Biz xilas gəmisinin içindəyik... Xilas gəmimizin Nuhu isə Ümummilli liderimiz Heydər Əliyevdir
25.11.2016 [09:40]
“Ay yaxşı adamlar, o kənddə mənə bir adam boyunca torpaq saxlayın...”
Şair-publisist, tədqiqatçı, millət vəkili Musa URUDun noyabrın 25-də 55 yaşı tamam olur. Şairin ömürdən “qoşa beş” aldığı ərəfədə onu “Yeni Azərbaycan” redaksiyasına dəvət edib, ədəbiyyat, sosial-mədəni, ictimai-siyasi həyat üzərinə söhbət etdik. Musa müəllimin poetik kəşf, düşüncə fırtınası deyə biləcəyimiz sözlərlə, fikirlərlə süslənmiş söhbətinin oxucularımız üçün də maraqlı olacağına inanırıq.
Millət vəkilini redaksiyamızda salamlayan millət vəkili həmkarı, baş redaktorumuz Hikmət Babaoğlu onu öncə 55 illik yubiley münasibəti ilə təbrik etdi.
Yubilyar-müsahibə ilk sual da baş redaktorumuzdan gəldi:
- Musa müəllim, sizin ilk kitabınız “Nuh, gəminə götür bizi” adlanır. Maraqlıdır, o gəmiyə minə bildinizmi?..
M.U.: Öncə dəvət üçün də, təbrik üçün də təşəkkür edirəm.
Hesab edirəm, biz elə bu günlərdə də “Nuhun gəmisi”ndəyik. Əgər bu gün müstəqil Azərbaycan dövləti mövcuddursa, bütövlükdə millətimizi xilas edə bilmişiksə, hesab edirəm, elə o xilas gəmisinin içindəyik... və bu xilas gəmimizin Nuhu da Ümummilli liderimiz Heydər Əliyevdir.
O kitab yazılan vaxtı, doğrudan da, bizim Ümummilli liderə ehtiyacımız vardı. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən olaylar, xalqın başına gələn müsibətlər hamımızın gözü qarşısındaydı; Ermənistanın öz havadarlarının dəstəyi ilə torpaqlarımıza təcavüzü başlamışdı. Qarabağdakı o prosesin dalğası olaraq, bizim Qərbi Azərbaycan torpaqlarındakı 300 minə yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşdü. Ondan sonra, Xocalı soyqırımı, Qarabağda ard-arda faciələr baş verdi və torpaqlarımız işğal altına düşdü, insanlarımız Qarabağdan da didərgin düşdü; doğrudan da, xalqımız üçün Nuhun gəmisinə ciddi ehtiyac vardı..! Millət də bir ola bilməmişdi, baxmayaraq ki, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyimizi elan etmişdik, amma faktiki olaraq, qeyri-müəyyənlik içindəydik. Mənim kitabım da “Nuh, gəminə götür bizi” deyə o illərdə yazıldı. Xalqı xilas etməkçün Nuhun gəmisinə ehtiyac yaranan o günlərdə Heydər Əliyev xalqın harayına yetişdi və bu mənada, biz elə bu gün də Nuhun gəmisindəyik - yəni xilas olmuşuq.
H.B.: İkinci sualım da, elə bu mövzunun davamı sayıla bilər. Dövlətimiz, dövlətçiliyimiz xilas oldu - bu doğrudur; bəs ədəbiyyatımızın Nuhu, Nuh gəmisi varmı, sizcə? - Başqa sözlə, ədəbiyyatımız necə - xilas ola bildimi? Sovet ədəbiyyatından sonra müstəqil Azərbaycanın ədəbiyyatı üçün Nuh və onun gəmisi gəlib, yoxsa yox?
M.U.: Doğrusu, mən o cür bölgünü qəbul eləmirəm. Yəni ədəbiyyatımızın Sovet dövrü də bizimdir, Sovetdən öncəki dövrü də... Mən ədəbiyyatımızı, mənəviyyatımızı heç də Sovet işğalına məruz qalmış da hesab etmirəm. Baxmayarq ki, bizim olduqca böyük istedadlarımız tamam başqa səpkidə yaza bilərdilər, öz istedadlarını tamam saf ədəbiyyata, millətin, dövlətin, vətənin taleyinə, problemlərinə həsr edə bilərdilər, amma kommunizmə həsr etdilər; bununla yanaşı, yenə onlar öz sözlərini dedilər, xalqın dilini yaşatdılar, inkişaf etdirdilər, mübarizə ruhunu yaşatdılar. Məsələn, biz çox vaxt Süleyman Rüstəmi sırf kommunist şairi hesab edirik, amma o, partiyaya həsr olunmuş şeirlərlə yanaşı, Təbriz şeirlərini yazdı, “Ana və poçtalyon”u yazdı, gözəl qəzəllər yazdı - hansı ki, o qəzəllərsiz bugünkü Azərbaycan muğamı xeyli kasıb qalardı; eləcə də Səməd Vurğun - Stalinə, partiyaya şeirlər yazdı, ancaq Azərbaycan durduqca yaşayacaq “Azərbaycan” şeirini də yazdı, “Mən tələsmirəm”, “Şair, nə tez qocaldın sən?” şeirini yazdı; Rəsul Rza “Lenin” poemasını yazmışdı, lakin “Rənglər silsiləsi”ni də, Mikayıl Müşfiqə həsr olunmuş poemanı da Rəsul Rza yazmışdı...
