Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türk Dövlətləri Təşkilatının yeni erası

Türk Dövlətləri Təşkilatının yeni erası

18.10.2023 [10:30]

Bərpa olunan sınırlar və sinirlər

Azərbaycan və Türkiyə, o cümlədən Mərkəzi Asiya respublikaları noyabrın 14-də keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti sammitinə hazırlaşırlar.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi təkcə qardaş ölkə Türkiyədə deyil, digər türkdilli ölkələrdə də sevinc və qürurla qarşılanıb. Azərbaycanın böyük zəfəri qardaş türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinin bərpasında çox ciddi stimul, uğurlu motivasiya rolunu oynaya bildi. Azərbaycan öz torpaqlarını azad etməklə təkcə öz sınırlarını yox, bütöv bir xalqın, millətin, eləcə də böyük türk dünyasının 30 ildir gərilən sinirlərini bərpa etdi, böyük Turanın Azərbaycandan qoparılmış sərhədlərini bütövləşdirdi. Azərbaycan Xalqı, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı saxta tarixi darmadağın edərək gerçək tarix yaratdı. Azərbaycan türk dünyasının qarşısında yeni və parlaq bir tarix açdı.

Bu böyük tarixi zəfərin fonunda türk dövlətlərinin birlik, yaxınlıq, əməkdaşlıq meyillərinin gücləndiyinin şahidi oluruq. Müstəqil türk dövlətləri bir-birləri ilə iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirmək, Türk Dövlətləri Təşkilatını regional və beynəlxalq gücə çevirmək yolunda önəmli addımlar atır. Sevindiricidir ki, bütün bu ideya və təşəbbüslərin aparıcı fiquru Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezidentin qətiyyəti, zəkası və uzaqgörən strategiyası hətta Rusiya mediasında da mübahisəsiz etiraf edilir. Xatırladaq ki məhz Azərbaycan prezidentinin Özbəkistana səfərindən sonra bu ölkə ilə Qırğızıstan arasında uzun illərdən bəri mövcud olan sərhəd probleminə tez bir zamanda münaqişəsiz, müharibəsiz son qoyuldu. Özbəkistan və Qırğızıstan Sovet İttifaqının miras qoyduğu düşmənçiliyi, mübahisəli ərazilər, şirin su ilə bağlı davalarını birdəfəlik dayandırdı. Qeyd edək ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər qardaş qırğınına, silahlı insidentlərə səbəb olan onlarla mübahisəli ərazi vardı. “Sizin torpağınız daha azdır” deyərək, Özbəkistan hakimiyyəti böyüklük nümayiş etdirib mübahisəli torpaqları Qırğızıstana bağışladı. Təsəvvür etmək çətin deyil ki, İlham Əliyev şəxsi nüfuzu sayəsində iki qardaş ölkənin torpaq mübahisəsini öz aralarında mehribancasına həll etmələrinə yardımçı olmuşdu.

TDT-yə yeni üzv gəlir

Hazırda türk respublikalarının gündəliyində duran əsas suallar, Türk Dövlətləri Təşkilatının növbəti sammitində nələrin gözləndiyi, hansı sənədlərin imzalanacağı,  qurumun gələcək perspektivləri ilə bağlı məsələlərdir.

Bu arada, regional media Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun Türkiyəyə rəsmi səfər edəcəyi barədə məlumat yayıb. Səfər çərçivəsində Türkmənistan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, o cümlədən, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv kimi qəbulu məsələlərini müzakirə edəcəyi gözlənir.

Sərdar Berdiməhəmmədov sentyabrın 22-də, 42 yaşı tamam olduğu gündə prezident Ərdoğan tərəfindən Türkiyəyə dəvət edilib. Xəbəri “Neytral Türkmənistan” qəzeti yayıb. Rəcəb Tayyib Ərdoğan gənc həmkarı Sərdar Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda qardaş Türkmənistana firavanlıq və səadət arzu edib. Ərdoğan ölkələrinin ikitərəfli formatda, xüsusilə TDT kimi nüfuzlu beynəlxalq təşkilat çərçivəsində əməkdaşlığının dərinləşəcəyinə əminliyini ifadə edib. Siyasi ekspertlər düşünürlər ki, Türkiyə liderinin Türkmənistana bu doğma münasibəti Aşqabadın TDT-yə tamhüquqlu üzvlüyünü reallaşdıracaq. Əlbəttə, az qala eyni dildə danışan iki türk dövlətinin qardaşlıq  münasibətindən daha təbii bir şey yoxdur.

Türkmənistan uzun müddətdir enerji marşrutlarını şaxələndirmək planları hazırlayırdı. Görünür, TDT-yə tamhüquqlu üzv olduqdan sonra Aşqabad yeni layihələrin icrasına başlayacaq. 2023-cü ilin mart ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan TDT-nin fövqəladə zirvə toplantısı zamanı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin yaxın zamanlarda TDT-yə üzv olacağını bəyan etmişdi. Beləliklə, TDT-nin noyabrın 14-də keçiriləcək növbəti sammitində Türkmənistanın türk birliyinə təntənəli şəkildə daxil olması gözlənir.

