Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bir hakimin həyat yolu: qanunun aliliyi naminə yeni zirvələrə doğru

Bir hakimin həyat yolu: qanunun aliliyi naminə yeni zirvələrə doğru

15.11.2016 [10:03]

Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində ciddi islahatlar həyata keçirilir. Bu istiqamətdə proseslər Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursla sürətlə davam edir. Başqa sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də ciddi yeniləşmələr baş verir. Qanunlar qəbul edilir, konkret addımlar atılır, sistemin fəaliyyət mexanizmləri tənzimlənir. Bunlar hüququn aliliyini daha yüksək səviyyədə təmin etmək üçün reallaşdırılır. Təbii ki, həmin prosesdə mühüm faktorlardan biri də layiqli kadrların olmasıdır. Müstəqil Azərbaycanda yeni tələblər səviyyəsində işləyən kadrlar çoxdur. Hakimlər sırasında da belə insanlar az deyil. Onlardan biri haqqında bu kiçik yazıda bəhs etmək istərdik.
Məhkəmə-hüquq sisteminin islahatları və kadrlar: layiqlilərin önə çəkilməsi
Hüquqi dövlət quruculuğu mürəkkəb prosesdir. Dünya təcrübəsi göstərir ki, bu məsələdə uğur qazanmaq üçün bir çox faktorları nəzərə almaq lazım gəlir. Bunlara mövcud məhkəmə-hüquq sisteminin möhkəmləndirilməsi ilə yanaşı, zamanın tələblərinə uyğun mütəmadi olaraq islahatların aparılması da aiddir. Bu isə kifayət qədər təmkinli, peşəkar və elmi yanaşma tələb edir. Çünki müasir mərhələdə dövlətin və cəmiyyətin fəaliyyətində böyük rol oynayan orqandır. O, funksiyasını hüquqi cəhətdən peşəkar, sosial baxımdan ədalətli və eyni zamanda, şəffaf yerinə yetirməlidir. İnsan hüquqlarının maksimum dərəcədə qorunması bütövlükdə hüquq-mühafizə orqanlarının, o cümlədən məhkəmə sisteminin müqəddəs vəzifələri sırasına daxildir.
Azərbaycanın müstəqillik tarixinə nəzər saldıqda, məhkəmə-hüquq sisteminin daim təkmilləşdirildiyini görürük. Ulu öndər Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı “Məhkəmələr və hakimlər haqqında” qanun bu aspektdə irəliyə doğru ciddi bir addım oldu. Həmin sənəd qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rol oynadı. O cümlədən burada hakim vəzifəsinə seçkilərin test üsulu ilə keçirilməsi öz əksini tapıb. Bu, həmin prosesi açıq, şəffaf, obyektiv və ədalətli aparmaq üçün əhəmiyyətli imkan yaratdı. Təsadüfi deyil ki, həmin qanun əsasında Azərbaycanın məhkəmə sisteminə gənc, istedadlı, bacarıqlı və ədalətli hakimlər gəldi. Bu prosesin düzgün aparılmasında 2000-ci ildə yaradılmış Məhkəmə-Hüquq Şurası həlledici rol oynadı. Şura layiqli namizədlərin seçilməsi işinə böyük töhfələr verir, habelə namizədlərin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir. Bu qurum hakimlər və məhkəmələrlə bağlı başqa məsələlərə də baxır və bu işlərin öhdəsindən peşəkar səviyyədə gəlir. Bunun nəticəsidir ki, bir qayda olaraq layiqli namizədlər mərhələləri uğurla keçirlər. Bu barədə həmin prosedurları keçən namizədlərin özləri danışır, məsələyə tam obyektiv yanaşıldığını qeyd edirlər.
Prezident İlham Əliyev hazırda Ulu öndərin məhkəmə-hüquq sistemində başladığı islahatları uğurla davam etdirib. 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun qəbul olunub. “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib. 17 avqust 2006-cı il tarixdə “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Fərman imzalanıb. Bununla Azərbaycanda hakimlərin sayı 153 ştat artırılıb. Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanunun bu sahədə çox faydalı nəticələri olduğunu ayrıca vurğulamaq lazımdır. Bununla Azərbaycan hakimlərinin daha uğurlu, inamlı və ədalətli çalışması üçün daha geniş imkanlar yaradılıb. Onların sırasında bacarıqlı və peşəkar hakim İlham Kərimli də vardır.
Gənc hakim: xeyirxah, ədalətli və zəhmətkeş
Kərimli İlham Əziz oğlu 1972-ci ildə dünyaya göz açıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Gənc olmasına baxmayaraq, onun zəngin iş təcrübəsi var. 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda prokuror kriminalistlikdən başlayan peşə yolunun indiki mərhələsi Abşeron Rayon Məhkəməsinin hakimliyidir. Onun qət etdiyi həyat yolu böyük zəhmətkeşlik, ədalətlilik və obyektivliklə xarakterizə olunur. O, Ordubad, Astara, Şabran rayon prokurorlarının köməkçisi vəzifələrində çalışanda nə dərəcədə sadə, obyektiv və ədalətli idisə də, Abşeron Rayon Məhkəməsinin hakimi kimi də eyni keyfiyyətlərə malikdir. Bu, hüquq sahəsində işləyənlər üçün vacib bir xüsusiyyətdir. Ulu öndər xəbərdar edirdi ki, “Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”. Burada böyük hikmət var.
