Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda əmək haqlarının artım dinamikası yüksəkdir

Azərbaycanda əmək haqlarının artım dinamikası yüksəkdir

23.08.2013 [09:18]

Düşünülmüş sosial-iqtisadi siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur
Məlum olduğu kimi, avqust ayının 20-i və 21-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Buraya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilər daxildir. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Beləliklə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, ümumilikdə, ölkədə pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq.
ÖLKƏNİN MALİYYƏ RESURSLARI GENİŞDİR
Bu gün milli iqtisadiyyatımız modern sosial-iqtisadi və fiziki infrastruktura, yüksək məşğulluq səviyyəsinə və rəqabət imkanlarına malikdir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, valyuta ehtiyatlarını yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2013-cü ilin birinci yarısında ölkədə iqtisadi artım davam edib, qeyri-neft sektorunun artım dinamikası daha da sürətlənib, dövlətin sosial-iqtisadi inkişafa və infrastruktura göstərdiyi fəal dəstək iqtisadi artıma mühüm töhfə verib. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyib. Belə ki, 2013-cü ilin 6 ayında ölkənin strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları və ya 3,5 faiz artaraq 47,7 milyard ABŞ dollarına bərabər olub ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. Milli Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 8,8 faiz artaraq 12,7 milyard ABŞ dollarına çatıb.
Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü “makroiqtisadi bufer” formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin xalis beynəlxalq investisiya mövqeyi əlverişlidir.
İnflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin və dayanıqlığının qorunması kimi hədəflərin həyata keçirilməsinə yönələn tədbirlərin nəticəsi olaraq orta illik inflyasiya cəmi 2 faiz təşkil edib və əhali gəlirlərinin real artımı üçün əlverişli zəmin yaradıb. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasında mühüm rol oynayıb. Bu isə öz növbəsində qeyri-neft iqtisadiyyatının və ixracının beynəlxalq rəqabət qabiliyyətinə müsbət təsir edib.
ƏHALİNİN GƏLİRLƏRİ DURMADAN ARTIR
Qeyd edək ki, 2013-cü ilin birinci yarısında əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz, real olaraq isə 5,1 faiz artıb. Adambaşına düşən pul gəlirləri nominal olaraq 5,7 faiz, real olaraq isə 3,7 faiz təşkil edib.
Cari ilin 6 ayında orta aylıq əməkhaqqının, iqtisadiyyatda məşğul əhalinin sayının və əhalinin istehlak kreditlərinin həcminin artması nəticəsində ümumi istehlakçı fəallığı yüksək olub. Əhalinin pul gəlirlərinin strukturunda son istehlak xərclərinin payı yüksək olaraq qalıb. İstehlak xərcləri isə ötən ilin müvafiq dövrünə nəzərən 14,6 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Ötən ilin müvafiq dövrünə nisbətən orta aylıq əməkhaqqı nominal olaraq 6,8 faiz, real olaraq 4,8 faiz artaraq 408,8 manata çatıb. Əməkhaqqı ötən ilin müvafiq dövrünə nəzərən neft sektorunda 8,7 faiz, qeyri-neft sektorunda 7,1 faiz, dövlət bölməsində 1,8 faiz, özəl bölmədə 11 faiz artıb.
2013-cü ilin birinci yarısında Azərbaycanda sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 5,1 faiz artaraq 178,8 min nəfər təşkil edib. Həmçinin, onların orta aylıq əməkhaqqı 8 faiz artaraq 638,7 manat olub. Əmək haqlarının daha çox artımı emal sahəsinin, elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, nəqliyyat vasitələrinin, tikinti materiallarının, mebel, geyim, qida məhsullarının, içki, kağız və karton, ağac emalı və ağacdan məmulatların, musiqi, idman və tibb avadanlıqlarının, rezin və plastmas məmulatların və neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub. Eyni zamanda, qeyri-dövlət sənaye bölməsində işçilərin orta aylıq əməkhaqqı 6,6 faiz artaraq 750,1 manat təşkil edib.
Əmək haqları ilə yanaşı, əhalinin ümumi gəlirləri də artır. Belə ki, 2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatıb. Vəsaitin adambaşına düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.