Rusiyanın türk birliyinə üz tutması

Rusiya mediasını izlədikdə açıq şəkildə görmək mümkündür ki, əslində, ruslar Türk Dövlətləri Təşkilatının nüfuzlu beynəlxalq təşkilata çevriləcəyinə heç də şübhə ilə yanaşmırlar, hətta bir çox hallarda Rusiyanın da bu qurumda təmsil olunması ideyası ilə çıxışlar edirlər.

“Türk Dövlətləri Təşkilatına qoşulmaq region üçün obyektiv prosesdir və hətta yeri gələrsə, Rusiya da bu quruma daxil ola bilər. Rusiyanın quruma üzvlük üçün kifayət qədər əsası var”, - deyən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun regional proqramlar üzrə direktoru Yuri Solozobov belə bir iddia ilə çıxış edib.

Ümumilikdə, bu ideya gerçək ola bilərmi, olmalıdırmı?  Sözsüz ki, bu barədə ciddi müzakirələrin aparılması üçün uzun zaman tələb olunur. Lakin Rusiyanın daxilində 8 türk respublikasının, eləcə də onlarla türkdilli xalq və toplumun mövcudluğunu nəzərə alsaq, əslində, federasiyanın TDT-yə daxil olmaq üçün mənəvi əsaslarının olduğunu inkar edə bilmərik. Bütün hallarda reallıq ondan ibarətdir ki, Rusiya Avrasiyada türk birliyinin siyasi varlığını qəbul edir və regional güc olaraq türk faktoru ilə hesablaşmalı olur.

Söz sahibi Azərbaycan

Türk Dövlətləri Təşkilatına üzv olduqdan sonra Türkmənistan qazının TANAP xətti ilə Azərbaycana, Azərbaycandan Türkiyəyə, oradan da Avropaya daşınması planlaşdırılır. Beləliklə, türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa İttifaqına daşınması Türkmənistan, eləcə də region dövlətləri üçün yeni imkanlar açır. Transxəzər qaz kəmərinin tikintisi planını da buraya əlavə etsək, türk dövlətləri coğrafiyasında yeni, nəhəng enerji və logistika layihələrinin gerçəkləşəcəyi tarixin uzaqda olmadığına əmin ola bilərik.

Transxəzər marşrutu ilə bağlı məsələlər Rusiyada da diqqətlə izlənir. Türkmənistanın TANAP xəttinə qoşulmasına şübhə ilə yanaşan bəzi rusiyalı ekspertlərin fikrincə, türkmən qazının Xəzəryanı dövlətlərin indiyə qədərki infrastrukturu vasitəsilə daşınması daha real olardı.

“Azərbaycan Türkiyə qaz qovşağının yaradılması layihəsinə qoşulduqdan sonra vəziyyət kəskin şəkildə dəyişə bilər”. Bu fikri Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak deyib. Novak layihə barədə danışarkən: “Bu, həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir proyektdir. Bu məsələ ilə maraqlanan başqa ölkələr də var. Məsələn, Azərbaycan da sözgedən layihədə iştirak etməyə hazırdır”, - söyləyib.

Bir çoxları əmin olmasalar da, Türkmənistanın bu qaz qovşağının yaradılmasında iştirakçıya çevrilməsi tamamilə mümkündür.  Bu ehtimalı Rusiyada da qəbul edənlər var: “Türkmənistan regionda enerji və logistika birlikləri planlarında Azərbaycandan sonra növbəti tərəfdaşdır. Türkmənistanın enerji resursları olmadan Türkiyədə qaz qovşağı tamamlanmayacaq. Bu layihə Rusiya üçün də maraqlıdır. Bu proyekt Rusiya qazını istənilən üsulla Avropa bazarına çıxarmaq imkanı verəcək. Hesab edirəm ki, bu, çox yaxşı ideyadır və Rusiya hakimiyyəti tərəfindən də dəstəklənəcək”, - bu fikirləri Xəzər Strateji Araşdırmalar İnstitutunun regional proqramlar üzrə direktoru Yuri Solozobov yerli mediaya müsahibə verərkən söyləyib. 

Sonda demək istərdik ki, ümumiyyətlə, Rusiya mediasında ölkəmizin əhəmiyyəti, Bakı ilə əməkdaşlığın vacibliyi, Azərbaycanın regionda söz sahibinə çevrilməsi, Prezident İlham Əliyevin yüksək siyasi imici, beynəlxalq nüfuzu haqda müsbət nüanslar mütəmadi olaraq vurğulanır və Rusiyanın Azərbaycanla yaxşı münasibətlər saxlamasının vacibliyinə xüsusi diqqət yetirilir. Hətta Türkmənistan qazı barədə danışarkən belə Rusiya Baş nazirinin müavini bu ölkənin məhz “Azərbaycandan sonra” ikinci önəmli tərəf olduğunu qeyd edir. Sözsüz ki, bütün bu məqamlar Azərbaycanın təkcə hərbi sahədə yox, siyasi-diplomatik səhnədə də mükəmməl oyunçu olduğunu sübut edir.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31