Böyük coğrafiyada böyük iqtisadi güc
15.02.2025 [12:35]
Türk dünyasının ticarət və investisiya imkanları artır
XXI əsrin türk əsri kimi səciyyələndirilməsi özünü doğruldur. Hazırda dünyanın bu və ya digər bölgəsində kəskin ziddiyyətlər yaşandığı halda, geniş əraziləri əhatə edən türk coğrafiyasında güclü intibah və inteqrasiya prosesinin şahidi oluruq.
Öz növbəsində türk dünyasını bütün türkdilli xalqları əsas ailəsi sayan Azərbaycan soy-kök, tarixi ənənələr və milli-mənəvi dəyərlər baxımından bir-birinə çox yaxın olan ölkələr və xalqlar arasında inteqrasiyanın dərinləşməsinə davamlı töhfələr verir. İndiyədək respublikamızda Türk Dövlətləri Təşkilatının (TDT) bir sıra mühüm tədbirləri uğurla baş tutub. Bakıda “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirinin baş tutması da Azərbaycanın türk birliyinin möhkəmlənməsinə göstərdiyi son dərəcə həssas yanaşmasının daha bir ifadəsidir. Tədbirdə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq və investisiya imkanları ilə bağlı aktual müzakirələr aparılıb, bir sıra önəmli təkliflər səsləndirilib.
5 əsas istiqamət üzrə inkişaf perspektivləri
Dünyanın inkişaf perspektivlərində türk birliyinin yeri və rolu aydın görünür. Türk dünyası böyük coğrafiya, böyük mədəniyyət, artan əhali deməkdir. Burada, eyni zamanda, güclü iqtisadi potensial cəmləşib. Bakının ev sahibliyi etdiyi tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev bu barədə müfəssəl məlumatları təqdim edib. TDT-nin Baş katibi xatırladıb ki, türk dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadratkilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır. Türk dövlətlərinin ümumi ÜDM-i 4,3 trilyon ABŞ dollarından çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır. Baş katib türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb: “Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarətin həcmi hazırda ümumi ixracın cəmi 7 faizini təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir”.
İndiki geosiyasi reallıqlar fonunda türkdilli ölkələrin coğrafi yerləşməsi tranzit daşımaları üçün optimal nəqliyyat-logistika imkanlarının təqdim edilməsi baxımından müstəsna önəm daşıyır. Bu gün türkdilli dövlətləri birləşdirən Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu qismində çıxış edir. Bu dəhliz, Şimal Dəhlizindən 2 000 kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır. K. Ömüraliyev Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsinin Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacağını və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracağını vurğulayıb.
Onun sözlərinə görə, TDT-nin 11-ci Zirvə Toplantısında Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) imzalanıb və hazırda ratifikasiya prosesindədir. Fikirlərinə davam edən Baş katib vurğulayıb: “Bu saziş, TDT üzvləri arasında rəqəmsal əməliyyatlara etimadı artıracaq. Xidmətlər və investisiyalar sahəsində azad ticarət sazişinin yekunlaşdırılması da əsas prioritetlərdəndir. Bu addım üzv ölkələr arasında ticarət dövriyyəsini və investisiya imkanlarını artıracaq”.
Tədbirdə Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyevin bildirdiyi kimi, türk dünyasında iqtisadi əməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir. Bunlar aşağıdakılardır:
-Tticarət və investisiya üçün maneələrin aradan qaldırılması,
-Nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi,
-Regional təchizat zəncirlərinin genişləndirilməsi,
-İnnovasiya və rəqəmsal transformasiyanın təşviqi,
-Maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafı.
2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin istehsal etdiyi ümumi daxili məhsulun məcmu dəyəri 900 milyard ABŞ dollarından çox olub ki, bu da qlobal ÜDM-in 1,7 faizi deməkdir. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eyni zamanda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayevin sözlərinə görə, ötən il türk dövlətlərinin ümumi iqtisadi artımı 6 faiz olub ki, bu da qlobal iqtisadi artımı (Dünya Bankı bu göstəricinin 2,7 faiz olduğunu ehtimal edir) təxminən 2 dəfə üstələyib: “Bu rəqəmlər türk dövlətlərinin davamlı gücləndiyini əyani surətdə sübut edir”, - deyə M.Musayev bildirib.
İqtisadi inteqrasiya yolunda mühüm addım
Türk İnvestisiya Fondunun əsas məqsədi türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməkdir. Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü çərçivəsində imzalanıb. Azərbaycan Prezidentinin 30 may 2023-cü il tarixində imzaladığı qanunla sözügedən Saziş təsdiq edilib. Fond 2024-cü ildən tam fəaliyyətə başlayıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanı iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edir. TİF-nun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 faiz artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb. Artım Macarıstanın Fonda qoşulması nəticəsində baş verib.
M.Musayev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır.
Yerli iş adamları üçün yaranan fürsətlər
Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB-ların maliyyələşdirilməsi ilə bağlı təklifləri də nəzərə alınıb. Bu barədə tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, KOB-larla bağlı layihələrin maliyyələşdirməsi onların inkişafına dəstək olmaqla yanaşı, Fondun məqsədlərinə də töhfə verə bilər: “Fond KOB-larla bağlı layihələri maliyyələşdirməyi hədəfləyir. Bu istiqamətdə yerli sahibkarlara Fondun investisiyalarının cəlb edilməsini asanlaşdırmaq üçün birgə KOB maliyyələşdirmə proqramının yaradılması nəzərdən keçirilə bilər”.
O. Məmmədov bildirib ki, TİF nəqliyyat və logistika zəncirinin genişləndirilməsini də dəstəklədiyindən, KOB-ların regional təchizat zəncirinə inteqrasiyasını təşviq etmək məqsədilə KOB İxrac Akseleratorunun yaradılmasına dəstək verilə bilər. O hesab edir ki, ilkin mərhələdə bu platformanın rəqəmsal formatda fəaliyyət göstərməsi planlaşdırıla bilər.
“Yaşıl maliyyələşdirmə”yə toxunan KOBİA sədri vurğulayıb ki, COP29 çərçivəsində elan edilmiş “KOB-ların Yaşıl Keçidi üzrə Bakı İqlim Koalisiyası” çərçivəsində KOB-ların “yaşıl maliyyələşdirilmə”si mexanizmlərinin yaradılması və iqlim yönümlü layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur. “KOBİA ESG prinsiplərinin tətbiqini fəal şəkildə dəstəkləyir və bu məqsədlə ESGHUB platforması yaradılıb”, - deyə O. Məmmədov vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

