Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın gələcəyə hesablanan qlobal gündəliyi

Azərbaycanın gələcəyə hesablanan qlobal gündəliyi

17.07.2026 [11:14]

Azərbaycanın gələcəyə hesablanan milli inkişaf strategiyası konseptual əsaslara söykənir. Bir qayda olaraq hədəflər müəyyənləşdirilərkən qlobal səviyyədə yaranan çağırışlar və ölkənin reallıqları, cəmiyyətin sosial sifarişləri mütləq qaydada nəzərə alınaraq uzlaşdırılır. Prezident İlham Əliyev bu günlərdə Şuşa Qlobal Media Forumunda vurğulayıb ki, hazırda respublikamızın qlobal gündəliyində çoxlu sayda ciddi məsələlər var və onlar prioritetlik baxımından bir-birindən fərqlənmirlər. “Gündəliyimizdə kifayət qədər geniş məsələlər var. Onlardan hər hansı birini birinci, ikinci, üçüncü və dördüncü sıraya yerləşdirmək çətindir”, - deyə dövlətimizin başçısı forumda sualları cavablandırarkən bildirib.

Əsas məsələlərdən biri - davamlı inkişafın təmin edilməsi

Son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf strategiyasıdır. Dövlətimizin başçısı Şuşa Qlobal Media Forumunda bir daha vurğulayıb ki, qlobal gündəliyimizdə dayanan əsas məsələlərdən biri davamlı inkişafın təmin edilməsidir.

Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən davamlı inkişaf strategiyası çoxvektorludur. Əlbəttə ki, burada ölkənin iqtisadi potensialının artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini təşkil edib. Ötən dövrdə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib, respublikamızın investisiya cəlbediciliyi artırılıb. Ötən dövrdə Azərbaycan iqtisadiyyatının 4 dəfədən çox genişlənməsi kifayət qədər böyük uğurdur. Ölkənin strateji valyuta ehtiyatları 2 milyard dollardan 86 milyard dollara qədər artıb. Güclü iqtisadi potensial və geniş maliyyə imkanları Azərbaycanın manevr imkanlarını qat-qat artırır. Qürurverici haldır ki, bu gün respublikamız dünya üzrə xarici borcu ən aşağı səviyyədə olan ölkələr sırasında yer alır.

Respublikamızda 2003-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hər bölgənin iqtisadi potensialı və əmək ənənələri nəzərə alınmaqla hazırlanaraq qəbul edilən bir neçə regional inkişaf proqramı uğurla icra olunub. Bu proqramların icrası çərçivəsində həmçinin müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşası diqqət mərkəzində saxlanılıb. İnfrastruktur obyektlərinin tikintisi bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılıb. Yüksək standartlar səviyyəsində reallaşdırılan layihələr sayəsində  həm ölkə üzrə iqtisadi fəallıq, investisiya cəlbediciliyi artıb, həm də insanların həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.  

Azərbaycan özünün iqtisadi imkanlarına əsaslanmaqla dərin məzmunlu sosial siyasət həyata keçirir. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Müəyyənləşdirilən bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqlənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib. Hazırda respublikamızda ədalətli resurs bölgüsü siyasətinə uyğun olaraq sayca beşinci sosial paket uğurla reallaşdırılmaqdadır ki, bu da yüksək vətəndaş məmnunluğunu şərtləndirir.

Bütövlükdə, respublikamızda dövlət başçısının  2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası uğurla təmin edilməkdədir. Bunun davamı olaraq isə Prezident İlham Əliyevin 30 may 2025-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq  2027-2030 cu illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır.

İşğaldan azad olunmuş ərazilərə layiqli qayıdış

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda bildirdiyi kimi, Qarabağın bərpası və yenidən qurulmasının başa çatdırılması yeni strateji mərhələdə Azərbaycanın qlobal gündəliyində dayanan digər bir vacib məsələdir. Belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq insan öz doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. On illər boyu tikib qurduqları mülklərini itirən həmin insanlar üç onillik ərzində çətin şəraitdə yaşadılar, qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar düz üç onillik ərzində doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi. Müzəffər Ordumuzun Zəfəri sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.

Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı 2022-2026-cı illəri əhatə edir, ikinci mərhələ isə 2027-2030-cu illəri əhatə edəcək. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları davam etdiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Qeyd etmək yerinə düşər ki, güclü və məsuliyyətli dövlət olan Azərbaycan 11 min kvadratkilometri əhatə edən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına müharibə başa çatdıqdan dərhal sonra başlayıb. Aradan az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd yerlərində məskunlaşdırılması da uğurla davam etdirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə bu yerlərdə çalışan mütəxəssislərlə və təhsil alan tələbələrlə birlikdə təxminən 90 min insan yaşayır. Bu, doğma Qarabağımızın dirçəlməsi deməkdir. Azad ərazilər dünyanın cənnət guşəsinə çevrilməkdədir.

