Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülh və sabitliyin təşəbbüskarı...

Sülh və sabitliyin təşəbbüskarı...

14.04.2026 [11:38]

Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub

Aprelin 12-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini bərpa edib. Bu barədə  Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.

Təhlükəsizlik məqsədilə həyata keçirilən təxliyə prosesi

Fevralın 28-dən başlayan müharibə dost və qonşu ölkə olan İranda gərgin vəziyyət yaradıb. Hücumlar nəticəsində bu ölkənin hərbi obyektləri ilə yanaşı, ayrı-ayrı şəhərlərində mülki infrastruktura da ciddi ziyan dəyib. Müharibə şəraitində İrandakı diplomatik korpusun normal fəaliyyəti də, əslində, mümkünsüz hala gəlmişdi. Bu səbəbdən də xarici dövlətlərin İrandakı səfirlikləri və digər diplomatik missiyaları fəaliyyətlərini müvəqqəti qaydada dayandırmağa qərar veriblər.  O cümlədən Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşları da mərhələli şəkildə İrandan təxliyə olunublar. Onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilib. Bütövlükdə, təhlükəsizlik məqsədilə İrandan 612 nəfər Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilib.

Azərbaycan həmçinin xoş məramdan çıxış etməklə digər ölkələrin vətəndaşlarının da İrandan təxliyə edilməsinə şərait yaradıb. Fevralın 28-dən İrandan respublikamız vasitəsilə təxliyə olunanlar arasında 735 Çin, 374 Rusiya, 198 Banqladeş, 284 Hindistan, 192 Tacikistan, 151 Pakistan, 84 Oman, 68 İndoneziya, 61 İran, 57 Əlcəzair, 46 İtaliya, 26 İspaniya, 27 Kanada, 27 Almaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Belarus,13 Qazaxıstan, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela 6 BƏƏ, 6 Finlandiya, 6 Slovakiya, 6 Belçika, 6 Qırğızıstan, 6 Rumıniya, 6 Avstraliya, 5 Türkiyə, 5 Finlandiya, 5 Serbiya, 5 Çexiya, 5 İsveç, 5 Əfqanıstan, 5 Avstraliya, 5 Avstriya, 5 Vyetnam, 5 Yunanıstan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şrilanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Misir, 2 Sloveniya, 2 Uruqvay vətəndaşı var. İrandan Azərbaycana həmçinin Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Qonşu və dost İran ilə münasibətlərə verilən xüsusi önəmin bariz nümunəsi

Azərbaycan bir neçə gün bundan əvvəl ABŞ-la İran arasında elan olunan atəşkəsdən sonra qonşu Tehranda səfirliyinin fəaliyyətini bərpa edən ilk dövlətlər sırasında yer alır ki, bu da təsadüfi deyildir. Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və 2 həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Azərbaycanla İran arasında siyasi dialoqun dinamikası kifayət qədər yüksək səviyyədədir. Təkcə son vaxtlarda Azərbaycan və İran prezidentlərinin bir neçə dəfə telefon danışığı baş tutub. Bu təmaslarda liderlər tarixi ənənələrə əsaslanan ikitərəfli münasibətlərin, müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Xatırladaq ki, Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verib.

Azərbaycan və İranın bir-birinə yaxınlığını, dostluğunu şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Bu, ilk növbədə Azərbaycan və İran xalqlarının keçdikləri yoldakı oxşarlıqlarla bağlıdır. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar verir.

Digər tərəfdən, Azərbaycanla İranın coğrafi bağlılığı var. Respublikamızın ən uzun dövlət sərhədi 765 kilometr olmaqla məhz bu ölkə ilədir. Bu amil də iki ölkə arasında əlaqələrin qurulmasını asanlaşdırır, daşımalarda xərcləri azaldır, vaxtı qısaldır, təhlükəsizliyi təmin edir.

Eyni zamanda, son illərdə Azərbaycanla İranın ayrı-ayrı layihələrdə birgə iştirakı kifayət qədər uğurlu olub. İki ölkənin qarşılıqlı əlaqələrində, təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Hazırda iki dost ölkə Şimal-Cənub Dəhlizinin funksionallığının artırılmasına böyük səy göstərir. O cümlədən indiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb.

Ağbənd istiqamətində yeni avtomobil körpüsünün inşası əlaqələrin genişlənməsinə yeni impuls verəcək. Körpünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra onun istismara verilməsi nəzərdə tutulur.

Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası da intensiv şəkildə davam etdirilir.  Layihəyə uyğun olaraq Azərbaycanın əsas hissəsini İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək.

Bəhs olunan marşrut üzrə həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xəttinin inşası nəzərdə tutulur.  Bununla bağlı müvafiq sənədlər imzalanıb.

Həmçinin Azərbaycan dost ölkənin müharibə səbəbindən üzləşdiyi çətinliklərə biganə qalmır. İndiyədək respublikamızdan qonşu ölkəyə bir neçə dəfə humanitar yardım karvanı yola salınıb. Paralel şəkildə, respublikamız Rusiyadan İrana göndərilən humanitar yardımların ünvana çatdırılmasına imkan yaradır və bütün bunlar da dost ölkədə minnətdarlıqla qarşılanır.

Sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüslərə dəstək

Azərbaycanın özü müharibə dəhşətlərini yaşayan bir ölkədir. İşğalın davam etdiyi otuz il ərzində respublikamız dəfələrlə ağır müharibə cinayətləri ilə üzləşib və sözün əsl mənasında humanitar fəlakət yaşayıb. Buna görə də Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir.

Azərbaycan həmçinin regional və qlobal səviyyədə sülhün təmin olunmasının tərəfdarıdır. Hazırda dünyada yaranan vəziyyət ciddi narahatlıq doğurur.Şərqi Avropada beş ildir ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə səngimir. Qəzzadakı qətliamda təxminən 70 min insan həyatını itirdi. Bundan sonra isə  Yaşın Şərq ABŞ-İsrail-İran  müharibəsinin alovuna bürünüb. Bu dağıdıcı müharibədən bütün dünya təsirlənir. O cümlədən qlobal iqtisadiyyat ciddi təhdidlərlə üz-üzədir. Nəqliyyat-logistika zəncirinin pozulması davamlı təchizatı mümkünsüz hala gətirib, enerji daşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar son nəticədə istehlak bazarına, insanların həyat səviyyəsinə mənfi təsir göstərir.

Azərbaycan o mövqedən çıxış edir ki, dünyanı müharibə təhdidlərindən xilas etmək lazımdır. XİN-in məlumatında vurğulandığı kimi, ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

Yeri gəlmişkən, aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Dövlətimizin başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30