Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qarşılıqlı həll yolu...

Qarşılıqlı həll yolu...

12.12.2023 [10:40]

İlham Əliyev: Sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm

44 günlük Vətən müharibəsinin ardından Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, başqa sözlə, sülh məsələsi əsas prioritet kimi çıxış edir. Bu məsələ həm regional, həm də qlobal mənada mühüm aktuallıq daşıyır. Çünki Cənubi Qafqazda davamlı sülhün əldə olunması, təhlükəsizlik arxitekturasının formalaşdırılması bir tərəfdən regional problemin həllini özündə əks etdirirsə, bölgədə sabitliyi təmin edəcəksə, digər tərəfdən qlobal layihələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq - yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması, həm də müəyyən mənada, Ermənistan ilə Azərbaycan arasında sülhün tez bir zamanda yaradılmasından asılıdır. Düzdür, Ermənistanın bəzi davranışları, xüsusilə Azərbaycanın son sülh variantını 70 gündən sonra cavablandırması qarşıdakı yaxın gələcək üçün birmənalı proqnozlar səsləndirməyə imkan vermir - bu ölkənin sülh prosesi ətrafında əl atdığı siyasi manipulyasiyalar, törətdiyi siyasi təxribatlar rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək arzusunu istisna edir. Bununla belə, son zamanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayması, qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi qərarı, Ermənistan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi müsbət impulsların artmasının göstəricisidir. Bu kimi faktlar həm də qarşılıqlı təmasların ikitərəfli müstəvidə inkişafı üçün mühüm zəmin yaradır.  

Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq...

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil: “Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb. Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə biz olduq. Bir sözlə, hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil”.

Bəli, yeni siyasi reallıqlar sülh prosesinin inkişafına mühüm müsbət təsirlər göstərmək imkanını özündə ehtiva edir. Bəzi məqamlar Ermənistan tərəfinin davranışlarında artıq yeni çalarların yaranması üçün zəmin formalaşdırıb. Bu ölkə dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir - sosial problemlərin girdabında əzilən, maddi imkanları olmayan Ermənistan konstruktiv mövqeyinin qarşılığında regionun ümumi mənzərəsinə, ruhuna uyğun inkişaf yoluna qədəm qoyacaq. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarına yolunu açacaq. Eyni zamanda, İrəvanın antiterror tədbirləri dövründə davranışları da bu ölkənin sülhə doğru addım atmaq istədiyini müəyyən mənada dəstəkləyir.

Sülh sazişi imzalanmasa...

Eyni zamanda, siyasi proseslərin inkişafı, yeni iqtisadi mənzərə vahid reallığı növbəti dəfə rəsmi İrəvanın qarşısında çağırış kimi səsləndirilir - Ermənistanın başqa çıxış yolu yoxdur, Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə qeyd edildiyi kimi, yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. Sülhün bütün detalları Azərbaycanın mövqeyi ilə uzlaşdırılır -  Ermənistan isə sonda bu qərara imza atmaqla həm özünü xilas edəcək, həm də yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Rəsmi İrəvan sülhün əksinə nə qədər çalışdısa da, başqa yolunun olmadığını özü etiraf etdi - İkinci Qarabağ müharibəsi regiondakı siyasi vəziyyəti köklü şəkildə dəyişmişdisə, lokal antiterror tədbirləri bu mənzərəni daha da dəqiqləşdirdi. Və yaranan bu yeni mənzərədə bir detal xüsusilə diqqəti cəlb edir - Azərbaycan yeni əməkdaşlıqlar platformaları təsis etməkdədir. Bu amil həm də onu deməyə əsas verir ki, regionla bağlı veriləcək qərarlar, atılacaq addımlar Azərbaycanın Cənubi Qafqazın yüksəktempli inkişafı üçün nəzərdə tutduğu strateji yol xəritəsinə əsaslanacaq. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibədə bildirib ki, düşünürəm ki, sülh üçün alternativ yoxdur: “Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Beləliklə, Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.

Ən vacib şərtlərdən biri...

İmzalanacaq sülhün şərtlərinə gəldikdə isə, burada da Azərbaycanın yaratdığı ədalət mənzərəsinə diqqət çəkmək lazımdır. Azərbaycan regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü şərtlər real zəmindir. Ölkəmizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi 5 baza prinsiplərinə nəzər saldıqda bunu görməmək mümkün deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəndə vurğulayıb ki, bütün bunlar beynəlxalq hüquqa əsaslanır: “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.

Bu həm mənəvi, həm də hüquqi cəhətdən ədalətli bir yanaşmadır - 30 il bundan öncə zorla öz yurd-yuvasından, evindən didərgin salınmış azərbaycanlıların öz doğulub boya-başa çatdığı ərazidə yaşamaq hüququ tanınmalıdır. Və bu hüquq ermənilərin Qarabağda yaşaması hüququ ilə analogiya təşkil etməlidir. Sülh üçün ən real şərtlərdən biri də məhz budur...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31