Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Media nümayəndələri Salyanda olublar

Media nümayəndələri Salyanda olublar

06.12.2013 [09:17]

Salyan rayon İcra Hakimiyyətində keçirilən görüş Mətbuat Şurasının media-məmur dialoqu layihəsi çərçivəsində baş tutub
Dekabrın 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin Salyan rayon İcra Hakimiyyətində görüşü keçirilib. Görüş Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsini ziyarətlə başlayıb. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev mərkəzi, uşaq yaradıcılıq dərnəkləri, habelə Salyandakı bayraq meydanı, quruculuq və abadlıq işlərinin gedişi ilə tanış olublar. Görüş çərçivəsində, həmçinin, Azərbaycanın fəxri sayılan Salyandan olan görkəmli ziyalıların - Əli bəy Hüseynzadənin və Xəlil Rza Ulutürkün abidələri ziyarət olunub.
Şuranın media-məmur dialoqu layihə çərçivəsində baş tutmuş görüşü Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq Azərbaycan dövlətinin mediaya diqqət və qayğıya əsaslanan siyasətinin yerlərdəki məmurlar tərəfindən də gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb. Medianın demokratik dövlət quruculuğu prosesindəki önəmindən söz açan Tahir Kərimov Prezident İlham Əliyevin noyabrın 24-də kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşündə səsləndirdiyi hər bir fikrin bu baxımdan önəmli olduğundan deyib.
T.Kərimov, həmçinin, rəhbərlik etdiyi rayonda aparılan abadlıq və quruculuq işləri barədə də geniş məlumat verib. Həyata keçirilməkdə olan tədbirlərdə, ilk növbədə, insan amilinə diqqət yetirildiyini önə çəkən T.Kərimov “Media nümayəndələrini rayona dəvət edirəm. Gəlsinlər, vətəndaşlarla sorğular aparsınlar, onların düşüncələrini öyrənsinlər. Əlbəttə, iş olan yerdə problemlər də olur. Həmin problemləri obyektiv şəkildə işıqlandırsınlar. Belə olduqda tutduqları mövqe ümumi işimizə fayda verəcək. Amma bəzən əks proseslərlə üzləşirik. Bu bizi təəssüfləndirir. Elə bilirəm ki, həqiqi media nümayəndələrinin özləri təəssüf doğuracaq məqamların aradan qaldırılmasına daha çox səy göstərməlidirlər”, - deyib. O, rəhbərlik etdiyi İcra Hakimiyyətinin KİV-lərlə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında media nümayəndələrinin Prezident İlham Əliyevlə noyabrın 24-də keçirilmiş görüşü barədə məlumat verib. O bildirib ki, səmimi şəraitdə baş tutmuş toplantıda dövlət başçısı jurnalistikaya dair dəyərli baxışlarını, o cümlədən prioritetləri bir daha səsləndirib. “Dövlət başçısının fikirləri jurnalistlərlə yanaşı, cəmiyyətə informasiya verilməsinə məsul şəxslər üçün də mesajdır. Çünki informasiya mübadiləsində iki tərəf var. Bunlardan hansısa üzərinə düşən işi doğru yerinə yetirmirsə, ümumən prosesə ziyan gəlir. Bugünkü görüşümüzdə də məqsəd mövcud müstəvidəki çətinlikləri müzakirə etməkdir. Mətbuat Şurası bu sayaq tədbirləri digər dövlət qurumları ilə də keçirəcək və belə görüşlərin faydası hər zaman olur”, - deyən Əflatun Amaşov ziyalılar yurdu kimi tanınan Salyanın ölkənin ictimai-siyasi həyatında önəmli rol oynadığını vurğulayıb. O, səmimi qəbula görə Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürünü bildirib.
Öz növbəsində görüşü müsbət dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurası tərəfindən əsası qoyulmuş bu ənənənin hazırda media mühitində nəzərə çarpan müsbət tendensiyalarda böyük pay sahibi olduğunu vurğulayıb. V.Rəhimzadə eyni zamanda, bildirib ki, yeni şəraitdən asılı olaraq qarşılıqlı əməkdaşlığın ən səmərəli tərəflərinə müraciət edilməli, bunun formalaşması istiqamətində əməli iş görülməlidir: “Elə bilirəm ki, tədbirimiz bu baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına, əməkdaşlığın daha səmərəli formada qurulmasına kömək göstərəcək”.
Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl təmsil olunduğu Salyan rayonunda sözə, sözün qüdrətinə hər zaman böyük önəm verildiyini vurğulayıb və bildirib ki, mövcud amil bölgənin spesifik xüsusiyyəti kimi daim nəzərə alınır: “Salyan Azərbaycan tarixinə misilsiz dühalar bəxş etmiş rayondur. Onların hər birinin irsi ictimai fikir, məfkurə qaynağıdır və həmin şəxslər öz baxışlarını mətbuat vasitəsilə ifadə ediblər. Buna görə də, bölgədə söz sənətinə daim qiymət verilir. Bu qiymət idarəçilikdə də özünü göstərir. Rayonda aparılan quruculuq və abadlıq işləri, tədbirlərin insan amilini nəzərə alaraq reallaşdırılması daim nikbin ovqat yaradır”.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev isə qeyd edib ki, medianın paytaxtla yanaşı, hansısa bölgədə baş verən hadisə və prosesə həssas yanaşması müsbət haldır.
MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinn jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev çıxışında deyib ki, dahi Üzeyir Hacıbəylinin bir vaxtlar “Azərbaycan” qəzetində yazdığı “Vətən abadlığı, millət salamatlığı, camaat tərəqqisi, dövlət intizamı” deyimi bu gün üçün də aktualdır və məmur-jurnalist münasibətlərində başlıca fəaliyyət devizinə çevrilməlidir.
Digər natiqlər də çıxışlarında bu görüşün media-məmur münasibətləri nöqteyi-nəzərdən faydalı olduğunu bildiriblər.

Paylaş:
Baxılıb: 940 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31