III Forum: Bakı multikulturalizmin nümunəsi
02.11.2013 [10:46]
Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi uğurlu siyasət nəticəsində qazandığı inama və etimada əsaslanır
Bakı beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib
Keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün möhkəmləndirir. Təkcə cari ildə ölkəmizdə keçirilən müxtəlif mövzularda tədbirlərin sayına diqqət yetirmək kifayətdir. Təbii ki, bu uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, qazandığı etimaddır.
Dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Ölkəmiz III Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməklə bir daha beynəlxalq əməkdaşlığın xarici siyasətin önündə dayanan əsas məsələ olduğunu təsdiqlədi. 70 ölkədən 800-ə yaxın nümayəndənin qatıldığı Forumun iştirakçıları arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. Forum çərçivəsində təşkil olunan dəyirmi masaların mövzularına diqqət yetirdikdə tədbirin mahiyyəti, əhəmiyyəti daha aydın şəkildə özünü büruzə verir. “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgürlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” və s. mövzuları əhatə edən dəyirmi masalarda aparılan diskussiyalar qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə öz töhfəsini verəcək. Forum iştirakçılarının çıxışlarında da bu fikir dəfələrlə qeyd olundu ki, ötən dövr ərzində Bakı gözəl şəhər olmuşdur. Bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının bariz nümunəsidir. Bu fikir Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin çıxışında xüsusi vurğulanmışdır ki, ən xoş olan budur ki, Azərbaycanın inkişafında insan amili mühüm yer tutur. Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşdırılması çox məmnunedici bir məsələdir. Məhz buna görə də Bakıda belə mötəbər tədbir keçirilir. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl- Tuveycri isə qeyd etmişdir ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə çalışır, tolerantlığın və dialoqun inkişafına böyük səylər göstərir. Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın digər beynəlxalq təşəbbüsləri kimi çox gözəl göstəricidir.
Məlum olduğu kimi, Forum 2010-cu ildə Rusiya-Azərbaycan Forumu kimi fəaliyyətə başlamışdır. Forumun ənənəvi olaraq keçirilməsi, təkcə Rusiya ilə Azərbaycan arasında deyil, həm də sözün geniş mənasında humanitar əməkdaşlığın ən aktual məsələlərinin müzakirə ediləcəyi nüfuzlu beynəlxalq məkana çevrilməsinin qarşıya mühüm məqsəd kimi qoyulduğu üçün formatın dəyişdiyi və Beynəlxalq Humanitar Forum kimi fəaliyyət göstərdiyi məlumdur. İştirakçıların sayında ilbəil nəzərə çarpan artım da tədbirin əhəmiyyətini təsdiqləyən əsas məqamlardan biridir. Qloballaşan dünyada belə tədbirlərin keçirilməsinin vacibliyi inkaredilməzdir.
Qeyd edək ki, ötən il keçirilən II Bakı Beynəlxalq Humanitar Forumda dünyanın 70 ölkəsini və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nümayəndə iştirak etmişdir. Beynəlxalq Humanitar Forum qloballaşmaqda olan dünyanın reallıqları nəzərə alınmaqla humanitar problemlərin, perspektivlərin və çağırışların müzakirə edilməsini nəzərdə tutur. Təbiət, iqtisad və humanitar elmləri, mədəni elitanı təmsil edən Forumun təşkilatçıları gələcəkdə beynəlxalq miqyasda nəzərə alınması üçün yeni humantar gündəliyin formalaşması məsələsini qarşıya qoymuşlar. Şərq və Qərb mədəniyyətlərinin, sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın belə tədbirlər üçün əsas məkan seçilməsi ölkəmizin artan qüdrətinin, iqtisadi və siyasi mövqeyinin göstəricisidir.
Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir
Forumdakı çıxışında dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının Bakının qonağı olduğunu xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev belə tədbirlərin ölkəmizdə keçirilməsinin təbii olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır. Sivilizasiyaların qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi vardır. Müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, mədəniyyət, incəsənət və elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və birləşmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində böyük praktikaya malik ölkələrin təcrübəsindən yararlanmaqdır.
Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsil sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyytlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. Dövlət başçısı İlham Əliyev Forumda bu məsələni xüsusi vurğuladı: “Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq... Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir”.