Heyflər olsun ki, biz Mikayıl Müşfiq kimi, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi mütəfəkkir insanlarımızı tez itirdik. Amma bütövlükdə, Nizamidən, Füzulidən, onlardan da qabaqdan gələn ədəbiyyatımız tamdır, bir silsilədir.
“Nuh, gəminə götür bizi!” bizə çağırış idi, o çağırış dövründə bizim ədəbiyyatımıza müəyyən zədələr də dəydi. Doğrudur, ideoloji buxovdan, basqıdan azad olduq, ancaq bu yeni situasiya ilə - azadlıqla nə etmək lazım olduğunu bilmədik sanki... O azadlıq özü də, onunla rəftar da bir mədəniyyətdir, tərbiyədir, dünyagörüşüdür, yaşam tərzidir..! Elə bil bir ucdan başqa bir uca atlandıq; əgər tam solda dayanmışdıqsa, tam sağa atlandıq sanki. Ona görə də 90-cı illərdə ədəbiyyata gələnlər əsasən inkarçı mövqe tutdular; məsələn, bizim gənc qələm adamları Kafkanı oxuyur, Kafkanın mundirini, Kafkanın şinelini geyməyə çalışırlar... Amma o özü daxilən (mahiyyətcə) Səməd Vurğundan, Süleyman Rüstəmdən doğulandır; çölündə isə Kafkadır...
Səməd Vurğunla Kafka bir-birinə oxşamadığına görə belə cavan yazarların içi ilə çölü arasında təzad yaranır: yəni içində Səməd Vurğun, çölündə Kafka olmaq olmaz. Başqa sözlə, poetik məzmunca Səməd Vurğun olub, formaca Kafka olmaq olmaz.
Bu da, hesab edirəm ki, müəyyən dövr keçdikdən sonra müəyyənlik, sabitlik qazanacaqdır.
Biz Kafka yerinə Umberto Ekonu, başqalarını da misal çəkə bilərik. Avropanın müəyyən yazarları, filosofları indi bizim cavan yazarlar arasında populyardır. Amma o yazarların, filosofların əksəriyyəti öz dövrlərində də, elə indi də bir çoxları tərəfindən qəbul olunmur, mübahisələr yaranır və s. Təbii, Avropada müəyyən fəlsəfi cərəyanlar olub, bu gün də var, məsələn, Nitşe olub, onun təlimi var... Yaxud Freyd olsun, Yunq olsun - bu misallarda nəyi görürük? Görürük ki, dünya düzənini qeyri-təbii yollarla dəyişmək olmur! Toplumda, düşüncədə, fikirdə nəsə dəyişirsə, o da təbiətlə, universal qanunlarla sinxron şəkildə, deyərdim, vəhdətdə dəyişməlidir. Əgər o dəyişikliyə ehtiyac varsa...
Bu mənada, bir çox inkarçı gənc yazarımızda xilaskar Nuhdan daha çox, Nuh gəmisində oturmaq mədəniyyətinə ehtiyac var.
H.B.: Dediklərinizdən bir fikir də çıxardım: siz elə düşünürsüz ki, biz zamanında ideoloji işğala məruz qaldıq, coğrafi işğala məruz qaldıq, ancaq mənəvi işğala məruz qalmadıq, başqa sözlə, işğal bizim mənəviyyatımızı sıradan çıxara bilmədi...
M.U.: Bəli. Mənəviyyatımız işğala məruz qala da bilməzdi. Çünki türkün mənəviyyatı onu işğal edənin mənəviyyatından qat-qat böyük idi. Biz bizi işğal edənlərdən mənəvi cəhətdən daha zəngin idik. ...Hətta işğalçının özünün mədəniyyətinin formalaşmasında türksoylu xalqların mədəniyyətinin, dilinin çox böyük rolu, təsirləri olub. Bu mənada, bizim mənəvi cəhətdən assimilyasiya olunmamağımızı tarixi, mədəni köklərimizlə bağlayardım.
