Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı keçirilib

Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı keçirilib

13.11.2013 [09:25]

Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) MDB ölkələri gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda II qurultayı işə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən qurultaya 10 ölkədən 70-ə yaxın gənc tədqiqatçı alim qatılıb.
Qurultayın işinə uğurlar arzulayan AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələrdən söz açıb.
Şərqşünaslığın Azərbaycanda qədim tarixə və zəngin ənənələrə malik olduğunu söyləyən akademik bildirib ki, tədbirə görkəmli alimlərimiz Aida İmanquliyeva, Ziya Bünyadov, Rüstəm Əliyev, Həmid Araslı, Vasim Məmmədəliyev, Əbdülkərim Əlizadə və başqalarının tələbələri, yetirmələri qatılıblar. Tədbir çərçivəsində keçiriləcək 4 bölmə iclasında Azərbaycan şərqşünaslıq elminin inkişaf mərhələlərindən geniş söz açılacaq.
AMEA-nın prezidenti deyib ki, qurultayda gənc alimlərlə yanaşı, MDB-dən 15 tanınmış alim də iştirak edir.
Azərbaycan şərqşünaslarının Rusiya şərqşünaslıq məktəbinin formalaşması və inkişafındakı roluna toxunan A.Əlizadə deyib ki, bu əlaqələrin qurulmasında görkəmli alimlərimiz Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşovun böyük xidmətləri olub. Əminəm ki, bu tədbir gənc alimlər arasındakı yaradıcılıq əlaqələrinə öz dəyərli töhfəsini verəcək.
Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Cənubi Qafqaz təkcə Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirmir, o həm də Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir. Bu gün Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri olmaqla yanaşı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.
E.Aslanov vurğulayıb ki, Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur, əksinə burada uzun illərdən bəri tolerant bir mühit hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm müsəlman dinindən olan insanlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimiz və uğurumuzdur.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür. Azərbaycan BMT-nin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının tam, bərabərhüquqlu üzvüdür, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti, NATO ilə əməkdaşlıq edir, müxtəlif qurumların parlament assambleyalarında təmsil olunur.
Elnur Aslanov çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna da toxunub. O deyib: “İşğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonu işğal altındadır. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın tarixi ərazisi kimi tanıyır, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin tərəfdarıdır. Münaqişənin tənzimlənməsi istiqamətində müxtəlif beynəlxalq təşkilatların, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi vardır. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar nəticəsində Qarabağ münaqişəsi öz həllini tapmamışdır”.
Natiq Ermənistanın hazırda çox ağır və ciddi siyasi-iqtisadi böhranla üzləşdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihədə iştirak etmir. Bunun da səbəbi Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe və rassional yanaşma gözləyir.
MDB ölkələrinin gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda II qurultayının işinə uğurlar arzulayan Elnur Aslanov deyib ki, gənc alimlərin görüşləri nəinki regionda, eləcə də dünyada növbəti uğurlu elmi layihələrin həyata keçirilməsinə təkan verəcək.
Azərbaycanın öz qüvvəsinə arxalanan bir dövlət olduğunu söyləyən SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, biz qonşularımız üçün heç bir təhlükə törətmirik və hər zaman əməkdaşlığa hazırıq.
Təmsil etdiyi təşkilatın işindən danışan F.Məmmədov bildirib ki, SAM artıq 6 ildir fəaliyyətdədir və bu dövrdə hansı istiqamətlərin dünya ekspertləri üçün maraqlı olduğunu müəyyənləşdirib. Azərbaycan geosiyasi mövqeyinə görə həm Avropada, həm də Asiyada baş verən proseslərin tərkib hissəsindədir, həmçinin türk dünyasında baş verən proseslərin bir parçasıdır.
