Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq əlaqələrinə malikdir

Azərbaycan Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq əlaqələrinə malikdir

06.10.2017 [09:50]

Prezident İlham Əliyev: Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq miqyasda əməkdaşlıq, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.
Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Azərbaycanla əməkdaşlıq mühüm strateji dividendlər vəd edir
Bütün bunların qanunauyğun nəticəsi kimi, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verən subyektlər sırasında Avropa İttifaqı (Aİ) xüsusi yer tutur. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Görüşdə səsləndirilən fikirlər Aİ-nin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməsini bir daha nümayiş etdirib. Başqa sözlə, bu səfər göstərir ki, Aİ Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlı və israrlıdır. Aİ Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi, ilk növbədə, Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Avropa İttifaqı enerji təhlükəsizliyi sahəsində ölkəmizlə tərəfdaşlığın inkişafını strateji prioritet kimi müəyyənləşdirib
Bunlara paralel olaraq daha bir məqamı da diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin enerji təhlükəsizliyində rolunu da vurğulamaq gərəkdir. Azərbaycan öz milli maraqlarına müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Özəlliklə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanda 2014-cü ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına start verilib. Şübhəsiz, “Cənub Qaz Dəhlizi” Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropa ilə səmərəli əməkdaşlığının inkişafını təmin edir. Nəticə etibarilə, bəhs olunan kontekstdə Azərbaycan ilə Avropa İttifaqına üzv olan ölkələr arasında münasibətlərin inkişafı istiqamətində müsbət dinamika nəzərə çarpır. Əminliklə qeyd edə bilərik ki, Avropa İttifaqı enerji təhlükəsizliyi sahəsində ölkəmizlə tərəfdaşlığın inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Yeri gəlmişkən, bəhs olunan görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan böyük enerji ehtiyatları olan ölkə kimi tanınır və bu ehtiyatları dünya bazarlarına nəql etmək üçün əsasən sərmayələr yatırır: “Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr üçün enerji balansında bizim neftimiz təqribən 25-30 faiz təşkil edir. Beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında biz öz rolumuzu oynayırıq. Bu yaxınlarda aparıcı beynəlxalq enerji şirkətlərinin konsorsiumu ilə yeni meqaneft müqaviləsi imzalanıb. Bu müqavilə bizə nəhəng neft yataqlarımızın 2050-ci ilə qədər işlənməsinə imkan verəcək. Sabit neft istehsalat profilini saxlamaq üçün on milyardlarla əlavə investisiyalar yatırılacaq. Əlbəttə ki, Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi hazırda Avropanın enerji gündəliyində duran ən vacib məsələlərdəndir və biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq şəraitində bu məsələ üzərində çalışırıq”.
Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin işlənilməsində aparıcı qüvvə olub: “Bu gün bu layihəyə 7 ölkə qoşulub. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Bir neçə Balkan ölkəsi də artıq bu layihəyə qoşulmaq niyyətindədir. Minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu, böyük rəqəmdir və bu rəqəm artacaq. Çünki biz hazırda yeni nəhəng qaz yataqlarının kəşfiyyat işlərini aparırıq. Ona görə, bu, böyük bir ehtiyatdır. Biz Azərbaycanı qeyd etdiyim ölkələr vasitəsilə Avropa, İtaliya ilə birləşdirən boru xəttinin inşasını aparırıq. Boru xəttinin uzunluğu 3500 kilometrdir və bu xəttin inşaat işləri də uğurla gedir. Ümid edirik ki, gələn il birinci faza olacaq və 2020-ci ildə layihə tamamlanacaq. Bu layihənin dəyəri ən azından 40 milyard ABŞ dolları təşkil edir və Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində fəal investor qismində çıxış edir və öz töhfəsini verir. Bizim toplanılmış maliyyə ehtiyatlarımız istənilən layihəni həyata keçirmək üçün kifayət edir, hazırda 40 milyard dollardan da artıqdır. Bizim çox kiçik xarici borcumuz var və bu, ümumi daxili məhsulun 20 faizindən daha da azdır. Buna görə də biz beynəlxalq maliyyələşməni cəlb etməkdə heç bir problem yaşamırıq. Bizim etdiklərimiz isə əsasən “Cənub Qaz Dəhlizi” layihəsi ilə əlaqəli məqsədlər üçündür”.
Beləliklə, sadalananlar ölkəmizin Avropanın enerji təhlükəsizliyi kontekstində - strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Belə olan halda, Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir. Müasir nəqliyyat infrastrukturunun yaradılması istiqamətində Azərbaycan tərəfindən görülən işlər də bu əməkdaşlığın inkişafına fundamental töhfələr verir. Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, Azərbaycanda enerji sahəsinin inkişafı sərhədlərimizin hüdudları ilə məhdudlaşmır: “Enerji təhlükəsizliyimizə gəldikdə, bütün işlər görülüb, biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur - ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə - Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Müasir nəqliyyat infrastrukturunun yaradılması üçün tərəfimizdən bütün işlər görülüb. Bizim ehtiyatlarımız məlumdur, bazar müəyyən edilib. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir”.
