Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sivilizasiyaların dialoqu: müasir dövrün əsas tələbi kimi

Sivilizasiyaların dialoqu: müasir dövrün əsas tələbi kimi

30.11.2013 [11:04]

Sürətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir. Beləliklə, Şərqlə Qərb bir-birinə inteqrasiya edir və “Şərq Şərqdir, Qərb isə Qərbdir, onlar heç vaxt uyğunlaşmayacaqlar”, deyənlərin yanıldığını göstərir. Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarından genetik əlaqələr və analoji süjet və obrazlar buna aşkar sübutdur. Planetimizdə 200-dən çox ölkə və region, 1000-dən artıq etnik qrup var. Müxtəlif təbii şəraitlərin və inkişaf təcrübələrinin sayəsində biri digərindən fərqli həyat tərzləri, dəyərlər, dinlər və mədəni ənənələr yaranmışdır. İnsan cəmiyyəti yaranandan qarşılıqlı asılılıq, qarşılıqlı öyrənmə, assimilyasiya və müxtəlif sivilizasiyaların tərəqqisi həmişə inkişafın əsas istiqaməti olub.
Sivilizasiya nədir?
Sivilizasiya latın sözü olub - civis - vətəndaş, dövlət mənasını verir. Bundan əlavə, müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya məkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. Hər hansı sivilizasiya: sosiallıq və mənəvilik ənənələrinin tipoloji cəhətdən fərqlənməsinə; dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğuna; ənənələrin öz daşıyıcıları olan etnoslarda üzə çıxan və geopolitik süjetlərdən təşkil olunmuş ölçüyə malikdir.
Sivilizasiya ayrı-ayrı fərdlərin və sosial qrupların, cəmiyyətin, iqtisadi, sosial-siyasi, mənəvi sistemlərindəki fəaliyyət və münasibətlərini tənzim edən normalar sistemində sosial həyatın təkrar istehsalı üsuludur. Sivilizasiyalar, hər şeydən əvvəl - texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvlük mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə; informasiyaların kodlaşdırılması, saxlanılması və ötürülməsinə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır.
Sivilizasiyalar insanlığın tarix boyu yaratdığı ən böyük sərvətdir
İnsan həyatını, yaşamı maraqlı edən amillərdən biri, hətta birincisi burada hər canlının qarşılıqlı yarışmasıdır. Belə ki, bəşər övladı yarandığı andan etibarən, yarışır-alim alimlə, incəsənət xadimi öz sahəsinin nümayəndəsi ilə, tələbə əlaçı tələbə ilə, siyasətçi daha xarizmatik siyasətçi ilə... Bu mənada, sivilizasiyalar da yarışır. Əgər sivilizasiyalar bu yarışda aralarında ikitərəfli əlaqələr qura bilsələr, onlar sivil hüquqların qarşılıqlı və mənəvi tanınmasına nail ola bilərlər.
Sivilizasiya cəmiyyətin dünyagörüşü ilə, bir çox mütəfəkkirlərin fikrincə isə din ilə əhəmiyyətli dərəcədə bağlıdır. Sivilizasiya, eyni zamanda, dünyanın metafizikinin (mücərrəd) dərk olunması ilə də birbaşa bağlıdır. Buna görə də, indi ziddiyyət adi siyasi ideologiyalar arasından çox sivilizasiyalar arasında özünü göstərir. 90-cı illərdə Samuel Hantinqton belə bir fərziyyə ilə çıxış edirdi ki, zaman gələcək və sivilizasiyalar toqquşacaq. Lakin zamanla biz, bunun əksini gördük. Dünya sivilizasiyalarının qarşılıqlı inteqrasiyasını və bu birləşmədən yeni submədəniyyətlərin yarandığının şahidi olduq. Beləliklə, dünya sivilizasiyalarının müxtəlifliyi təkcə insan cəmiyyətinin əsas səciyyəsi deyil, həmçinin, onun inkişafında aparıcı qüvvədir.
