Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qeyri-neft sektorunun artması ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür

Qeyri-neft sektorunun artması ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür

06.08.2013 [08:33]

Azərbaycan hökuməti növbəti 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmağı düşünür
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Təbii ki, ümumi iqtisadi göstəricilər arasında qeyri-neft sektorunun payı da artmaqdadır. Qeyd edək ki, ölkəmizdə neft və qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son 2 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Statistik göstəricilərə görə, 2013-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 5,0 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb. ÜDM-in 63,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48,6 faizi sənayedə, 10,9 faizi inşaat kompleksində, 4,4 faizi kənd təsərrüfatında yaradılıb. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 10,9 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 16,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz artdığı halda, neft sektorunda 0,3 faiz azalıb.
Göründüyü kimi, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. Hazırda Azərbaycanda da iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Əlavə edək ki, müstəqilliyin ilkin dövrlərində Azərbaycan iqtisadiyyatında neft sektorundan fərqli olaraq qeyri-neft sektorunda istehsalın real artımı zəif inkişaf etməkdə idi. Bu, xüsusilə neft sektoru ilə müqayisədə həmin sektora daha az xarici investisiyaların cəlb olunması və bu sektorun məhsullarına qarşı xarici tələbin zəif olması ilə əlaqədar olub. Lakin neftdən əldə edilən gəlirlərin qeyri-neft sahəsinə yatırılması və konkret islahatların aparılması nəticəsində sözügedən sahə inkişaf etdi. Məsələn, 2009-cu il ərzində ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş 7358,7 milyon manatlıq investisiyanın 5374,1 milyon manatı (73,0 faizi) qeyri-neft sektorunun payına düşüb. Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son 5 ildə kəskin azalıb. 2011-ci ildə ümumi investisiyaların cəmi 23,2 faizi neft sektoruna yatırılıb. Halbuki 2006-cı ildə ümumi investisiyaların yarıdan çoxu - 57,1 faizi neft sektorunun payına düşüb. Qeyd edək ki, 2011-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi rekord həddə - 20 milyard dollara çatıb ki, bunlardan 13 milyard dollar daxili, 7 milyard dollar isə xarici investisiyalardır. Bu məbləğdən 15,7 milyard dollar iqtisadiyyatın qeyri-neft sektorunun payına, 4,3 milyard dollar isə neft sektorunun payına düşüb. Cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub ki, bunun böyük hissəsi - təqribən 7 milyard daxili, 5 milyardı isə xarici sərmayələrdir.
Sözsüz ki, Azərbaycan iqtisadiyyatında inkişaf göstəriciləri arasında sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, respublikanın müxtəlif bölgələrində, Bakıda sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Yeri gəlmişkən bildirək ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. 2013-cü ilin birinci yarısında aqrar bölmədə müşahidə olunan artım 5 faiz təşkil edib. Aqrar sahənin inkişafı isə mühüm olan ərzaq təhlükəsizliyinin təminatının qarantı kimi çıxış edir. Ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı rəqabət qabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Qarşıda duran vəzifələrdən biri isə rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqdır. Məsələn, Azərbaycan son 4 ildə marqarin ixracını 54 faiz artırıb. Həmin məhsulun ixracından əldə etdiyi gəlirin həcminə görə Azərbaycan MDB məkanında yalnız Ukrayna və Rusiyadan geri qalır.
Beləliklə, deyilənlər bir daha onu göstərir ki, gələcəkdə Azərbaycanda ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 2 dəfəyədək artırılması üçün münbit şərait yaranıb. İyulun 18-də keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev də bu məsələyə toxunub: “Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir”.
Artıq yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyası ölkədə iqtisadiyyatın şaxələndirilməsinə imkan yaradıb və qeyri-enerji sektorunun gəlir gətirəbiləcək sahəyə çevrilməsində əhəmiyyətli rol oynayıb. Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. Məsələn, ölkəmizdə əsas kapitala yatırılan ümumi investisiyalarda neft sektorunun payı son 5 ildə kəskin azalıb.
Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. Xüsusilə son bir neçə il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi inkişaf templərinin azalması, işsizliyin artması kimi xarakterizə olunsa da, müqayisədə həmin müddəti Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi xarakterizə etmək olar. Bir sözlə, Azərbaycanda makroiqtisadi riskləri tam neytrallaşdıra biləcək səviyyəyədə strateji valyuta ehtiyatları var.
SEVİNC

Paylaş:
Baxılıb: 1340 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31