Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qeyri-neft sektoru sürətlə artır

Azərbaycanın qeyri-neft sektoru sürətlə artır

10.12.2014 [10:11]

Prezident İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir
Hazırda dünya bazarında neftin qiymətində müşahidə edilən azalma karbohidrogen ehtiyatları ilə zəngin olan və öz büdcələrini əsasən neft gəlirləri hesabına formalaşdıran ölkələri ciddi sınaq qarşısında qoyub. Azərbaycanın timsalında isə başqa mənzərənin şahidi oluruq. Belə ki, neftin qiymətində müşahidə edilən azalma tendensiyasının ölkədə həyata keçirilməsi nəzərdə tutulan planlara müəyyən mənfi təsirlər göstərəcəyi istisna olmasa da, bütövlükdə neftin müəyyən həddədək ucuzlaşmasının müqabilində Azərbaycan iqtisadiyyatının öz dayanıqlılığını saxlayacağı proqnozlaşdırılır. Bu da, ilk növbədə, əvvəlcədən reallaşdırılan alternativ tədbirlərlə və dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi iqtisadi inkişaf kursu ilə bağlıdır. Yeri gəlmişkən, bir müddət öncə “Rossiya-24” informasiya telekanalına müsahibəsində bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf edəcək”.
Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir
Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Azərbaycan iqtisadiyyatı da uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də, iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə, regionların iqtisadi güc amilinə çevrilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Bu məqama toxunan Prezident İlham Əliyev iqtisadiyyatın çoxqütblülüyünün təmin edilməsinin və bu sahədə məqsədli şəkildə diversifikasiya siyasətinin həyata keçirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib: “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır”.
Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 45 faizə düşüb və ÜDM-də qeyri-neft sektorunun payı 60 faizə yaxınlaşıb. Cari ildə ölkəmizdə ümumi daxili məhsul istehsalında üçfaizlik artım gözlənilir. Qeyri-neft sektorunun artımı isə bundan təxminən iki dəfə çoxdur. Ötən il bu sahədə 10 faiz artıma nail olunub. Gələn il isə qeyri-neft sektorunda 10 faizədək artım proqnozlaşdırılır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir”.
Ölkəmizdə qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafının stimullaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir
Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttə uyğun olaraq respublikanın regionlarında çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına diqqət çəkərək deyib: “İqtisadiyyatı, hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb”.
Yeri gəlmişkən, aşağıdakı statistik rəqəmlərdə respublikamızda Prezident İlham Əliyevin qayğısı, qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölməyə göstərilən dövlət dəstəyi öz əksini tapıb. Son 10 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit yönəldilib.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi cari ildə də davam etdirilib. Bu məqsədlə cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilib. Verilən kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Son 10 il ərzində respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi yaradılıb.
Dövlət başçısı çıxışlarında sahibkarlara bundan sonra da öz dəstəyini davam etdirəcəyini bildirib: “Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir”.
İqtisadiyyatın şaxələndirilməsində respublikamızda güclu potensiala malik aqrar sektorun inkişafının dəstəklənməsi də mühüm rol oynayır
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi gücünün və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan istifadə edilməsinə münbit zəmin yaradır. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatında artım tempinin təmin olunmasına və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsinə diqqət çəkərək bildirib: “Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya ayırır”.
Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31