Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xocalı soyqırımı - erməni faşizminin avtoportreti

Xocalı soyqırımı - erməni faşizminin avtoportreti

25.02.2015 [00:56]

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş Xocalı soyqırımını törətdi. Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır.
Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin ağır yükü altında inləyir. Milli qəhrəmanımız Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdirir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Qəlbimizin dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan.
Bu - XXI əsrdə erməni faşistinin özü tərəfindən öz qələmi ilə yaradılmış mükəmməl obrazı, avtoportretidir!
Qarabağın işğalı zamanı Zori Balayanın indiki Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevriliblər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, növbəti xəyanət, bəşəriyyətə qarşı cinayət olduğunu sübut edir.
Onu da qeyd edək ki, Xocalı hadisələri Azərbaycanda Sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Bu, xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Rus imperiyası törətmiş olduğu 20 Yanvar faciəsində əldə edə bilmədiyinə Xocalı faciəsində bilavasitə iştirak etməklə nail olmaq istəyirdi. Qafqazın itirilməsini heç zaman həzm edə bilməyən rus imperiyası Xocalı qətliamının törədilməsinə göstərdiyi “dəstəklə” yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi və əsl niyyətini ortaya qoydu. Xocalı soyqırımı, əslində, bütün dünya türklüyü qarşısına atılan imperiya “əlcəyi” idi.
Son 2 yüz il ərzində rus imperiyasının köməyi ilə qədim türk torpaqlarında məskunlaşdırılmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi, bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik.
Yaxın keçmişimizin ən faciəvi hadisələrindən biri olan Xocalı soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir. Tarix boyu iyrənc “keyfiyyətlərini” qoruyub saxlamağa nail olmuş ermənilər isə bu gün düşdükləri aciz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də əsas şərt deyil. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onun “vassal”ı və lazım olduqda isə “forpost”u rolunda çıxış etməsi bunu bir daha sübut edir. Vaxtilə, əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından qovulmuş və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan monoetnik dövlətə çevrilmişdir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan həmişə olduğu kimi, bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə ümumbəşəri dəyərlərinin qorunub saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç-bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan üçün deyil, həm də dünya birliyi üçün beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunması xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin Fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, bəşəriyyətə qarşı törədilmiş ağır cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleskinin açılışında qeyd edib: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Bu faciənin geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrəsini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. “Xocalıya ədalət!” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də, bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırım aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlərin olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu faktor, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyini göstərir. Amma Azərbaycanın qüdrətli və nizami orduya, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun sağalmayan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyünün taleyində tarixi dönüş nöqtəsi olmalıdır. Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azadlığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur.
Müqəddəs yurdlarımıza qayıtmaq arzusu ilə.
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31