Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qeyri-real motivlərlə “dinləmə” hazırlığı...

Qeyri-real motivlərlə “dinləmə” hazırlığı...

17.09.2024 [09:25]

ABŞ Konqresindən növbəti ermənipərəst addım

Erməni lobbisi antiterror əməliyyatlarının birinci ildönümünü hədəfə alır

Xaricdəki erməni lobbisinin nəzarətində və təsir dairəsində olan bəzi “qurumlar” Azərbaycana qarşı həyata keçirilən haqsız kampaniyaları daha da intensivləşdirib. Xüsusilə, 2023-cü il antiterror tədbirlərindən sonra ermənilərin dinc şəkildə və öz arzuları ilə Qarabağı tərk etməsi faktının ermənipərəst mərkəzlər tərəfindən təhrif olunmuş şəkildə təqdim olunmasının şahidi oluruq. ABŞ Konqresinin ayrı-ayrı strukturları bu istiqamətdə daha çox canfəşanlıq göstərirlər. Məsələn, Amerika Erməniləri Milli Komitəsi (ANCA) ilə yaxın əlaqələri olan ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin yeni sədri Ben Kardin “Dağlıq Qarabağ qaçqınlarının hüquqlarının müdafiəsi” adı altında təbliğatla məşğuldur. O, da öz sələfi Bob Menendezin yolunu davam etdirərək erməni maraqları əsasında real faktları təhrif edir, həqiqətlərdən uzaq fikirlər səsləndirir.

Xorun yeni “solisti”...

Ermənipərəst “xor”un bu dəfəki “solisti” isə Azərbacan ictimaiyyətinə yaxından tanışdır - xarici KİV-in yazdığına görə, sentyabrın 19-da ABŞ Konqresinin İnsan Haqları Komitəsi “Azərbaycanın “Dağlıq Qarabağ”da (belə bir inzibati ərazi vahidi yoxdur - red) apardığı etnik təmizləmə və “Dağlıq Qarabağ” ermənilərinə qarşı insan haqlarının pozulması” adlı haqsız, qeyri-hüquqi və qondarma “dinləmələr” keçirmək niyyətindədir. “Tədbir təşkilatçıları xatırladırlar ki, Azərbaycan hökuməti 2023-cü ilin sentyabrında “Dağlıq Qarabağ” üzərində tam nəzarəti bərqərar etmək üçün hərbi əməliyyata başladıqdan sonra anklavda etnik ermənilərin vəziyyəti kəskin şəkildə dəyişib. 2023-cü ilin sonunda onların demək olar ki, hamısı Ermənistana qaçıb. Dinləmələrdə açıq-aşkar “etnik təmizləmə” və bununla bağlı bir sıra məsələlər, o cümlədən hərbi əsirlərin (Azərbaycanda erməni hərbi əsiri yoxdur) və siyasi məhbusların statusu, “Dağlıq Qarabağ”dakı erməni mədəni obyektlərinin statusu və etnik ermənilərin “Dağlıq Qarabağ”a qayıtmaq hüququ müzakirə olunacaq. Müzakirə iştirakçıları Konqresə təkliflər təqdim edəcəklər”.

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur...

Əslində məsələyə bənd-bənd nəzər saldıqda məlum olur ki, həm ermənilər, həm də onları dəstəkləyən qruplar bu kimi hüquqdan kənar ifadələr işlətməklə öz arzularını “siyasi reallıq” kimi qələmə verməyə çalışırlar. İlk olaraq seçilən ada nəzər salaq - bütün dünya, o cümlədən, ABŞ Konqresinin üzvləri dəqiq bilirlər ki, dünyada “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ iqtisadi rayonu var - həmin regionda ötən il həyata keçirilən antiterror tədbirlərində isə dinc sakinlərə hər hansı bir zərər vurulmayıb. Həmin tədbirlərdə separatçı xuntanın legitim hərbi nöqtələri hədəfə alınıb. O ki qaldı, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin öz xoşları ilə Ermənistana getməsinə, burada da hansısa bir insan hüquqlarının pozuntusu faktından danışmaq belə mümkün deyil - həmin dövrü özündə əks etdirən çoxsaylı videoçəkilişlər mövcuddur (hətta beynəlxalq KİV-lərin çəkdikləri). Həmin çəkilişlərdə ermənilər özləri könüllü şəkildə Azərbaycan ərazilərinə tərk etmək istəklərini dilə gətirirlər.

