Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın dövlət maraqları beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində

Azərbaycanın dövlət maraqları beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində

04.03.2014 [09:37]

Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur
Məlum olduğu kimi, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq müstəvidə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bu kontekstdə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı xüsusilə qeyd edilməlidir. Daha dəqiq desək, həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və dünya siyasətində söz sahibi olan bu kimi digər təşkilatlar, həmçinin, xarici ölkələr Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Öz növbəsində ölkəmiz də bir sıra beynəlxalq qurumlarda, sadəcə üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, mühüm qərarların qəbul və icra edilməsində mühüm rol oynayır. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini və bu istiqamətdə uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzv seçilməsi, həmçinin, 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında quruma sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun məntiqi nəticəsi idi. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. aktiv müzakirə olundu. Yeri gəlmişkən, 2012-ci il may ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. Sözügedən iclasda çıxış edən dövlətimizin başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini vurğulayaraq Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.
O da qeyd edilməlidir ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Yəni, Azərbaycan TŞ-dəki fəaliyyəti ilə dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi.
Bundan əlavə, Azərbaycan nümayəndələri BMT TŞ-də keçirilən digər müzakirələrdə və səsvermədə fəal iştirak edərək dünyada sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi önəmi bir daha göstərmiş oldu.
Azərbaycanın mötəbər beynəlxalq qurumlarda uğurla təmsil olunmasının mühüm nəticələrindən biri də ölkə həqiqətlərinin, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dünya ictimaiyyətinə dolğun və obyektiv çatdırılmasıdır.
Bildiyimiz kimi, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınıb, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanıb. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilib, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanıb. Bu tələblər AŞ PA-nın 2005-ci ildəki 1690 saylı tövsiyəsində də öz əksini tapıb.
ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunub, bu fakt təşkilatın yekun hesabatında əksini tapıb. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə BMT və Avropa Şurasında deyil, Avropa İttifaqı, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənib. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib, münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanıb.
Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilib. Qətnamədə, həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunub.
Onu da vurğulamaq yerinə düşər ki, beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanı beynəlxalq miqyasda yüksək maraq göstərilən beynəlxalq əməkdaşlıq məkanına çevirib. Sirr deyil ki, inkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin, müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar.
Qeyd etdiyimiz kimi, Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bu maraq həm də ölkəmizin yerləşdiyi coğrafi mövqenin əhəmiyyəti və Şərqlə Qərb sivilizasiyalarının qovuşduğu məkan olması ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik, inkişaf mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə dialoqun aparılmasında daha təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir.
Bunlarla yanaşı, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın regional güc mərkəzi kimi də mövqeyini gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir”.
Şübhəsiz, bütün bu faktlar Azərbaycanın dünya siyasətində mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq nüfuzunu da artırmaqdadır. Xüsusilə də, ölkəmizin iqtisadi reytinqinin artması həm də mötəbər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Sirr deyil ki, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir. Azərbaycan müəyyən müddətdir ki, MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə dayanır. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub. “Fitch Ratings”, “Standard & Moody’s” kimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda bildirilir ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.
Beləliklə, Azərbaycan öz milli maraqları əsasında beynəlxalq qurumlarda uğurla təmsil olunur. Bu, həm ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir, həm də dünya siyasətində müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün mühüm vasitə rolunu oynayır. Bir sözlə, Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınır və davamlı surətdə öz nüfuzunu artırır.
Nadir AZƏRİ
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31