Ölkəmizin region dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrə mühüm önəm verdiyini söyləyən F.Məmmədov, şərqşünaslıq sahəsində də əməkdaşlıq layihələrini nəzərdən keçirməyə hazır olduqlarını vurğulayıb.
Bakıda olmasından məmnunluğunu ifadə edən Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova qurultayın böyük tarixi əhəmiyyət daşıdığını söyləyib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva Şərqin müasir hadisələrdə rolunun artdığını qeyd edərək, İsrail-ərəb münaqişəsinin, İraqda, Liviyada, Misirdə, Yəməndə, Suriyada cərəyan edən hadisələrin bütün dünyanın diqqətinin Şərqə cəmlənməsinə səbəb olduğunu bildirib. Bu münaqişələrin tezliklə həll olunmayacağını və Şərqin onilliklərlə bütün dünya ictimaiyyətinin diqqət mərkəzində duracağını söyləyən G.Baxşəliyeva, bunun da Qərbdə Şərq tədqiqatlarının artmasına səbəb olacağını deyib. Postsovet məkanında şərqşünaslıq elminin əlyazmaların və mədəni abidələrin tədqiqindən başlandığını deyən natiq sonradan müasir şərqşünaslığın əsasən Şərqin iqtisadiyyatına, siyasi hadisələrə, dini cərəyanlara yönəldiyini bildirib. Təcrübəli şərqşünas alimlərin estafeti istedadlı gənc şərqşünaslara vermək imkanının olmasından məmnunluğunu bildirən G.Baxşəliyeva qurultayın da bu elmin inkişafına təkan verəcəyini söyləyib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbayev qurultayda çıxış edərək rəhbəri olduğu elm ocağının fəaliyyətindən söz açıb.
Azərbaycan şərqşünaslıq məktəbinin böyük ənənələrindən söz aşan AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov deyib ki, bu məktəbinin yetirmələri hər zaman dünya elminə öz töhfəsini veriblər.
Sonra tədbir plenar iclasla davam etdirilib. İclasda SAM-ın direktoru Fərhad Məmmədov, Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutunun direktoru İrina Popova və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən və dinləniləcək məruzələrin aktuallığından söz açıblar.
Qurultay işini günün ikinci yarısında “Tarixi araşdırmalar”, “Tarixşünaslıq və mənbəşünaslıq” və “Filologiya” mövzularında bölmə iclasları ilə davam etdirib.
Qurultayın ikinci iş gününün birinci yarısında “Tarixi araşdırmalar”, “Filologiya”, “Fəlsəfə, dinşünaslıq, kulturologiya” bölmələrində “Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti haqqında”, “XX əsrin ictimai xadimi Əmir ər-Reyhaninin əsərlərində sosial-siyasi mövzuların işıqlandırılması”, “Xəqani divanında oyun adları”, “Hindistandan müasir tayfa incəsənətinin funksional transformasiyası: rituallardan Avropanın muzeylərinə doğru” və s. mövzularda gənc alimlərin məruzələri dinlənilib. Ümumilikdə bölmələrdə 30-dək məruzə dinlənilib, ciddi fikir mübadiləsi aparılıb.
Qurultay çərçivəsində təşkil edilmiş “Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə töhfəsi” mövzusunda “dəyirmi masa”da şərqşünaslarımızın dünya elminə verdiyi əvəzsiz töhfələrdən söz açılıb.
Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, AMEA-nın Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Vilayət Cəfərov, SAM-ın eksperti Məsiağa Məhəmmədi çıxış edərək Azərbaycan şərqşünaslığının nailiyyətlərindən danışıb, akademik Ziya Bünyadov, professor Aida İmanquliyeva, professor Rüstəm Əliyev kimi görkəmli şərqşünasların elmi fəaliyyətindən söz açıblar.
Qurultay işini “Sovet Şərqinin plakatları, 1918-1940” mövzusunda təqdimatla davam etdirib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə “Cənubi Qafqaz” Elmi-Tədqiqat Mərkəzi (Rusiya) və Türk Akademiyası (Qazaxıstan) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Qurultayın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib və ən yaxşı məruzəçilər mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31