O cümlədən Heydər Əliyev hüquq sahəsində çalışanların tutduqları vəzifədən asılı olmayaraq ədalətli, qətiyyətli, peşəkar və obyektiv olmasını mühüm şərt kimi qarşıya qoyurdu. İnsan vəzifə pillələrində yüksəldikcə həmin keyfiyyətlər itirilməməlidir. İlham Kərimlini tanıyanlar onun hər zaman bir mövqedə və xasiyyətdə olduğunu yaxşı bilirlər. Gənc hakimin insanlara münasibətində son dərəcə obyektiv, diqqətli olması, onları sona qədər səbirlə dinləməsi düzgün qərar qəbul etməsində böyük rol oynayır.
İlham Kərimli prokuror əvəzi və sonra hakim kimi götürdüyü bütün işlərdə insan olaraq səmimiliyi ilə hüquqşünas olaraq obyektivliyin optimal nisbətini tapa bilib. Bu səbəbdən onun insanlarla rahat işlədiyi haqqında çox danışırlar. Burada Uinston Çörçillin bir kəlamı da yerinə düşür. O deyib ki, “sivilizasiya... ədalətlə qanunçuluğu bir yerdə tələb edir”. Yəni hüquqi sivil dövlətdə məhkəmə-hüquq sistemi qanunçu olduğu qədər ədalətli və səmimi olmalıdır, vətəndaşlara böyük diqqət və qayğı göstərməlidir. Ulu öndər Heydər Əliyevin qanunçuluqla yanaşı, ədaləti, humanizmi, prinsipiallığı, qayğını da daim önə çəkdiyini hər kəs bilir. Hüquqi dövlət quruculuğunda bu keyfiyyətlərin bir-birilə uyğunlaşmasının vacibliyi mütləq vurğulanmalıdır. Çünki vətəndaş cəmiyyətində hüququn var gücü ilə işləməsi üçün kadrların insani keyfiyyətlərinin yüksək olması, əxlaqlı, vicdanlı və ədalətli davranması əhəmiyyətli məsələlərdəndir. Təsadüfi deyil ki, dünyanın böyük alimləri, müdrikləri və peşəkar hüquqşünasları peşə etikası haqqında son zamanlar daha çox danışırlar. Müasir cəmiyyətlərdə insan haqlarına hörmətlə yanaşmaq, humanist, tolerant olmaq, səbirlə hərəkət etmək və heç kəsin haqqına girməmək uğurlu kadr olmağın əsas şərtlərindən biridir. İlham Kərimli bu meyarların hamısına layiq olan bir hakimdir.
İlham Kərimlinin hakim kimi maraqlı xüsusiyyətlərindən biri də ədalətlə xeyirxahlığı uyğunlaşdırmasıdır. O, bunu özünün əsas həyat prinsiplərindən biri sayır. Hakim ədalətlə xeyirxahlığın “əkiz qardaş” olduğunu deyir. Bu fikrin mənasını anlamaq bir qədər intellektual səy tələb edir. Görünür, burada qədim müdriklərdən birinin söylədiyi aşağıdakı aforizm yerinə düşür: “Xeyirxahlıq olmadan ədalət çox şeyə nail ola bilməz. Ədalətsiz xeyirxahlığın isə heç bir dəyəri yoxdur”. Doğrudan da, çox maraqlı fikirdir. Burada ədalətlə qanun arasında sıx bağlılığı da görmək olur.
Müdrik Sokrat, bəlkə də, belə incə məqamları nəzərə alaraq hesab edirdi ki, hakimlər ədalətin mücəssəməsidir. Hakim kimi həssas bir vəzifə məqamında olan hər bir kəs üçün bu faktorlar böyük məna kəsb etməlidir.
Abşeron rayonunda hakimin iş otağının qapısını vətəndaşlar inamla döyürlər. Onlar bilirlər ki, onları ədalətli və xeyirxah bir insan qarşılayacaq. İlham Kərimlinin iş otağından ümidsiz çıxan olmur. İnsan özünün haqlı olduğuna deyil, qanunun pozulmayacağına inamla oranı tərk edir. İ.Kərimlinin üzərinə götürdüyü hər bir işin gedişatı da göstərir ki, bu, həqiqətən də, belədir - hakim qanunun bütün mənalarında aliliyini saxlayır. Bəzən iş yoldaşları İ.Kərimlinin xasiyyətindəki bu məqama təbəssümlə qiymət verirlər. Onun qanunları öyrəndiyini deyirlər. Yəni hakim, əslində, bütün qanunları yaxşı bilir, ancaq yenə də hansısa incəliyi axtarır. Bu keyfiyyətinə görə İ.Kərimliyə “alim-hakim” də deyirlər. Ancaq Volfqanq Hötenin çox maraqlı bir qeydi var. O yazırdı: “Bütün qanunları öyrənənlərin onları pozmağa vaxtı qalmaz”!
Məhəmməd Peyğəmbər (ə.s.) insanın məzar evinə qədər elm öyrənməli olduğunu buyururdu. Bu gün məhkəmə-hüquq sistemində çalışanlar üçün bu, əsas fəaliyyət şüarı olmalıdır. Çünki dünya sürətlə dəyişir, cəmiyyət yeniləşir. Bu prosesdən kənarda qalmaq mümkün deyil.
Asim BAYRAMOV,
Hüquq üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31