Ə.Q.: Musa müəllim, mən yenidən ilk kitablarınıza, onların adına qayıtmaq istərdim. İlk kitabınız - “Nuh, gəminə götür bizi” adlanarkən, ikinci kitabınız “Tanrı şam yandırıb” adlanır. İkinci kitabınız üz qabığı ilə də, sanki “atəşdən köynək” geyinmişdi. İlk şeir toplusunda Yer üzünün suya qərq edilmişliyi, qısacası, Su havası varkən, ikinci topludan atəş, od, şam havası əsintilənməsi bədii məntiqin nəticəsi idi, yoxsa şairin alın yazısı?..
M.U.: Burda hər ikisi vardır. Üstəlik, belə deyək, mənəvi dünyamızın çağırışıdı bu: su, atəş, torpaq, hava misalı... Dörd əsas ünsür həm ədəbiyyatımızda var, həm fəlsəfəmizdə, ruhumuzda... Yəni bu, yenə deyirəm, mənəviyyatımızdan, ruhumuzdan, genetik yaddaşımızdan gələn bir haldır, hadisədir, çağırışdır.
Oda tapınmaq, şam yandırmaq, od-ocaq havası... bizim yaddaşımızın dərinliklərindən gəlir. Od bizim qan yaddaşımızda, mənəvi yaddaşımızda mövcuddur. Mənim kitabımın adı, üzü də məqsədyönlü şəkildə elə şəkillənməyib, bu içdən gələn, belə deyək, inersiya ilə ortalığa çıxan bir haldır, adlandırmadır.
Ə.Q.: Diqqəti başqa bir maraqlı paralelliyə yönəltmək istərdim. Sizin adınız da peyğəmbər adıdır, ilk şeirlərinizə “uğurlama” yazan ustad Məmməd Arazın da. Ustad uğurlaması bir tərəfdən, kəndinizin adını özünüzə təxəllüs götürməyiniz də bir tərəfdən sizi məsuliyyətlə yükümlü edib. Yaradıcılığınızla tanışlıqdan hiss olunur ki, hər əlinizə qələm aldıqda o məsuliyyətlilik sizi nələrdənsə çəkindirir...
M.U.: Təbii, fərqindəyəm. Məmməd Araz da mənimçün poeziyamızın peyğəmbərlərindən biridir. Həm yaradıcılığı, həm şəxsiyyəti baxımından. Onun təmənnasızlığını, xeyirxahlığını, mənəvi zənginliyi ilə istedadının üst-üstə düşməsini şükranlıq duyğuları ilə bir daha qeyd etmək istərdim. Yaradıcı adamın şəxsiyyəti ilə istedadının üst-üstə düşməsi gözəl hadisədir! Aşıq Ələsgər kimi, Səməd Vurğun kimi, Məmməd Araz kimi... Məmməd Arazın mənə yazdığı “Uğurlu yol”da bir “güzəştli” sözü olduğunu xatırlayıram. Məmməd Araz sözünün üstündə əsən şair idi. O mənada, dediyin o məsuliyyət mənim üstümdə həmişə var.
Qaldı, Urud təxəllüsünə... bu da təsadüfi deyil. 80-ci illərdə Zori Balayanın “Ocaq” adlı məlum bədnam kitabı çıxmışdı. Qərbi Azərbaycanı kənd-kənd gəzərək, bizim ellərin hamısını “Böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərmişdi. Azərbaycan Respublikasından o vaxt dövlət səviyyəsində olmasa da, ayrı-ayrı ziyalılar Balayana cavab vermişdi. O zaman mən də bir şeir yazdım. İstədim ki, o şeir “Sovet Ermənistanı” qəzetində dərc olunsun, - başqa şeirlərlə yanaşı göndərdim redaksiyaya... Sonra baxdım ki, şeiri çap ediblər, amma son bəndi ixtisar olunub - hansı ki, mən elə o bəndə görə çap olunmağını istəyirdim...
Dar gündə buradır gümanım yenə,
hər kiçik arzumu siz, böyük sayın.
Ay yaxşı adamlar, o kənddə mənə
bir adam boyunca torpaq saxlayın.
Özgə umacağım yoxdur bu kənddən...
Zəng etdim, redaksiyadan yayındırıcı cavab verdilər ki, bəs cavan oğlansan, ölümdən, qəbirdən yazmısan, ona görə çıxartmışıq - ancaq sonralar bildim ki, erməni senzor çıxardıbmış o bəndi. Senzor öz doğma kəndimdə “bir adam boyu torpağ”ı mənə çox görübmüş... İçimdə elə bil nəsə qırıldı, düşdü... və sövq-təbii hiss elədim ki, biz Urudu itirəcəyik... Ondan sonra Musa Quliyev imzasını Musa Uruda dəyişdim.
