Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan hər zaman özünün sosial siyasət kursuna sadiq qalacaq

Azərbaycan hər zaman özünün sosial siyasət kursuna sadiq qalacaq

27.01.2017 [09:55]

Prezident İlham Əliyev: Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur
Azərbaycan sosial dövlətdir. Ölkənin davamlı olaraq inkişafından, iqtisadi potensialın ilbəil genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə istifadə olunur. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədədir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Ölkəmiz 2017-ci ilə yeni sosial təşəbbüslərlə başlayıb
Mənfi xarici təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də ölkəmiz genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Bunun təsdiqi kimi təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, ötən il ölkəmizdə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiqdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində məmnunluq hissi ilə vurğulayıb ki, biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq.
Azərbaycan həmçinin 2017-ci ilə də yeni sosial təşəbbüslərlə başlayıb. Cari ilin dövlət büdcəsi vəsaitlərinin 40 faizdən çoxunun məhz sosial xərclərə yönəldilməsi nəzərdə tutulub. Bir neçə gün öncə isə Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Minimum aylıq əməkhaqqının artırılması ilə paralel şəkildə dövlət və özəl sektorda çalışanların əmək haqlarında da müəyyən artımlar baş verəcək.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında müvafiq Sərəncama əsasən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Eyni zamanda, Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Respublikamızda fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayının cari ilin 1 yanvar tarixinə 3 371 908 nəfərə çatdığını nəzərə alsaq, görərik ki, bəhs olunan Sərəncam kifayət qədər geniş əhali kontingentini əhatə edir.
Yuxarıda deyilənlər Azərbaycanda həyata keçirilən sosial siyasətin dərin məzmunu, əhatəliliyi və ardıcıllığı barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2017-ci ilin əvvəlindən irəli sürülən təşəbbüslərin, respublika miqyasında həyata keçirilən sosial məzmunlu tədbirlərin dairəsinin genişlənməsi isə Azərbaycanın özünün strateji seçiminə sadiq qaldığını əyani şəkildə təsdiqləyir.
Kommunal tariflərin diferensiasiyası məsələsində sosial ədalət əsas prinsip kimi götürülüb
Azərbaycanı sosial dövlət kimi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə ardıcıllıqla həyata keçirilən sosial siyasətdə sosial ədalət əsas prinsip kimi götürülür. Sosial siyasətin sosial ədalət prinsipinə əsaslanması isə son nəticədə vətəndaşların, ələlxüsus da aztəminatlı insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
Azərbaycanda sosial xidmətlərin tarifləri də ölkədə aparılan sosial siyasətə uyğun şəkildə tənzimlənir. Belə ki, ötən illər ərzində respublikamızda sosial xidmətlərə görə tariflərdə radikal artıma heç vaxt yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb.
Ölkəmizdə kommunal tariflərin diferensiasiyası məsələsində də sosial ədalət əsas prinsip kimi götürülüb. Məlum olduğu kimi, Tarif Şurasının 2016-cı il noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılıb və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib. Lakin bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üçün təbii qaz və elektrik enerjisindən istifadəyə görə tarifi dəyişməyən istehlak həcmi artırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olub.
Rəqəmlərdən də göründüyü kimi, yeni diferensial tariflərə görə təbii qaz və elektrik enerjisinin qiymətinin artması əhalinin böyük əksəriyyətinə heç bir təsir göstərməyəcək. Abonentlərin böyük əksəriyyəti 2017-ci il yanvarın 1-dən etibarən illik 1700 kubmetr təbii qaz istehlakına görə əvvəlki tariflə, yəni hər kubmetr təbii qaza görə 10 qəpik ödəniş edir. Elektrik enerjisinə görə tarifi dəyişməyən qiymətlərlə - hər kilovat-saata görə 7 qəpik - aylıq istehlak həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Deyilənlərdən də göründüyü kimi, Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı tarif tənzimlənməsi barədə sonuncu qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Prezident İlham Əliyev kommunal tariflərin diferensiasiyası məsələsində sosial ədalət prinsipinin əsas götürülməsinin önəminə diqqət çəkərək deyib: “...Sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik”.
Sosial infrastruktur layihələrinə lazımi qədər vəsait ayrılır
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Təkcə belə bir faktı vurğulamaq lazımdır ki, ölkəmizdə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul edilib. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür.
Səhiyyə sahəsində həyata keçirilən bu kimi islahatlar bütün ölkə boyu tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısı Öz ənənəsinə sadiq qalaraq ötən il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının - Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında şəxsən iştirak edib və Öz dəyərli tövsiyələrini verib.
Ölkəmizdə sosial infrastrukturun yenilənməsi ilə bağlı layihələr bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində sosial infrastrukturun yenilənməsini, bu səpkili layihələrə lazımi qədər vəsait ayrılmasını ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm əlaməti kimi səciyyələndirib: “Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir”.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb
Ölkəmizdə Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Son 13 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” başqa bir Sərəncam imzalayıb.
Ötən müddətdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın genişməzmunlu sosial siyasətinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin bu və ya digər ehtiyaclarının ödənilməsinə maksimum diqqət göstərilməsi davamlı xarakter daşıyır. 2016-cı ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb və hazırda bu istiqamətdə intensiv iş aparılır. Ötən il qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli istiqamətində atılan yeni addımlardan məmnunluq ifadə edən Prezident İlham Əliyev bildirib ki, bu proses bundan sonra da davam etdiriləcək: “Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Yeri gəlmişkən cari ilin əvvəlindən isə ölkəmizdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalayıb. Fərmana uyğun olaraq Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq qərar qəbul edib. Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə imzalanan Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi bu qəbildən olan soydaşlarımızın sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə yeni hüquqi əsaslar yaradır. İndiyədək məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özlərinə ödənilirdisə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatların hesabına köçürülürdü. Bundan sonra məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə dövlət büdcəsindən ayrılan vəsait birbaşa onların şəxsi kart hesablarına köçürüləcək. Bu, müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən yanaşmadır. Yeni qayda məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə onlar üçün ayrılan vəsaitdən daha səmərəli istifadə etmələrinə imkan verəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30