Bu kimi tədbirlərin əhəmiyyətini düzgün dəyərləndirmək üçün ölkəmizin keçdiyi yola qısaca nəzər salmağa zərurət duyulur. 1993-cü ildən, yəni Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün səciyyəvi xüsusiyyətlərindən biri məhz xalqlar, dövlətlər arasında dialoqun daha da genişləndirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsidir. Ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi yüksək qiymətləndirilir. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın mədəniyyətlər, sivilizasiyalarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik”.
Bu fakt inkaredilməzdir ki, bir dövləti dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli mənəvi dəyərləri, mədəniyyəti, elmi potensialıdır. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə malik xalqdır. Ölkə əhalisinin çoxmilli tərkibi də sərvətimiz, üstünlüyümüzdür. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı, möhtərəm cənab İlham Əliyevin “Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş niyyət və münasibətləri, dostluğu nəzərdə tuturuq” fikirləri də mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrin inkişafına böyük önəm verməsinin təsdiqidir.
Ölkəmizdə yaranan demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün bu qədər səylər göstərilsin. İllərin təcrübəsi göstərir ki, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir.
Forumdakı çıxışında dövlət başçısı cənab İlham Əliyev tədbirin gündəliyinin genişliyindən bəhs edərkən bir əsas məqamı xüsusi qeyd etdi ki, ən böyük maraq doğuran bölmə multikulturalizmlə bağlı olan məsələlərdir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.
Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, mövcud ənənələrə hörmətlə yanaşmalıdır. Bu əminlik də ifadə edilir ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcək: “Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəfini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək”.
Təbii ki, ölkəmizdə ənənəvi olaraq keçirən Beynəlxalq Humanitar Forum multikulturalizmin təsdiqi, onun təntənəsidir.
“Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır”.
Ölkəmizin bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atdığını bildirən dövlət başçısı İlham Əliyev diqqəti əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir işğal altındadır. Bu, böyük humanitar fəlakətdir. Bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, məcburi köçkün şəraitində yaşayır. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılmış və Ermənistanın işğalçı siyasəti Azərbaycana böyük zərbələr vurmuşdur.
Məlum olduğu kimi, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradılıb. Rəsmi Bakı bununla yanaşı digər təşkilatların da potensialından istifadə etmək istəyini ən yüksək tribunalardan bəyan edib. BMT Baş Assambleyasının iclaslarında, eyni zamanda NATO-nun sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu kimi önə çəkilib. Hətta demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası da 2005-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə də Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu faktlar əsasında qeyd olunur. Bildirilir ki, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidirlər. Bir məqamı da yada salaq ki, Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunanda münaqişənin sülh danışıqları əsasında həllinə dair öhdəlik götürüblər.
Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olduğunu, münaqişənin həlli üçün hüquqi bazanın mövcudluğunu da diqqətə çatdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların qərar və qətnamələri erməni işğalçılarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasını tələb edir. Rəsmi Bakı işğal olunmuş ərazilərimizdə süni məskunlaşma faktının aşkarlanması məqsədilə BMT qarşısında Faktaraşdırıcı Missiyanın yaradılması tələbini irəli sürəndə işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bunu ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina, eyni zamanda, müdaxilə kimi dəyərləndirməyə çalışdılar. Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, bu, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına müdaxilə kimi dəyərləndirilə bilməz. Azərbaycan dövləti məsələnin həllində bütün beynəlxalq təşkilatların imkanlarından istifadə etməkdə qərarlıdır.
2005-ci ildə yaradılan ATƏT-in Faktaraşdırıcı Missiyası iki dəfə işğal olunmuş ərazilərimizdə olublar. Bu fakt təsdiqlənib ki, həmin ərazilərdə süni məskunlaşma siyasəti həyata keçirilir, eyni zamanda, bu ərazilərdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Real faktlara əsaslanan bu kimi sənədlərin bu günə qədər kağız üzərində qalması narazılıq doğurmaya bilməz. Təbii ki, bu da dünyanın ikili siyasətindən qaynaqlanır. Beynəlxalq hüquq normalarına məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrasına səy göstərməyən işğalçı Ermənistana heç bir təzyiqin göstərilməməsi onun daha böyük iddialarla yaşamasına səbəb olur. Amma istər işğalçı dövlət, istərsə də ona havadarlıq edən ölkələr bir əsas məqamı unudurlar ki, tarix faktlara əsaslanır. Yalan təbliğat üzərində qurulan siyasət heç zaman uğur qazana bilməz. Nə zamanadək dünyanın ikili siyasəti mövcuddur, beynəlxalq hüququn norma və prinsipləri ayrı-ayrı ölkələrə müxtəlif şəkildə tətbiq olunur, bu halda ədalətli mövqedən danışmaq qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı bir daha diqqətə çatdırdı: “Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır”.
