Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müəllim bir şama bənzər, özünü tükədərək başqalarına nur verər

Müəllim bir şama bənzər, özünü tükədərək başqalarına nur verər

24.11.2016 [10:00]

Yaxud “Türk olmaq, özünü Türk hiss etmək başqa bir şey” deyən Ali Devrim xatirələrdə necə qaldı?
“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu fikrini heç də təsadüfən xatırlamadım. Məsələ burasındadır ki, noyabrın 24-ü dahi Mustafa Kamal Atatürkə baş müəllimlik statusunun verilməsinin növbəti ildönümü, həmçinin qardaş ölkədə müəllimlər günüdür. Və bu yazıda bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin Ümummilli liderlərinin təhsil haqqında arzularını öz müqəddəs əməlində təcəssüm etdirən, həmçinin Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Turan Yazqanın yolunun fədakar davamçısı, Turan Yazqana olan sevgisini hər addımda təsdiqləyərək, Bakı Atatürk Litseyinə əbədilik qazandıran rəhmətlik Ali Devrim haqqında bəzi məqamlara toxunacam.
Həyatını Türk dünyasına xidmətə həsr etmiş, dostlarla söhbətində “Türk olmaq, özünü Türk hiss etmək başqa bir şey” deyən Ali Devrim Azərbaycandakı ilk iş yeri olan Bakı Türk Anadolu Litseyində çalışdıqdan sonra 2013-cü ildən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyinə müdir təyin olunmuşdu. Yadımdadı, təyinatından bir müddət sonra ondan “Yeni Azərbaycan” qəzeti üçün müsahibə götürməyə getmişdim. Və söhbətə başlayan ilk andan bu insanın qəlbində Azərbaycan sevgisinin, Azərbaycan xalqına olan məhəbbətin sərhəd tanımadığı qənatinə gəldim. Çox sevincli və qürurlu idi Ali hoca. Gözlərində sevinc qarışıq bir nur vardı. Söhbət əsnasında “Şanslıyam. Şanslıyam ki, rəhmətlik Turan Yazqan Hocamızın əmanəti olan, dahi Mustafa Kamal Atatürkün adını daşıyan bir məktəbə rəhbərlik edəcəm”, - dedi. Sonra isə “Əsas məqsədimiz şagirdlərimizi müasir dünyanın tələbinə cavab verən, savadlı, həmçinin Ümummilli liderimiz Heydər Əliyevin bizlərə tövsiyə etdiyi kimi, azərbaycançılıq ruhunda yetişdirməkdir” sözlərini xüsusi vurğu ilə əlavə etdi.
Dedi və Bakı Atatürk Litseyinə rəhbərlik etdiyi illər ərzində hər gün, hər saat, hər dəqiqə bu vədinə əməl etdi. Hər il 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə, 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən elmi-praktik konfransda, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən mərasimdə, ümumiyyətlə, bütün bu kimi əlamətdar günlərlə bağlı litseydə təşkil olunan tədbirlərdə, eyni zamanda məktəblilərlə söhbətlərində bu təhsil ocağında müəllimə işləyən xanımı Haticə Devrimlə birlikdə şagirdlərə Türk Dünyasının şanlı tarixini, həmçinin Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mahiyyətini anlatdı.
Lakin bununla da kifayətlənmədi. İmkan düşdükcə şagirdlərin həm Azərbaycanın, həm də Türkiyənin tarixi yerləri ilə tanış olması üçün yorulmadan çalışdı. “İnsanlar beyinsiz yaşaya bilmədikləri kimi, millətlərin də təhsilsiz var olmaları mümkün deyil. Yəni millətin beyni təhsildir”, - deyən Ali hoca litseydə şagirdlərin ən keyfiyyətli təhsil almaları üçün gecəsini-gündüzünə qatdı. Məktəbin təmiri üçün nələr etmədi ki, ... Hətta isti yay günlərində məzuniyyətini təxirə salaraq, fəhlələrlə birlikdə təmir işlərində də iştirak etdi. Məktəbə ən müasir avadanlıqların alınmasına nail oldu. Ən nəhayət, məktəbin qeydiyyatdan keçməsi problemini də həll edərək, Bakı Atatürk Litseyinə əbədilik qazandırdı.
Ali hoca uşaqla uşaq, böyüklə böyük oldu. Biz valideynlərin bəzən öz uşaqlarımıza göstərə bilmədiyimiz nəvazişi o göstərdi övladlarımıza. Uşaqlarımız naminə hətta bəzən özünə əziyyət verib bizlərlə də görüşməyə, məsləhətləşməyə gəldi. Dahi Atatürkün “Müəllimlər hər fürsətdə xalqa doğru qaçmalı, xalq ilə bərabər olmalı və xalq müəllimin uşağa yalnız əlifba oxudan bir varlıqdan ibarət olmayacağını anlamalıdır” istəyini müasir dövrümüzdə öz əməlləri ilə reallaşdırdı Ali Devrim.