Başlıca hədəflərdən biri Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir
Qeyd etdiyimiz kimi, görüş çərçivəsində həm tərəflər arasında münasibətlərin, həm də regional işbirliyinin inkişafına mühüm töhfələr verən nəqliyyat və energetika sahəsində əməkdaşlığa dair məsələlər də müzakirə predmetinə çevrilib. Əlbəttə, Avropa İttifaqı ölkələrinin Azərbaycanla nəqliyyat və energetika sahəsində əməkdaşlığı inkişaf etdirməsi istəyinin ifadə olunması ölkəmiz tərəfindən bu kontekstdə həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsidir. Bəllidir ki, regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Yeri gəlmişkən, dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib ki, enerji resurslarının işlənilməsi kimi layihələrdə nəqliyyat sahəsində regional və ya qitə səviyyəsində əməkdaşlıq olmasa, heç bir uğur qazanmaq olmaz: “Buna görə də bizim hədəfimiz Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. Bu məqsədlə biz keçmişdə artıq böyük sərmayələr yatırmışıq. Biz ölkəmizi qonşu ölkələrlə birləşdirən bütün magistrallarımızı müasirləşdirmişik. Biz altı beynəlxalq hava limanını inşa etmişik və həm sərnişindaşıma, həm də yükdaşımalar üçün təyyarə parkımızı yeniləmişik. Biz dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi mərhələsindəyik. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var, 300-ə yaxın gəmimiz var. Bakıda bütün növ gəmiləri inşa edə bilən müasir gəmiqayırma zavodumuz var və biz faktiki olaraq bu işləri görürük. Gələn il biz Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanını istismara verəcəyik. Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Bütün bu işlər qonşularımız, yaxın qonşularımız və o qədər də yaxın olmayan qonşularımızla əlaqə yaratmaq üçün görülür”.
Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, Şərq-Qərb Nəqliyyat Dəhlizi çox tezliklə fəaliyyət göstərəcək: “Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb. Bu, əlbəttə ki, bizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək. Bu, ölkənin geosiyasi əhəmiyyətini artıracaq. Çünki dənizə çıxışı olmayan, açıq bazarlara, açıq dənizlərə çıxışı olmayan ölkə olaraq və eyni zamanda, dəmir yolları, hava ilə yükdaşımaları, magistral daşımalar və dəniz daşımalarından ibarət inteqrasiya edilmiş bir sistem olan nəqliyyat mərkəzini yaratmaq, hesab edirəm ki, həqiqətən də böyük bir aktivdir”.
Yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq
Bütövlükdə, Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında çoxşaxəli əməkdaşlığın böyük inkişaf perspektivləri var. Ən əsası, qarşılıqlı faydalı işbirliyinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafı həm də yeni əməkdaşlıq platformalarının yaranmasına etibarlı zəmin yaradır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin cari ilin fevralında Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinə yeni impuls verdi. Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal çalışır və onların üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradılıb. Bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir. Prezident İlham Əliyev sözügedən görüş zamanı onu da qeyd edib ki, biz Avropa İttifaqına üzv ölkələrin üçdəbirindən çoxu üçün strateji tərəfdaş hesab olunuruq: “Hesab edirəm ki, bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir...”
Digər tərəfdən, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir. Dövlətimizin başçısı qeyd edib: “Avropa təsisatlarına gəldikdə, bir daha qeyd etmək istəyirəm, Avropa İttifaqı bizim prioritetimizdir və sizin də səfəriniz onu nümayiş etdirir ki, Azərbaycan da Avropa üçün vacib tərəfdaş hesab olunur”.
Yeri gəlmişkən, Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramında iştirakçılığı məsələsi də görüş zamanı diqqət mərkəzində olub. Prezident İlham Əliyev üzv dövlətlərə fərdi yanaşmanın tətbiq olunmasının zəruriliyini diqqətə çatdıraraq qeyd edib: “...Üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik. Bu səbəbdən, bu cür olaraq, biz həmin qrupa dəvət olunduq. Lakin həmin vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan bir ölkə - Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Buna görə ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən mövqeyimizin əsasını təşkil edirdi”.
Azərbaycan və Avropa İttifaqı ölkələri siyasi əlaqələrin inkişafında maraqlıdırlar
Nəticə etibarilə, Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Digər tərəfdən, Aİ Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan görüşdə çıxışı zamanı əməkdaşlığın əsas istiqamətlərini göstərmişdir. Bütövlükdə, Azərbaycan siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələr üzrə qarşılıqlı-səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır. Azərbaycan və Avropa İttifaqı ölkələri siyasi əlaqələrin inkişafında maraqlıdırlar.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30