Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 22 ölkədən 400-ə yaxın şirkət...

22 ölkədən 400-ə yaxın şirkət...

16.10.2024 [10:28]

Bakıda keçirilən “Xəzər İnşaat Həftəsi” ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında vacib məkan rolunu oynayır

Oktyabrın 15-də Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində ən önəmli tədbirlərindən biri olan “Xəzər İnşaat Həftəsi” işə başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində 4 sərgi təşkil olunub ki, bura 22 ölkədən 380-dən artıq şirkətin nümayəndəsi qatılıb. Sərgilərdə Azərbaycan, Türkiyə, İran, Rusiya, Belarus, Özbəkistan, Çin, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Rumıniya, Avstriya, Finlandiya, Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrin inşaat, təmir-tikinti, dizayn, interyer, avadanlıqlar, tikinti və sənaye texnologiyaları sektorlarını təmsil edən tanınmış şirkət, nüfuzlu holdinq və korporosiyaların biznes üzvləri öz imkanlarını nümayiş etdirir. Bu ilki sərgilərdə əvvəlki illə müqayisədə Çin şirkətlərinin sayında daha çox artım müşahidə olunur ki, bu da Bakı-Pekin müttəfiqlik münasibətlərinin yeni ruhunun bir göstəricisidir. Eləcə də Özbəkistanla inşaat-sənaye sahəsində son bir ildə əməkdaşlığın güclənməsi bu ölkənin 20-dən çox şirkətinin sərgiyə qatılmasına motivasiya yaradıb.

2003-cü ildə əsası qoyulmuş ənənə...

Xatırlatma üçün əlavə edək ki, 2003-cü ildən tikinti və inşaat infrastrukturları sektorunun təmsilçilərinin ənənəvi platformasına çevrilmiş “Xəzər İnşaat Həftəsi” ən son texnologiyaların və innovativ həllərin inteqrasiyasının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Yerli və xarici biznes icması arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verən mühüm beynəlxalq tədbir kimi “Xəzər İnşaat Həftəsi” Xəzər regionunun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında da vacib məkan rolunu oynayır.

Hər il regional əhəmiyyətini  artıran bu tədbir tikinti sektoruna aid ən qabaqcıl texnologiyalar, yeni inşaat modelləri üzrə təcrübələrin bölüşülməsi, təchizatçılar və tikinti peşəkarlarının yeni işgüzar əlaqələrinin qurulması, potensial tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi baxımından əlverişli fürsət və imkanlar deməkdir.

Ən inkişaf etmiş ölkələrin iqtisadiyyatında xüsusi yer tutan tikinti sektorunun iri investorlarının bir araya gələrək biznes imkanları və yeni ideyalarını təşviq etməsi isə nəticə etibarilə ümumilikdə tikinti biznesi icması arasında əlaqələri də möhkəmləndirir. Məhz bu əməkdaşlıq sayəsində müasir inşaat konseptləri də yenilənir, tikintinin keyfiyyəti və müasir siması da artır.

“Yaşıl tikinti” üçün yaşıl meydan...

Cari ildə təşkil edilən “Xəzər İnşaat Həftəsi”nin mühüm özəlliyi isə COP29-a ev sahibliyi edən Azərbaycanın ətraf mühitin qorunmasında xüsusi əhəmiyyət kəsb edən müasir tikinti texnologiyalarının geniş tətbiqi və “yaşıl texnologiyalar” üzrə təşəbbüskarlığının artdığı dövrə təsadüf edir.

Azərbaycanın müasir inkişaf gündəliyində ekoloji mühitə zərərlərin azaldılması, dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi mühüm yer tutur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Həmin tədbirlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayan “yaşıl tikinti” meyarlarına nail olmaqdır. Sənaye sektorunun ətraf mühitə zərərlərinin azaldılması və karbon emissiyasının azaldılmasının təşviqi məqsədilə Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü 2024-cü il uyulun 30-da “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”ni imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir.

“Ağıllı texnologiyalar”ı təşviq edən güzəştlər...

“Yaşıl tikinti” layihələri ekoloji cəhətdən təmiz və sağlam binalar tikmək üçün istifadə olunur. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. Bu prinsiplərdən irəli gələn əsas məsələlərdən biri tikinti sənayesi sektorunda karbon emissiyasının təsirlərinin azaldılması və “yaşıl tikinti” normalarının təşviqi məqsədilə vergi sistemində də dəyişikliklər də nəzərdə tutulur. Belə ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir.