“Yeni dünya düzəni” fikrinin ortaya çıxması və bu fikrin zamana uyğunlaşdırılması, özü də mövcud sivilizasiyaların birləşərək “qlobal vahid” mövqedən çıxış etməsinə xidmət göstərir. Bu isə müəyyən mənada sivilizasiyalar arasında anlaşılmazlıqların, toqquşmaların qarşısını almağa yönəlik atılan addımdır. Heç kəsə sirr deyil ki, sivilizasiyaların birləşdirici rolu olduğu kimi, həm də dağıdıcı, zərbə vurucu rolu da var ki, müasir dövrümüzdə bəzən bunun şahidi də oluruq. Sivilizasiyalar arasında qarşıdurmalardan yaranan təhlükə nə qədər real və hər an bütöv regionları öz ağuşuna alan şiddətli alova çevrilməyə hazır olsa da, onun qarşısını almaq heç də qeyri-mümkün deyildir. Sivilizasiyalar arasında gərginlik və qarşıdurma XXI əsrin real təhlükəsi kimi artıq özünü bəyan edib. Ona görə də, insanlar sivilizasiyaların dialoqundan danışırlar.
Sivilizasiyaların dialoqu - zamanın əsas tələbi kimi
Bəşəriyyət öz inkişafının çox mühüm və əhəmiyyətli mərhələsinə qədəm qoymuşdur. Fərqli tarixi inkişaf yolu keçən, ayrı-ayrı xalqların xüsusiyyətlərini özündə əks etdirən, müxtəlif iqtisadi inkişaf səviyyəsinə və çeşidli etnik, dini və mədəni-mənəvi dəyərlər sisteminə malik sivilizasiyaların birgə yaşayış məkanı olan müasir dünyamızın yeni mənzərəsi yaranmaqdadır. Bəşəriyyətin gözəlliyi və üstünlüyü sayılan sivilizasiyaların müxtəlifliyi və rəngarəngliyi bəzi hallarda təhlükəli qarşıdurmalar və gərginlik mənbəyinə çevrilməkdədir. Belə məqamda fərqli sivilizasiyaların dialoqunu genişləndirmək, xalqlar arasında sülh və əmin-amanlığı bərqərar etmək, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək zərurəti özünü daha çox büruzə verir.
Zamanla xalqlar belə bir həqiqəti dərk etmişdir ki, ölkə öz potensialını yalnız sülh və sabitlik şəraitində göstərə bilər. Sülh və sabitlik bütün zamanlarda qiymətini itirməyən dəyərə çevrilmişdir. Bu mənada, sivilizasiyaların dialoqunun zəruri olduğunu bu gün heç kim inkar etmir. Çünki yaşadığımız XXI əsr inteqrasiya və ümumbəşəri dəyərlər əsasında birləşmək əsridir. Müasir dünyamızda qloballaşma prosesi sürətlə gedir. Bəşəriyyət özünün inkişafının elə bir mərhələsinə daxil olmuşdur ki, mövcud qlobal problemlərin həlli və qlobal təhlükələrin aradan qaldırılması əməkdaşlığı zərurətə çevirmişdir. Vaxtilə milli və ya regional problemlər kimi səciyyələnən iqtisadi, ərzaq, enerji, ekoloji, demoqrafik, hərbi-siyasi problemlər indi qlobal miqyaslarla ölçülür. Elm və texnikanın çox böyük sıçrayışla inkişaf etməsi, milli və dövlətlərarası əlaqələrin sürətlə genişlənməsi, informasiya mübadiləsinin artması dünyamızda yeni situasiya yaratmışdır. Belə taleyüklü, dövlətlərin və xalqların sonrakı inkişaf perspektivlərini müəyyənləşdirən məsuliyyətli dövrdə planetimizdə məskunlaşmış bütün fərqli sivilizasiyalar öz aralarında dialoqun zəruriliyini və həyati əhəmiyyətini getdikcə daha dərindən dərk etməkdədirlər. Sivilizasiyalararası dialoq, eyni zamanda, öz daxilindəki altsivilizasiyaların, tarixin müxtəlif zamanlarında bir-birindən ayrı düşmək məcburiyyətində qalmış lokal və milli mədəniyyətlərin, etno-siyasi strukturların qarşılıqlı münasibətlərindəki tərəqqini və inteqrasiyanı da ifadə edir.