Rəqəmsal transformasiyanın və süni intellektin inkişafı

Hər dövrün inkişaf səviyyəsinə uyğun olaraq qarşıya yeni çağırışlar çıxır. Dördüncü sənaye inqilabı bütün dünyanı rəqəmsal transformasiyalarla üz-üzə qoyub. Azərbaycan da özünün inkişaf strategiyasında bu mühüm məqamı nəzərə alır. “Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Müasir dövlət kimi inkişaf edən Azərbaycan indiki dövrdə yaranan yeni çağrışarı və ölkəmizin reallıqlarını nəzərə almaqla rəqəmsal idarəçilik modelinə keçidi özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Effektiv keçidi təmin etmək məqsədilə institusional və hüquqi bazanın yaradılması istiqamətində müəyyən yol keçilib və ilk nəticələr əldə olunub. Cari ilin yanvar ayında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib. Fevral ayında dövlətimizin başçısının sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası çevik fəaliyyət göstərir. İyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda önəmli müzakirələr aparılıb, Birinci vitse-prezident müvafiq qurumlara öz tapşırıqlarını verib.

Beləliklə, ölkədə rəqəmsal idarəçilik modelinə keçidlə bağlı dövlətin siyasi iradəsi ortadadır. Buna uyğun olaraq ölkə miqyasında rəqəmsal idarəçilik modelinə keçidin, mərkəzi və yerli icra strukturlarında fəaliyyətlərin elektron platformalar üzərindən həyata keçirilməsinin əhatə dairəsi getdikcə genişlənir. Fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Artıq rəqəmsallaşma istiqamətində 40 dövlət qurumu ilə Yol xəritələri hazırlanıb. Dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlər davam etdirilir. “Mygov” platformasının xidmət dairəsi genişlənir.  Bu platformada son üç ayda istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb.

Həmçinin ayrı-ayrı mərkəzi icra strukturlarında və onların yerli bölmələrində xidmətlərin elektron qaydada təqdim olunması genişlənir. Artıq yeni əsasnaməyə uyğun olaraq praktiki müstəvidə fəaliyyətlər həyata keçirilir. Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət maliyyəsinin idarə edilməsi sahəsində səmərəliliyin və şəffaflığın artırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi, büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin həyata keçirilməsi məqsədilə istifadəyə verilən “e-müqavilə” altsistemində cari ilin birinci yarısı üzrə yüksək istifadəçi aktivliyi qeydə alınıb.

Belə ki, hesabat dövrü ərzində 872 satınalan təşkilat sistemdə qeydiyyatdan keçib, 1487 təchizatçı isə platformaya uğurla qoşulub. İstifadəçilər tərəfindən sistemdə imzalanmış müqavilələrin 45,43 faizi xidmətlərin göstərilməsi, 40,2 faizi malların satınalınması, 14,37 faizi isə işlərin görülməsi ilə bağlı olub. Ümumilikdə, qeyd olunan dövr ərzində “e-müqavilə” altsistemi vasitəsilə ümumi məbləği 1 milyard manatdan çox olan 2414 müqavilə bağlanıb.

Bir nömrəli prioritet - təhlükəsizlik və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi

Prezident İlham Əliyevin bildirdiyi kimi, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq. İndiyədək ölkəmizdə bu sahədə böyük işlər görülüb və reallaşdırılan layihələr sayəsində respublikamızın enerji müstəqilliyi tam təmin olunub. Hazırda Azərbaycan yerli istehsal hesabına həm daxili tələbatı ödəyir, həm də müəyyən həcmlərdə elektrik enerjisini xarici bazarlara ixrac edir.

Həmçinin artan tələbat nəzərə alınmaqla yeni layihələrin icrası da gündəmdədir. O cümlədən Azərbaycan özünün zəngin potensialına əsaslanmaqla enerji transformasiyasını da uğurla təmin edir və bu sahədə iddialı hədəflər müəyyənləşdirilib. Qeyd edək ki, respublikamızın bərpaolunan enerji sahəsində çox böyük potensialı var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı qlobal gündəliyimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Dünyada getdikcə artmaqda olan geosiyasi gərginliklər şəraitində milli dövlətlər üçün yaranan əsas çağırış təhlükəsizliklə bağlıdır. Hazırda beynəlxalq münasibətlər sisteminin, hüquq qaydalarının pozulması ciddi narahatlıq doğurur. Yeni dünya nizamı formalaşmaqdadır və təəssüf ki, biz burada güc amilinin önə çıxdığını müşahidə edirik. Yeni strateji mərhələdə Azərbaycanın gündəliyində dünyada izlənilən bu kimi proseslər mütləq qaydada nəzərə alınıb. “Mövcud şəraitdə isə yəqin ki, bir nömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Çünki təhlükəsizlik məsələləri və təhdidlər bizim region üçün kitablardan oxuduğumuz anlayışlar deyil - biz bu reallıqla hər gün üz-üzəyik.

Beləliklə, gündəliyimiz kifayət qədər genişdir. Bunu bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, əsas məqsədimiz müdafiə potensialımızı gücləndirmək, milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31