Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Laçına qayıdış davam edir...

Laçına qayıdış davam edir...

15.06.2023 [10:20]

İşğaldan azad edilmiş yurdlarımız əsl sahiblərini qarşılamaqdadır

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında post-müharibə dövründə yeni çağırışlar, yeni vəzifələr formalaşdırıb. Ən mühüm prioritetimiz isə işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və “Böyük Qayıdış”ın təmin edilməsi ilə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Azərbaycan işğaldan azad olunmuş torpaqlarında həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüyksədilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.

764 ailə Laçın şəhərində yaşaya bilər

Əhalisinin qayıdışına start verilən rayonlarımızdan biri də Laçın rayonudur. Xatırladaq ki, bu il mayın 28-də Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etmişdi. Ümumiyyətlə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. Bütövlükdə, bəhs olunan dövrdə 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil hazırlanıb. Mayın sonunda ilk 20 ailə Laçında yerləşdirilib.  Qeyd edək ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan yaşayacaq. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Şəhərin Baş planı hazırlanaraq təqdim olunub. “Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”, - deyə dövlətimizin başçısı əminliklə bildirib.

Məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı mühüm vəzifə kimi qarşıya qoyulub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Bütün infrastruktur yaradılıb...

Köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır. Məsələn, TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Ümumi sahəsi 299.50 kvadratmetr olan mərkəz biri 5 çarpayılı stasionar olmaqla, ümumilikdə, 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə-uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur. Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla, o cümlədən ultrasəs müayinə cihazı, portativ rentgen, elektrokardioqraf, əməliyyat masası, ginekoloji müayinə masası və sair cihaz və avadanlıqlarla təchiz edilib.

Burada ilkin cərrahi müdaxilələr üçün cərrah, travmatoloq, ailə həkimi-pediatr, ailə həkimi-terapevt, həkim-mama ginekoloq, mama, tibb bacısı, laborant olmaqla tibbi heyətin fəaliyyət göstərməsi, eyni zamanda, zərurət olarsa, səyyar tibb xidmətlərin təşkili nəzərdə tutulub.

24/7 tibbi xidmətin təmin edilməsi məqsədilə TƏBİB tərəfindən 2 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili Laçın Rayon Mərkəzi Xəstəxanasına təhkim olunub. 2023-cü il mayın 28-dən iyunun 2-dək Laçın Ailə Sağlamlıq Mərkəzində 53 müraciət əsasında tibbi xidmət göstərilib.

Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Dövlət Proqramında qeyd edilən tapşırığın icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ilin 18 may tarixindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu ərazisində TƏBİB-in tabeliyində olan Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzinin qurulması üzrə işlərə start verilib.

Paralel olaraq hazırlanan məktəb binası isə yeni dərs ili üçün hazır olacaq, rayonun ərazisində onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada 1100-dən çox iş yeri açılacaq. Bir sözlə, Laçında həm yaşamaq, həm işləmək üçün hər cür şərait yaradılır.

Daha 22 ailə Laçına qayıtdı...

Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb: daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşayıb. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31