Bütün bunlar ölkəmizdə “yaşıl tikinti” üzrə dünyada ən qabaqcıl meyarlara əsaslanmaqla, tikinti şirkətlərinin ətraf mühitlə bağlı daha yeni texnologiyalardan, ələlxüsus da “ağıllı texnologiyalar”dan istifadəsi imkanlarını artırmaqdır.

Bu baxımdan “Xəzər İnşaat Həftəsi”nin cari gündəliyi qeyd edilən meyaralara daha çox uyğundur və sərgilərdə iştirak edən şirkətlərin nümayiş etdirdiyi tikinti texnologiyaları, layihələr də məhz “yaşıl konsepsiyaya” söykənir.

“Rebuild Karabakh” - azad ərazilərdə tikinti sərmayələri üçün yeni fürsətlər...

“Xəzər İnşaat Həftəsi” çərçivəsində Azərbaycanda Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisinin təşkili isə xüsusi əlamətdar iqtisadi hadisə kimi qiymətləndirilə bilər. İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, eləcə də digər azad olunmuş rayonlar üzrə Prezidentin xüsusi nümayəndəliklərinin, Qarabağ Dirçəliş Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər təşkilatların təmsilçilərinin “Rebuild Karabakh” sərgisinə dəstək verməsi tədbirin əhəmiyyətini daha da artırmış olur.

Artıq 4-cü dəfədir ki, təşkil olunan “Rebuild Karabakh” sərgisinin əsas məramı Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Habelə, digər əsas hədəf Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarına investisiyaların həcmini artırmaq, xarici şirkətlərin bu ərzailərdə infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını təşviq etməkdir.

Hazırda Azərbaycanın böyük tikinti meydanına çevrilmiş azad ərazilər tikinti-inşaat sektorunun yeni ünvanı kimi diqqəti cəlb edir. Bu bölgədə dayanmadan fasiləsiz aparılan tikinti-quruculuq işlərində ən qabaqcıl tikinti normaları, müasir texnologiyalardan istifadə edilir, “ağıllı tikinti” modeli genişlənməkdədir.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işlərində ekoloji yönümlü tikintilərə daha çox önəm verilir, ekoloji sağlam tikinti materiallarının istehsalı və bu prosesə bərpa olunan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən geniş istifadə olunur.

Xarici biznes icmasını azad ərazilərə həvəsləndirən görüşlər....

Bu baxımdan, “Rebuild Karabakh” sərgisi azad edilmiş ərazilərdə ən yeni “ağıllı tikinti” texnologiyalarının, innovasiyaların tətbiqi, bu sahəyə dünyanın iri tikinti-biznes sektorlarının nümayəndələrinin cəlb edilməsi sahəsində yaxşı fürsət hesab edilə bilər. Eyni zamanda, sərgiyə qatılan biznes icmasının azad ərazilərin yenidən qurulmasında potensial investor kimi qoşulması imkanlarının təşviqi, onlar arasında yeni müqavilələrin bağlanması üçün də əlverişli zəmin yaradır.

Həmçinin sərgi sahəsinin satışından əldə olunan gəlirlər azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edilir ki, bu amil də “Rebuild Karabakh”ın əhəmiyyətini artırır.

Ümumilikdə, iqtisadiyyatın əsas sahələrindən olan inşaat sektoru iqtisadi inkişafda, xüsusilə də iqtisadiyyatın dayanıqlığının möhkəmlənməsində önəmli rola malikdir. Tikinti sektoru ilə bütün iqtisadi zənciri hərəkətə gətirmək, digər sahələr üçün tələb və təklif yaratmaq mümkündür. Ona görə də dünya inşaat ailəsini bir araya gətirərək onları müasir biznes təşəbbüsləri əsasında real işlərə təşviq etmək iqtisadi inkişafa dəyər qatmaq üçün yaxşı fürsət deməkdir. Bu baxımdan, “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil edilən görüş və müzakirələr yuxarıda qeyd etdiyimiz əsas hədəf prinsiplərinə çatmaqda mühüm platforma rolunu oynayacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31