Bəs görəsən, ABŞ Konqresinin İnsan Hüquqları Komitəsi ötən 30 ildə hüququ pozulmuş, ev-eşiyindən didərgin salınmış, soyqırıma məruz qalmış Azərbaycan vətəndaşlarının hüquqlarını niyə qorumağı ağıllarına gətirmirdilər? Axı, ortada BMT TŞ-nın 4 məlum qətnaməsi vardı və bu qətnamələr ermənilərin işğalçı olduğunu tam şəkildə sübuta yetirirdi. Həmin vaxt amerikalı konqresmenlər qış yuxusuna getmişdilərmi?

Məqsəd beynəlxalq ictimai rəyi manipulyasiya etməkdir

Beləliklə, qondarma “dinləmə”yə seçilən adın hədəfi ilk növbədə olmayan “Dağlıq Qarabağ” adını və ermənilərin Azərbaycanı “zorla tərk etməsi” kimi yanlış fikri beynəlxalq ictimai rəyə sırımaqdır. 30 ilə yaxın Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi kimi iştirak edən bir ölkənin konqresmenlərinin bilməyərəkdən ölkəmizin suveren ərazisinin adını təhrif etməsini düşünmək sadəlövhlük olardı - demək ki, əksəriyyətinin ANCA ilə yaxın təması olan bu “konqresmenlər” erməni arzusunun müti qullarıdır.

“Hərbi əsir” yalanı...

İkinci bir tərəfdən, qondarma “dinləmədə” olmayan hərbi əsirlər haqda “müzakirələr” də nəzərdə tutulur. Amma dəqiq araşdırılsa, Azərbaycanda bir nəfər də olsun hərbi əsirin olmadığını görmək mümkündür - əgər, onlar “hərbi əsir” deyə seperatçı rejimin cinayətkar dəstə başçılarını nəzərdə tuturlarsa, burada məsələ dəyişir. Aylardır ki, həmin şəxsləri bu və ya digər şəkildə törətdikləri cinayətlərin  məsuliyyətindən xilas etməyə çalışan ermənipərəst mərkəzlər bu dəfə ABŞ Konqresinin “xidmətindən” yararlanmaq istəyir. Amma bu, boşunadır - qanunun tələbi nədirsə, o da olmalıdır. Axı, ABŞ-da da cinayətkarlar milli mənsubiyyətlərinə görə törətdikləri cinayətlərin məsuliyyətindən yayına bilmirlər.

Və ən əsası seçilən tarixin məhz antiterror tədbirlərinin birinci ildönümünə düşməsi də təsadüfi sayıla bilməz. Bu bir daha onu göstərir ki, Konqres bu “dinləmə”ni məhz erməni lobbisinin təhriki ilə keçirir.

Komitə sədri Kris Smit  - bəlli ermənipərəst sima...

Tədbiri keçirən qurumun - ABŞ Konqresinin İnsan Haqları Komitəsinin rəhbəri də Azərbaycan cəmiyyətinə yaxından tanışdır. ABŞ-ın Nyu-Cersi dördüncü dairəsinin konqresmeni Kris Smit hər zaman ölkəmizə qarşı kampaniyaları, eləcə də ermənipərəst mövqeyi ilə seçilir. Smitin ABŞ Konqresində qondarma “erməni soyqırımı” məsələsinin “atəşli” tərəfdarlarından olması da özlüyündə bir sıra qaranlıqların üzərinə işıq salır. Nəzərə alsaq ki, Nyu-Cersi ştatı etnik ermənilərin sayca çox olduğu dördüncü ABŞ ştatıdır, belə olan halda həmin konqresmenin heç də öz ölkəsinin dövlət maraqlarını deyil, erməni lobbisinin sifarişlərini yerinə yetirməsi faktı üzə çıxır. Yeri gəlmişkən, ermənipərəst konqresmen kimi “şöhrət” qazanan Kristofer Smit Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən şəxsdir.

Bir tərəfdə sülhdən danışır, digər tərəfdə...

ABŞ-ın bir tərəfdə sülhdən danışması, digər tərəfdə isə bu kimi separatizmi dəstəkləyən addımlara rəvac verilməsi birmənalı qarşılana bilməz. Bir müddət öncə, ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı sülhdən danışmışdı - söhbətin təfərrüatı ilə bağlı açıqlamasında Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir”.

Maraqlıdır ki, dövlət katibi sülhdən danışır, Konqres isə sülhü hədəfə alan, reallıqları təhrif edən motivlə dinləmə keçirir. Bu kimi təzad bir daha onu göstərir ki, Qərb özünün fərqli maraqları üçün fərqli standartlar yürütməkdən bezmir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30