Elmin, təhsilin inkişafı, bilikli gənclərin yetişdirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək
Dövlət başçısı İlham Əliyev bildirir ki, ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir. Ona görə Azərbaycanda təhsilə, elmə qoyulan sərmayə öz nəticəsini verir və verəcək. Bir neçə il bundan əvvəl irəli sürülən, “qara qızıl”ı insan kapitalına çevirək” tezisi artıq bu gün reallıqdır. Minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Azərbaycanda təhsil sahəsində aparılan islahatların gələcəkdə daha yaxşı nəticələr verəcəyinə böyük əminlik ifadə olunur. Ölkəmizin bu üstünlüyü də hər zaman önə çəkilir ki, Azərbaycan təbii ehtiyatlarla zəngin olan ölkədir və bu ehtiyatlardan səmərəli şəkildə istifadə edilir. “Bizdə təbii resurslar sadəcə olaraq bir vasitə idi ki, ölkəmizin inkişafına təkan verilsin. Bundan sonra Azərbaycanın dayanıqlı inkişafı elmi-texniki tərəqqi, müasir texnologiyalar, azad, demokratik cəmiyyət üzərində qurulmalıdır. Ölkəmizdə bu istiqamətdə böyük addımlar atılır. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində çox ciddi islahatlar aparılmışdır. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır”.
Forumun mövzularından birinin iqtisadi inkişafın humanitar aspektləri olduğunu nəzərə alsaq ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinə diqqət yetirməyə zərurət duyulur. Keçirilən tədbirlər təbii ki, hər bir ölkənin malik olduğu iqtisadi, siyasi imkanların təqdimatında vasitə rolunu oynayır. Təbii ki, imkanların ortaya qoyulması yeni-yeni prioritetlərin, onların həlli istiqamətlərinin müəyyənləşdirilməsinə yol açır. 22 illik müstəqillik tarixinə malik olan Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurur. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlətimizin siyasətində əsas yer tutur. Reginal inkişaf proqramlarının qəbulu və uğurlu icrası böləgələrin malik olduğu resurslardan səmərəli istifadəyə əsaslanır. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi də qeyri-neft sektorunun inkişafına diqqətin bariz nümunəsidir. Aparılan islahatlar nəticəsində 10 ildə bir milyon 200 min yeni iş yeri açılıb. Hazırda işsizliyin səviyyəsi 4,8 faizdir. Yoxsulluğun səviyyəsi 5,5 faizdir. Keçirilən beynəlxalq tədbirlərdə, Forumlarda hazırkı dövrün əsas çağırışı olan yoxsulluqla mübarizə istiqamətində ölkəmizin atdığı addımlar yüksək dəyərləndirilərək bildirilir ki, ölkəmizin təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır.
Bu onu göstərir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. İqtisadiyyatın aynası olan büdcənin son 10 ildə 20 dəfədən çox artması böyük uğurdur. Büdcə artdıqca bu və ya digər sahələrə ayrılan vəsaitlərdə də artımlar müşahidə olunur. Əmək haqlarının, pensiyaların artırılması, azətəminatlı ailələrin Ünvanlı Sosial Yardım Proqramından yararlanması da dövlətin siyasətində vətəndaş amilinin öndə saxlanılmasından qaynaqlanır. Dövlət başçısı İlham Əliyev bildirir: “İqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Burada əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır. Çünki hər bir ölkənin inkişafı ilk növbədə insanların həyat tərzində özünü göstərməlidir və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, əlbəttə ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcəkdir. Azərbaycanın bu sahədə təcrübəsi vardır”.
Qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür
Forumda müzakirə olunan məsələlərdən biri də medianın əməkdaşlığın, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində roludur. Cəmiyyətin informasiya tələbatının öədnilməsində əsas funksiyanı öz üzərinə götürən mətbu orqanların bu gün daha çox sensasiyalara, terror aktlarına üstünlük verməsinə diqqət yönəldən dövlət başçısı İlham Əliyev bildirdi: “Medianı izləyərkən elə bir təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir. Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir. Burada əlbəttə ki, söhbət media nümayəndələrinin məsuliyyətindən gedir. Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək istəyiriksə, bütün imkanlardan istifadə etməliyik. Əlbəttə ki, dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır. Çünki belə olmasa, informasiya ancaq birtərəfli olacaqdır. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər və Azərbaycanda azad media mövcuddur. Burada heç bir müdaxilədən söhbət gedə bilməz”.
“Medianın məsuliyyəti getdikcə artacaqdır” söyləyən dövlət başçısı İlham Əliyev ölkə reallıqlarının təbliğində KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırdı. Mətbuat cəmiyyətin güzgüsüdür. Ölkədə və dünyada baş verən hadisələr obyektiv şəkildə, heç bir təhrifə yol verilmədən ictimaiyyətə çatdırılmalıdır. Dünya informasiya məkanına inteqrasiyanın sürətlənməsi təbii ki, ölkələr arasında əlaqələrin inkişafına da böyük töhfədir.
Dünya siyasətində etimad problemi yaşanır
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında səsləndirdiyi “Birgə səylər məqsədlərə nail olmaq üçün əsasdır” fikri təbii ki, faktlara əsaslanır. Cənab İlham Əliyevin bu fikrini Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasından öncə səsləndirdiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi də dəyərləndirilir. Bu gün Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla həyata keçirilməsində də birgə səylərin rolu inkaredilməzdir. Gündəmə gətirilən layihə dəstəyini qazanaraq, uğurlu icrası təmin olunur ki, bu da növbəti layihəyə stimul verir. Forumda cənab İlham Əliyev bu məqama da diqqəti yönəltdi: “Biz hesab edirik ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır. Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər... Hazırda dünya siyasətində etimad böhranı yaşanır... Etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında, səmimiyyət üzərində qurula bilər”.
Bu gün Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında qazandığı etimad əsas rol oynayır. Tarixə nəzər salaq. Müstəqilliyimizin ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi respublikamızla iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərin yaranmasına səbəb olurdu. Daim vurğulandığı kimi, Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Amma bu marağın ildən-ilə artmasını şərtləndirən əsas amil təbii ki, dövlətimizin düşünülmüş siyasəti və qazandığı uğurlardır. Müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa tərəddüd edən ölkələr, şirkətlər 1993-cü ildən, yəni Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əlaqələrin inkişafına daha çox maraq göstərməyə başladılar. Səbəb qoyacaqları investisiyaların təhlükəsizliyinin tam təmin olunması idi. Azərbaycanın “açıq qapı” siyasəti həyata keçirdiyini bəyan edən Ulu öndər Heydər Əliyev bildirirdi ki, ölkəmizin qapıları bura xoş niyyətlə ayaq basan investorların üzünə açıqdır. İş adamları qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin ola bilərlər. Ötən dövr ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayənin qoyluması da bu inam və etimaddan irəli gəlir. Azərbaycanın gələcəyinə böyük inam bəsləyən ölkələr əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına səy göstərirlər. Dövlət başçısı İlham Əliyev xarici iş adamlarına qeyri-neft sektoru sahəsində də mövcud durum barədə dolğun məlumatların çatdırılmasını qarşıya əsas vəzifə kimi qoyur. İlbəil ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində artımın müşahidə olunması mühüm uğurlarımızdandır.
Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə, hazırda quruma sədrlik etməklə dünyada özünə qarşı etimadın hansı səviyyədə olduğunu bir daha təsdiqlədi. Cari ildə ölkəmizdə keçirilən “ABŞ-Azərbaycan münasibətləri: Gələcəyə baxış” Forumunda səsləndirilən bu fikir də Azərbaycana etimadın yüksək səviyyədə olduğunu ortaya qoydu. Forum iştirakçıları bu fikri dönə-dönə qeyd etdilər ki, Azərbaycan ABŞ üçün dost ölkədən etibarlı tərəfdaşa doğru addımlayır.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, hər bir tədbir özəlliyi ilə diqqət çəkir. Belə forumlar aktual məsələlərin müzakirəsi, malik olunan təcrübələrin mübadiləsi, ümumi mövqenin ortaya qoyulması ilə yanaşı, ölkəmiz haqqında dolğun məlumatların əldə olunması baxımından da əhmiyyətlidir. Forumun gedişi zamanı istər ölkəmiz, istərsə də tədbirlə bağlı təəssüratlarını bölüşən qonaqların fikirləri də bunu təsdiqləyir. Bəziləri ilk dəfə, bəziləri isə dəfələrlə ölkəmizdə olduqlarını bildirsələr də ümumi fikir budur ki, Azərbaycan sürətlə inkişaf edir. Həyata keçirilən siyasətin uğurlu nəticəsi inkişafdır, tərəqqiddir. Bu fikir də vurğulandı ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın bu cür layihələri həyata keçirməkdə böyük təcrübəyə və potensiala malik olduğunu təsdiqləyir. Hər bir inkşafın əsasında iqtisadi tərəqqi dayanır. İqtisadi inkişafın daha da sürətləndirilməsi üçün hər dövrün çağırışlarına yüksək səviyyədə cavab vermək tələb olunur ki, Azərbaycan bu istiqamətdə nümunəvi ölkə kimi qeyd olunur. Elmi, mədəni, humanitar məsələlərin müzakirəsi üçün forumun yaxşı fürsət olduğunu qeyd edən qonaqlar dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliklərini bildirdilər. Müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin görüşü, milli təfəkkür və ideologiyalarının yaxınlaşması istiqamətində aparılan müzakirələr bilavasitə xalqlararası dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Belə təşəbbüsün reallaşması o deməkdir ki, bütün xalqların, bütün dinlərin bərabərliyi naminə daim yeritdiyi sülhsevər siyasətə sadiqliyini bildirən Azərbaycan doğrudan da milli və dini dözümlülüyün, tolerantlığın müdafiəsi siyasətinə sadiqdir. Azərbaycanda müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Eyni zamanda, Azərbaycan bütün dövrlərdə Qərb dünyasına çox yaxın olmaqla dünyəvi dövlət kimi tanınıb, böyük nüfuz qazanıb. Bu gün ətrafında müxtəlif rəylər səslənən multikulturalizmin Azərbaycan təcrübəsi müsbət nəticələrini verməkdədir. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə və təbliğ olunmağa layiqdir.
Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunda bildirilir ki, Rusiya və Azərbaycanın dövlət başçılarının himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumun gündəliyi getdikcə müxtəlif olsa da, onun birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ümumi cəhdləri dəyişməz qalır. Bu inam da ifadə olunur ki, Forumda yeni ideyalar və təşəbbüslər real işlərdə və layihələrdə öz praktiki təcəssümünü tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.
Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat Bakıya ikinci dəfə gəldiyini qeyd edərək, şəhərin gözəlliyinə heyran qaldığını bildirmişdir. Bu gözəlliyə səbəb kimi ölkəmizin iqtisadi inkişafı, insan amilinin dövlətin siyasətində əsas yer tutmasını qeyd etmişdir. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Forumun müxtəlif mədəniyyətlər arasında dialoqun genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland son 10-15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsi olduğunu vurğulamışdır. İnkişafın davamlılığının təmin olunmasında təhsilin inkişafına göstərilən diqqəti təqdir edən F.Kidland bildirmişdir ki, Azərbaycan vətəndaşları böyük bacarığa malikdir.
Forum iştirakçılarının Azərbaycanla bağlı fikirlərini xeyli sayda sadalaya bilərik. Bircə fakta diqqət yetirmək kifayətdir ki, Azərbaycana 70 iştirakçı ölkədən 800-ə yaxın baxış mövcuddur. Bu baxışların birləşdiyi ümumi nöqtə budur ki, Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan bu rolunu ev sahibliyi etdiyi tədbirlərin fonunda daha da möhkəmləndirir.
“İki sahil”in Analitik qrupu
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

