edir

12.10.2026 [15:39]

“Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir. Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır”. Bu barədə xalq şairi Sabir Rüstəmxanlı bildirib. 
Xalq şairi öz məktəb illərini xatırladaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını da qeyd edib: “Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik. Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır, onları gələcəkdə Vətəni qorumaq məsuliyyətinə hazırlayır”.

S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Buna görə də məktəbli formasının tətbiqini dini etiqad azadlığı ilə əlaqələndirərək başqa istiqamətdə təqdim etmək doğru deyil: “Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.

E.Cəfərli

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31