Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşü...

Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşü...

01.09.2022 [10:17]

Brüsseldə keçiriləcək görüş nəticə verəcəkmi?

Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə  Komissiyanın, o cümlədən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirilib. Görüşdə tərəflər təşkilati və prosedur məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Nardar BAYRAMLI

Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşünün keçiriləcəyi yer məlum olub. Belə ki,  Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın başçılıq etdiyi komissiyanın növbəti görüşünün  Belçikanın paytaxtı Brüsseldə keçirilməsi haqqında məlumat yayılıb. Görüşün bir ay ərzində keçirilməsi nəzərdə tutulur.

Avropa İttifaqının paytaxtı hesab olunan Brüssel görüşü iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinə necə töhfə verə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ciddi səylər göstərir. Sözügedən komissiyanın formalaşması da Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra formalaşıb. Amma politoloq hesab edir ki, son proseslərdə fərqli formatların mövcudluğunu sübut etmək üçün cəhd göstərən dairələr də var: “Məsələn, ABŞ yenə də ATƏT-in faydasız Minsk qrupunun reanimasiyası cəhdlərini həyata keçirir. Bu yöndə müxtəlif mesajlar verilir, yeni həmsədr təyin edilir və s. Bütün bunlar sülhə gedən yolu poza bilər. ABŞ öz maraqlarının zədələdiyinin fərqində olmalıdır. Rəsmi Vaşinqton Azərbaycanla münasibətlərdə ölkəmizin yaratdığı yeni reallıqları nəzərə almaqla bölgədə mövqelərini möhkəmləndirə bilər. Bütövlükdə isə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda sülh və təhlükəsizlik prosesinə təsir edə biləcək birbaşa mexanizmləri yoxdur. Əvvəllər ATƏT-in Minsk qrupunun  vasitəçiliyi ilə səylər var idi, amma bu səylər özünü doğrultmadı”.

Hazırda Avropa İttifaqından kifayət qədər fərqli mesajlar verildiyini deyən Y.Hacıyevanın fikrincə, 10 noyabr üçtərəfli bəyanatı  tək formatdır ki, bu format böyük sülhə gedən yolda mövcud aralıq mərhələni tənzimləyir. Bu aralıq mərhələnin tənzimlənməsindən kənarda verilən qərarlar, razılaşmalar və atılan addımlar bundan sonrakı mərhələdə böyük sülhün əldə olunması  üçün şərtləri formalaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlər də üçtərəfli razılaşmadan doğan öhdəlik və məsuliyyətin həyata keçirilməsində bir operator rolunu oynayır.

Həmsöhbətimiz qeyd edib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin əsasında da üçtərəfli razılaşma dayanır. Avropa İttifaqının vasitəçiliyi ilə proses daha da sürətlənə bilər. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun razılaşmalarının həyata keçirilməsi ilə bağlı Avropa İttifaqının operator kimi görəcəyi işlər var. Bu humanitar işlərdən başqa, delimitasiya və demarkasiya prosesinə də faydalı ola bilər. Digər tərəfdən, Azərbaycanla Ermənistanın bütün müstəvilərdə birbaşa təmasda olması daha vacibdir. Çünki üçüncü qüvvələrin təsirləri normallaşma prosesinin  mürəkkəbləşməsində öz sözünü deyir. “Məsələ ondadır ki, Avropa İttifaqı  Ermənistan üçün 2.6 milyard avro kredit və qrant verməyi nəzərdə tutur. Bu vəsaitin böyük hissəsi qrantdır, yəni geri qaytarılmayan maliyyədir. Bu maliyyənin Ermənistana verilməsi ilə rəsmi İrəvanın atmalı olduğu addımların icrasına məcbur edə bilər, bununla da 44 günlük Vətən müharibəsindən sonra   mövcud şərtlər altında öz mövqelərini möhkəmləndirəcək. Avropa İttifaqının bu yöndə vasitəçiliyi faydalı ola bilər”,-deyən politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti toplantısının Brüsseldə keçirilməsi bu baxımdan əhəmiyyətli olacaq.  Y.Hacıyeva söyləyib ki, ümumilikdə Avropa İttifaqı  humanitar məsələlər, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərində nəticəyə yönəlmiş  addımlar atmaqla bölgədə öz mövqelərini möhkəmləndirə bilər.

Amma politoloq hesab edir ki, bütün hallarda və mövcud şərtlərdə Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə Cənubi Qafqazda yeni mənzərənin formalaşmasında vacib rol oynayır.  Bu dörd ölkə sülhə gedən yolda əsas oyunçulardır. Bu oyunçuların razılaşmaları regionda sülh və sabitlik üçün ciddi zəmin yaradır.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31