Fədakar alim...
25.05.2024 [11:30]
Vəli Xuluflunun anadan olmasından 130 il ötür
Yeganə BAYRAMOVA
Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanları Azərbaycan üçün sözün həqiqi mənasında itkidir. 1937-ci il qurbanlarının ömür yolunu səhifə-səhifə vərəqlədikcə, tarixin daş yaddaşları arasından gələn fəryad səsləri insanı dəhşətə gətirir. Həmin fəryad edənlərdən biri də folklorçu alim, tarixçi, ölkədə yeni əlifbanın fəal tərəfdarı, Yeni Əlifba Komitəsinin üzvlərindən biri Vəli Xulufludur.
Əgər Stalin rejimi yüksək mədəniyyətə və intellektə sahib günahsız bu insanı məhv etməsəydi, Xuluflunun ömrünə hələ neçə-neçə dəyərli və mənalı uğurlu səhifələr yazılacaq, kitablarına yeni kitablar əlavə olunacaqdı. O, hələ nə qədər xalq incisi toplayacaq, onlarla tədqiqat əsərinin altında “Vəli Xuluflu” imzası qoyulacaqdı. Amma Xuluflunun elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl vardı: “Sən saydığını say, gör fələk nə sayır...”.
Sabah bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan alimin anadan olduğu gündür. O, 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. İbtidai təhsilini mollaxanada alan Vəli sonra “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub və 1913-cü ildən həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib, müəllimlik edib.
O, 1922-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur. Universitetin son kurslarında oxuduğu vaxtlarda da tələbə-tədqiqatçı kimi Azərbaycan folklor örnəklərinin toplanmasına və nəşrinə çalışırdı. Şəmkir, Tovuz, Gədəbəy, Qazax rayonlarına gedir, axtarışlar aparır, materiallar toplayıb 1926-cı ildə “Azərbaycan xalq ədəbiyyatından materiallar” seriyasından “El aşıqları”kitabını çap etdirir. Alim 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə irəli çəkilir. Az sonra institutun bazasında yaradılmış Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilir.
V.Xuluflu “Folklor xalqın qan yaddaşıdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişlə gələcək arasında varisliyi qoruyub saxlamaq lazımdır”-deyirdi. O, məsul vəzifələrdə işləyərkən gənc nəslin milli ruhda tərbiyə olunması, milli varlığımızın qorunub-saxlanılması üçün çox iş görüb. 1920-1930-cu illərdə latın qrafikalı əlifbaya keçidin tərəfdarı və fəal təbliğatçısı olub. Hətta bu barədə 1925-ci ildə “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitab da nəşr etdirib.
Təəssüf ki, 1937-ci ilin bolşevik rejimi onlarla, yüzlərlə Azərbaycan ziyalısı kimi Vəli Xuluflunun da həyatına vaxtsız son qoyub. NKVD müstəntiqlərinin o zaman ən böyük “maddi sübut”larından biri onun topladığı “Tapmacalar”da: “Hamını bəzər, özü lüt gəzər” deyimi olub. Bu tapmacada sətiraltı məna axtaran müstəntiq deyirdi: “Siz bununla düşmənin dəyirmanına su tökürsünüz, demək istəyirsiniz ki, şura hökuməti hamını bəzəyir, amma millət acından ölür...”.
Azərbaycanlı alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti Kremlin də diqqətindən yayınmırdı. Türk xalqlarının ortaq latın əlifbasına keçməsini qısqanclıqla qarşılayan Moskva bu ideyaya, bu təşəbbüsə çox mənfi münasibət bəsləyirdi. Rejim vətənpərvər alimi hay-küysüz həbs etmək üçün bəhanə axtarırdı. Amma ortada tutarlı fakt yox idi. Lakin Stalin milyonlarla insanın ölümünə səbəb olan repressiya maşınını işə salanda Vəli Xuluflu da əksinqilabçı və millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də gecə həbs edilir. Həmin il oktyabrın 13-də güllələnən Vəli Xuluflunun işinə 1956-cı il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası yenidən baxıb, fəaliyyətində cinayət tərkibi olmadığına görə ona bəraət verib.
Alimin yaşadığı dövr tarixin ən ağır zamanlarından biri olmasına baxmayaraq, həmişə təhsilini davam etdirərək elmi biliklər qazanmaqdan əl çəkməmişdi. O, qazandığı bilikləri kitablara köçürərək bu gün bizlərə həmin əsərləri ən əziz xatirə kimi miras qoyub. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Vəli Xuluflu irsinə daha tez-tez müraciət edilir, xatirəsi əziz tutulur. Bakının ən yaraşıqlı küçələrindən birinə Vəli Xuluflunun adı verilib. Gəncədə adına küçə və park var, anadan olduğu Şəmkir rayonunda orta məktəb, Mədəniyyət evi və bir küçə Vəli Xuluflunun adını daşıyır.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33