Bütün problemlərə, bəzən üzləşdiyi haqsızlıqlara, istəmədən xətrinə dəyəcək addımlar atmağımıza baxmayaraq, Ali hocanı bir dəfə də olsun qəzəbli görmədik. Səbəbini isə, məncə, onun bir statusunda aydın bilmək olur: “Mənim heç velosipedim olmadı. İki təkər üzərində tarazlığı düşüb-qalxaraq öyrəndim həyat kimi. Nə həyata şikayət etdim, nə də velosipedə”.
Bəli, Ali hoca heç zaman həyatdan şikayətlənmədi. Dik durdu, bayraq kimi. Başı qarlı dağa bənzər ağ saçlarının çöhrəsinə saldığı işıq gözündəki nurla bərabər bütün çətinliklərə sinə gərdi. Bu nur bütün qaranlıqları dəlib keçdi. Yalnız ölüm adlı qaranlığı dəlib keçə bilmədi. Və elə bu ölüm adlı qaranlıq da məhz gecənin qaranlığında haqladı Ali Devrimi.
Əslində, Ali Devrim sanki bu qaranlığın onu təqib etdiyini anlamışdı. Çünki son statuslarında bədbin notlar üstünlük təşkil edirdi. “Olursa bir şikayət ölümdən olsun” yazdı, sonra “Egenin ela kıyılarında, əl-ələ yaşar sonbahar anıları” yazdı Ali hoca. Və bir payız axşamı bizləri tərk etdi.
“Problemlər çözülmək üçün vardır. Problemlər bitərsə, həyat bitər” yazdı Ali hoca. Bu sanki son xəbərdarlıq idi onu sevənlər üçün. Çünki məktəbin qeydiyyatı ən böyük problem idi. O problemi həll etdikdən sonra “Ən önəmli mərhələni keçdik... Artıq könül rahatlığı ilə gedə bilərəm” yazmışdı. Ardınca isə “Gəldik, gediyoruz” başlıqlı qəribə bir status paylaşmışdı: “Hər başlanğıcın bir sonu var.. 2008-ci ilin avqustunda həyatımızda yeni bir dönəmə başlamışdıq.. Zaman çox sürətlə axıb getdi.. İndi yeni bir başlanğıc zamanı... Bakıya, Can Azərbaycana vida zamanı... Özümüzə görə, yaxşı və gözəl işlər görmək üçün çalışdıq... Bəzən üzüldük, bəzən sevindik... Bəzən üzdük, bəzən sevindirdik... Heç pis niyyətli olmadıq... Halal olana haram qatmadıq... Bakıdakı, Can Azərbaycandakı dostlarla vidalaşma zamanı... Haqqınızı halal edin...”.
Onun oktyabrın 3-də paylaşdığı bu statusda sonuncu cümlənin hansı məna kəsb etdiyini biz noyabrın 15-də gecə “Ali Devrim vəfat edib” xəbərini eşidəndə anladıq.
Anladıq ki, Ali Devrim ölümün onu addım-addım izlədiyini duymuşdu. Ona görə də həmin statusu ilə bizə gizli mesaj verməyə çalışmışdı... “Ölüm yaxındadı, halallaşaq” şəklində bu mesajı nə yazıq ki, anlaya bilməmişdik.
Bu statusdan sonra o, Türkiyəyə getsə də, orada duruş gətirə bilmədi, yenidən Azərbaycana döndü. Ruhunu burada təslim etdi. Və “Azərbaycan üçün ölürəm” sözlərini boşuna demədiyini təsdiqlədi. Çünki cismi kimi ruhunun da Azərbaycansız qala bilməyəcəyinin fərqində idi Ali hoca. Heç şübhəsiz, Atatürk Litseyi hər dəfə uğur qazananda, hər il bu litseyin şagirdləri imtahanlarda yüksək nəticələr göstərəndə onun ruhu şad olacaq.
Bir də Ali Devrim yazmışdı ki, “Aydın önəmli bir mərkəz... Aydında Ümummilli lider Heydər Əliyev adına bir küçə adı, Xocalı soyqırımı parkı və abidəsi Aydının aydın insanlarına yaraşardı”. Və məncə, Aydının aydınları bu arzunu reallaşdırmaqla Ali Devrimin ruhunu şad edə bilərlər...
Və sonda... Mustafa Kamal Atatürk deyirdi ki, “Müəllim bir şama bənzər, özünü tükədərək başqalarına nur verir”. Sankı bu sözlər rəhmətlik Ali Devrim üçün deyilmişdi...
Nadir AZƏRİ
P.S. Ali hoca sizinlə noyabrın 10-da son görüşümüz çox qısa çəkdi. Razılaşdıq ki, digər dostlarla birlikdə yaxın günlərdə bir çay masası ətrafında geniş söhbət edək. Ayrılarkən isə mənə nəsə demək istəsəniz də, son anda fikrinizdən daşındınız. Bunu gözlərinizin dərinliyindəki mənadan açıq sezə bildim və hətta yolboyu “bəlkə, geri qayıdım, hocanın nə demək istədiyini soruşum” fikri başımdan getmədi. Lakin təəssüf ki, qayıtmadım. Keşkə qayıdaydım və nə demək istədiyinizi biləydim. Nə demək istəyirdiniz həmin gün, hocam?!..

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31