Sivilizasiyaların dialoqu istiqamətində dünyanın müxtəlif ölkələrində, müxtəlif təşkilatlar səviyyəsində çoxsaylı tədbirlər keçirilir. Bu da təsadüfi deyil, çünki yaşadığımız XXI əsr dünyanın üzləşdiyi çox ciddi problemlərlə qarşılaşıbdır. Onlarca problemlər var ki, onlar Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, “Böyük Səkkizlər” səviyyəsində müzakirə edilir. Bu problemlər o qədər böyükdür ki, onları ayrılıqda bir dövlətin, bir sivilizasiyanın, konkret bir xalqın həll etməsi mümkün deyildir. Bunun üçün dünyanın birləşməsi, dünya xalqlarının vahid mövqedən çıxış etməsi olduqca vacibdir. Bu mənada, sivilizasiyaların dialoqu üçün Azərbaycan həm gözəl nümunə, həm də mühüm şansdır.
Azərbaycan sivilizasiyaların dialoqu üçün gözəl məkandır
Azərbaycan cəmiyyəti müstəqillik qazandıqdan sonra özündən asılı olmayaraq fərqli mədəniyyətlərin qovşağına düşmüş və bu mədəniyyətlərə eyni dərəcədə açılmışdır. Belə bir halda ziddiyyətlərin yaranması qaçılmaz idi. Bu xüsusən özünü öncə mənəvi dəyərlər sahəsində büruzə verir. Bu zaman bütövlükdə cəmiyyətdən və onun ayrı-ayrı fərdlərindən yüksək dərəcədə sayıqlıq, ətraf aləmə münasibətdə rasional seçimi müəyyənləşdirmək bacarığı, uyğunlaşma, nədənsə imtina etmə, nəyisə qəbul etmə, ağıllı seçki qabiliyyəti tələb olunur. Cəmiyyət bütün bunları yalnız bir şərtlə uğurla yerinə yetirə bilər ki, öz “Mən”ini itirməsin.
Azərbaycanda həyata keçirilən modernləşmə milli mədəniyyətin, ənənələrin, tarixi təcrübənin möhkəm təməli üzərində qurulur. Tarixə nəzər salsaq, qürurla deyə bilərik ki, Şərqdə ilk balet, ilk opera, türk-islam dünyasında ilk caz orkestri burada yaradılıb. Azərbaycan mədəniyyətlərin sintezini yarada bilib. Azərbaycanda ABŞ və bir sıra Avropa ölkələrindən öncə qadınlara seçim hüququ verilmişdir. Belə ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulub. Ölkəmizin missiyası identifikasiyamızı, mədəniyyətimizi, dinimizi qoruyub saxlamaqla yanaşı, sivilizasiyalara doğru inteqrasiya etməkdən ibarətdir. Siyasi terminlə desək, Avroatlantik məkana inteqrasiyadan. Azərbaycanda Avroatlantikaya inteqrasiya siyasi razılığa səbəb olan bir məsələdir. Azərbaycanda bir-biri ilə yarışan dinlər, dillər, azlıqların nümayəndələri birləşir və vahid sivilizasiyaya qoşulur. Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi Qədim İpək Yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk.
Azərbaycanın, eyni zamanda, dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfransdakı çıxışında dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu demişdir. Həqiqətən də, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladığı siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə çevrilmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi və birbaşa iştirakı ilə keçirilən 10 iyun 2008-ci il tarixli “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi” konfransını, Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə 27 sentyabr 2007-ci il tarixli beynəlxalq konfransı və bu istiqamətdə baş tutan digər çoxsaylı tədbirləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycan bəşər sivilizasiyasının müasir formada təşəkkülündə, xalqlar və dövlətlər arasında sülhün və bərabərliyin təmin olunmasında müstəsna rola malikdir. Gənc ölkə olmasına baxmayaraq, 22 yaşlı müstəqil Azərbaycan bu istiqamətdə belə uğur qazanıbsa, deməli, digər dünya dövlətləri də cəhd edəcəkləri təqdirdə bu uğuru əldə edə bilər.
Beləliklə, madam ki, bizlər istər uzaq Şərq və ya Qərb olsun, gün doğandan gün batana hər kəs eyni günəşi salamlayır, eyni günəşin şüaları altında qızınıb həyatda var olmaq mücadiləsi aparırıqsa, o zaman sivilizasiyaların dialoqunda iştirak etməli, sülh və əmin-amanlıq içində yaşamağın yollarını daha böyük əzmlə axtarmalıyıq.
Aytac Əliyeva
YAP Gənclər Birliyinin
sədr müavini

Paylaş:
Baxılıb: 1018 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31