Göründüyü kimi, əhalinin gəlirləri mütəmadi olaraq artır və son 10 ildə yoxsulluğun 49 faizdən 6 faizə enməsi də insanların maddi rifah halının yüksəlməsindən xəbər verir.
İQTİSADİYYATA YÖNƏLƏN DÜŞÜNÜLMÜŞ XƏRCLƏR ÜMUMİ RİFAHI ARTIRIR
Qeyd edək ki, əhalinin yaşayış səviyyəsinin artmasına gəlirlər və maaşlar birbaşa, iqtisadiyyatın ümumi inkişafı isə dolayı yolla təsir göstərir. Bu səbəbdən də, dövlətin gəlirləri düzgün idarə etməsi, iqtisadiyyatın müxtəlif sahələrinə ayrılan xərclərin səmərəliliyi mühüm önəm daşıyır. 2013-cü ilin birinci yarısında hökumətin istehlak xərcləri başlıca olaraq dövlət büdcəsindən mal və xidmətlərə xərclər hesabına formalaşıb. Cari ilin yanvar-may aylarında büdcə xərclərinin 44,9 faizi iqtisadiyyatın inkişafına, 10,3 faizi sosialyönümlü xərclərə, 9,2 faizi isə təhsilə və səhiyyəyə yönəldilib.
Bu ilin 6 ayında iqtisadiyyata ümumi investisiya qoyuluşu 22,9 faiz artaraq 7,4 milyard manat təşkil edib ki, bu da ÜDM-in 27 faizinə bərabərdir. O cümlədən, qeyri-neft sektoruna investisiyalar 19,5 faiz artıb və onun ümumi investisiya qoyuluşlarında xüsusi çəkisi 69,4 faiz təşkil edib. İnvestisiya qoyuluşları tikintidə 24,3 faiz, nəqliyyatda 30,6 faiz, qeyri-neft sənayesində 82,8 faiz və təhsildə 28 faiz artıb.
Hazırda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir və ölkəmizdə xarici təsirlərə dayanıqlı iqtisadiyyat formalaşmaqdadır. Ümumiyyətlə, son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Cari ilin ilk yarım ilində ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin statsitikasına gəlincə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı 5 faiz, yaxud 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb.
Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya isə ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artıb.
AZƏRBAYCAN SOSİAL-İQTİSADİ NAİLİYYƏTLƏRİ İLƏ BİR SIRA ÖLKƏLƏRİ QABAQLAYIR
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib. Mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Təsadüfi deyil ki, son illər ərzində bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Əksinə, əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib.
Dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin təqribən 30 faiz olması hökumətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, 2013-cü ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosialtəyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub. Respublika üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalmasıdır. Müqayisə üçün qeyd edək ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi artsa da, Ermənistan və Gürcüstanda bu göstərici azalıb. Azərbaycan orta aylıq maaşın həcminə görə MDB ölkələri arasında ilk yerlərdə təmsil olunur.
Vurğulamaq yerinə düşər ki, 2011-ci il 15 noyabr tarixdə imzalanmış “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” bir sıra strateji məqsədləri özündə ehtiva edir. Makroiqtisadi sabitliyin və qeyri-neft sektorunun tarazlı inkişafının təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi məsələləri dövlət proqramında dəqiqliklə əksini tapıb. Bu tədbirlər nəticəsində 2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4 faiz həddinədək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur.
Əlavə edək ki, Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Hesabata görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Həmçinin, cari ilin aprelində Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanan “AB ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi” adlı hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz), bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə Azərbaycanda məşğulluğun səviyyəsi 18 faiz artıb ki, Azərbaycan bu, göstəriciyə görə MDB ölkələri sırasında da ön sıralardadır. Təsadüfi deyil ki, son illərdə ölkəyə gələn xarici əmək miqrantlarının sayında artım müşahidə olunur.
Əlbəttə ki, sadalananlar Azərbaycanın uğurlu inkişafının göstəriciləridir. Mövcud sosial-iqtisadi siyasət davam etdirildiyi müddətdə ölkə əhalisinin sosial-maddi durumu da fasiləsiz olaraq artmaqda davam edəcək.
HÜLYA

Paylaş:
Baxılıb: 1299 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31