Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Haqlı tələbimiz təmin olundu

Haqlı tələbimiz təmin olundu

15.12.2023 [10:55]

Arazdəyən metallurgiya zavodunun yeri dəyişdirildi

Arazdəyəndə inşası dayandırılan metallurgiya zavodu başqa yerə köçürüləcək. Bu barədə “Sputnik Armenia” və digər nəşrlər  məlumat yayıb. Məlumatda deyilir ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin dünən qəbul etdiyi qərara əsasən köçürüləcək. Zavod Ararat rayonunun Ararat kəndi ərazisində tikiləcək.

Qərəzli iqtisadi fəaliyyət

Cari ilin yayında metallurgiya zavodunun tikintisi ilə bağlı Ermənistanın rəsmi şəxslərinin verdikləri məlumatlarda bildirilirdi ki, müəssisənin qurulmasına 70 milyon dollar investisiya yönəldiləcək. Zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq. Burada ildə 180 min ton məhsul istehsalı nəzərdə tutulur.

 Çox doğru olaraq belə nəhəng zavodun iki ölkə arasındakı sərhədlərə yaxın ərazidə inşa olunması xoş olmayan qonşuluq siyasətinə əsaslanan qərəzli iqtisadi fəaliyyət kimi dəyərləndirildi. Belə yanaşmalar tarixi reallıqlara istinad edilməklə ortaya qoyulurdu. Regiona ayrı-ayrı imperiya mərkəzlərinin maraqlarının təmin olunması məqsədilə köçürülən ermənilər sonradan burada sözün əsl mənasında “özümə yer edim, gör sənə nə edirəm” prinsipindən çıxış etməklə bu yerlərin aboregen sakinləri olan azərbaycanlılarla qərəzçilik etməyə, onları indiki Ermənistan ərazisindən sıxışdırıb çıxarmağa başlayıblar. Ötən yüzillikdə azərbaycanlılar Ermənistandan bir neçə dəfə deportasiyaya məruz qalaraq İrəvandan, Qərbi Zəngəzurdan və digər tarixi torpaqlarımızdan çıxarılıblar. Sonuncu belə deportasiya ötən əsrin səksəninci illərinin sonlarında baş verib. Hazırda bu ölkə dünyanın monoetnik tərkibə malik azsaylı dövlətlərindən biridir.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində isə Ermənistan havadarlarının dəstəyi ilə müstəqil Azərbaycanın ərazilərinin 20 faizini işğal altına aldı. Bu ərazilərin 1 milyondan artıq sakini məcburi köçkün vəziyyətinə düşdü. Ermənilər işğal illərində öz nəzarətlərində saxladıqları ərazilərimizdə miqyası ölçüyəgəlməz dərəcədə böyük olan vandalizm əməlləri törədiblər, tarixi mədəni-dini irsimizi dağıdıblar. Ölkəmiz ərazi bütövlüyünü 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində hərbi-siyasi yolla təmin etdi.

Azərbaycan Ermənistanın pis qonşuluq siyasətindən əziyyət çəkən yeganə ölkə deyil. Ermənistan Türkiyəyə də ərazi iddiaları sərgiləyir. Eyni zamanda, bu ölkədə Gürcüstanın Cavaxetiya adlanan bölgəsi ilə bağlı sərsəm iddialar da çox tez-tez gündəmə gəlir.

Ermənistanın öz ərazisində metallurgiya zavodunun tikintisinə qərar verməsi bu ölkənin xoş olmayan niyyətə əsaslanan xəbis qonşuluq siyasəti aparmasının daha bir təzahürü idi. Söhbət ondan gedir ki, son 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan, bütövlükdə, regionu müharibə riskləri ilə üz-üzə qoyan Ermənistan iri metallurgiya zavodunu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Yerasx adlandırılan bölgədə inşa edilməsinə qərar vermişdi. İlk növbədə onu xatırladaq ki, bu yerlərin tarixi adı Arazdəyən olub. Arazdəyən İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda bir kənd idi. Adından da göründüyü kimi, Araz çayının sahilində yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib  və Yerasx adlandırılıb. Erməni əhali buraya 1897-ci ildə köçürülüb.

Əlbəttə, hər bir ölkənin öz ərazisində hansısa bir təyinatlı müəssisə qurmaq hüququ var. Ancaq həmin müəssisənin fəaliyyətinin digər ölkənin ərazisinə təsir ehtimalları varsa, burada mütləq qaydada ortaq məxrəc tapılmalı və qarşılıqlı razılaşma əldə olunmalıdır. Yeri gəlmişkən, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə  ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək istəyinə dərhal münasibət bildirib. R.Səttarzadə KİV-ə açıqlamasında belə fəaliyyətlər zamanı əməl edilməsi zəruri olan beynəlxalq prinsiplərə diqqət çəkib. O qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə də yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

Vaxtında çalınan həyəcan təbili

Ermənistanın xarici sərmayə cəlb etməklə Azərbaycan və Türkiyə sərhədlərinin yaxınlığında iri metallurgiya zavodunun inşasına qərar verməsi ekoloji nöqteyi-nəzərdən də həyəcan təbili çalmağa əsas verirdi. Narahatlığa əsas yaradan səbəblər çoxdur. Metallurgiya müəssisələri bir qayda olaraq zərərli istehsalatlar sırasına daxil edilir. Mütəxəssislər bildirirlər ki, bu qəbildən olan istehsalatların fəaliyyətinin nəticəsi olaraq bir sıra toksik tullantılar yaranır. İstehsal prosesində zəruri qaydada işlədilən çirkab sularında sulfidlər, cürbəcür nitratlar, siyanidlər olur. Əgər Ermənistan əlvan metallar istehsal edəcəksə, məsələn, arsen, civə kimi tullantılar meydana gələcək. İstehsalatdan çıxan və tərkibi zərərli maddələrlə yüklənmiş çirkab sularının axıdılacağı yeganə ünvan isə heç şübhəsiz ki, Araz çayı olacaqdı.

Ermənistan tərəfindən uzun illər ərzində Qafan, Qacaran, Dastakert kimi mədən ərazilərində qızıl, mis və digər əlvan metalların istehsalı zamanı Arazın qollarını təşkil edən ayrı-ayrı çaylara çoxlu miqdarda toksik maddələr axıdılıb.  İşğal illərində Oxçuçayın hansı səviyyədə çirkləndirildiyini xatırlayaq. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan 2021-ci ildə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.

Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Qarşı tərəf torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.

Ermənistanın fiziki və mənəvi cəhətdən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının ömrünü uzatmaq planları da bu ölkənin beynəlxalq hüquqa, o cümlədən də ekoloji hüquq normalarına məhəl qoymamasını açıq şəkildə təzahür etdirir. Azərbaycan məsələ ilə bağlı Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürüb. Həmin komitə tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən bu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb.

Bütün bu kimi faktların fonunda Ermənistanın sərhədlərimizə yaxın ərazidə metallurgiya zavodu inşa etməsinə seyirçi qalmaq mümkün deyildi. Azərbaycanın müvafiq qurumları, o cümlədən də vətəndaş çəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları vaxtında həyəcan təbili çaldılar. Görünür, Ermənistan hökuməti Azərbaycanın və beynəlxalq təşkilatların sərt etirazlarını nəzərə alaraq zavodun yerinin dəyişdirlməsinə qərar verib. Azərbaycan bütün məsələlərdə haqq-ədalət mövqeyindən çıxış edir. Buna görə də ölkəmizin arqumentlərini sadəcə olaraq nəzərə almamaq mümkün deyil...

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31