Urud toponimi ilə mən uzun illər məşğul olmuşam, tədqiqatlarım çap olunub. Müxtəlif versiyaları araşdırmışam. “Ural”, “Urmiya” ilə bağlı versiyalar var - “hündür(lük)”, “uca(lıq yer)”, habelə “terras”, “pilləkən” yaxud “qabarıq yer” anlamı kimi başa düşülə bilər; “Ud” tayfaları ilə bağlı fikirlər də səslənir. Bizim kəndin yaxınlığında “Vağut/d”, “Ağut/d” kəndləri var - yəni onlar da “Ud”dan törəmiş adlar ola bilər.
Ancaq mənim gəldiyim ən son qənaət budur ki, Urud Çingiz Xanla, onun ana nəslinin adı ilə ( “Urudlar”la ) bağlıdır. Tayfa adı ilə bağlı olduğunu sübut edən başqa misallar da çəkmək olar. Ermənilərin adını dəyişib Stepanavan” elədikləri Calaloğlunda da bir Urud kəndi vardı, sonra “Söyüdlü”yə dəyişdilər. Bir də, Ərzurumun Oltu ilçəsində Urud kəndi var. Bu dediklərimiz göstərir ki, yazılı ədəbiyyatda XIV yüzillikdən bəri çəkilməkdə olan “Urud” etno-toponimdir.
Ə.Q.: Mütəfəkkir-ideoloq Ziya Göyalp türk şairinin, yazıçısının əsərlərinin fərqli yönü kimi inamla, ümidlə yoğrulmasını göstərir; türk yazarının bədbinliyini, ümidsizliyini, inamsızlığını təqdir etmədiyini vurğulayırdı. “Türkçülüyün əsasları”nı yazmış Z.Göyalpın fikirlərini mahiyyətcə bölüşən şairin, ictimai-siyasi xadimin öz yaradıcılığında ümidsizliyə meydan tanınmaması təbiidir, elə deyilmi?
M.U.: Çox maraqlı fikirdir. Mən heç onun fərqinə varmamışam; ancaq görünür daxilən bu yaşantılar mövcuddur. Gəlin sizə bu suala cavab sayıla biləcək bir şeirimi oxuyum - “İşıq gəlsin”:
Dostum, çox xiffət eləmə,
varı, yoxu dərd eləmə;
Boş süfrəyə boş əl ilə
təki evinə qonaq gəlsin.
Əlac tapılar hər zülmə,
bircə içindən üzülmə;
Qapın açılsın üzünə,
qabağına uşaq gəlsin.
Tək qəlbində inam yansın,
səhər yansın, axşam yansın;
ya çilçıraq, ya şam yansın,
pəncərəndən işıq gəlsin.
Yəni adamın içində işıq varsa, o, səni ümidsiz, bədbin olmağa qoymaz. Bir halda ki, 10 milyonluq ölkənin vətəndaşı, 50 milyonluq xalqın övladıyıq, böyük türk dünyamız var, Tanrıya inamımız varsa, biz niyə bədbin olmalıyıq? “Tunelin sonunda işıq” görürüksə, bədbin olmağa haqqımız yoxdur, o işığa getməliyik və arxamızca gələnlərə ümid, inam bəxş etməliyik.
H.B.: Musa müəllim, illər öncə yazdığınız, kəndinizin sakinlərinə ünvaladığınız şeirdə yazırdız ki,
“Dar gündə buradır gümanım yenə,
hər kiçik arzumu siz, böyük sayın.
Ay yaxşı adamlar, o kənddə mənə
bir adam boyunca torpaq saxlayın.
Özgə umacağım yoxdur bu kənddən...”
Bunu yazdıqdan tərqibən 30 il keçdikdən sonra - bu il sosial şəbəkədə iki misra paylaşdız, oxudum özümə gələ bilmədim:
“Ömür quş kölgəsitək
keçib getdi üstümdən.
Saralmış otlar qədər
izim qalmadı yurdda”...
- Bu ümidin öləziməsi, arzunun sonudumu, yoxsa?..
M.U.: Yox, əlbəttə. Arzunun sonu deyil. Burada təəssüf var ki, bu 30 ildə mən çox iş görə bilərdim, biz çox şey edə bilərdik... edə bilmədik. Mənim başqa bir şeirimdə deyilir ki:
Səcdənə gələrsə oğlum yaşasın,
gəlməsə, mənimtək mağmın yaşasın.
Adımı adına qoşdum - yaşasın,
səndən çox yaşadım, Urud, bağışla...
O şeiri yazanda mənim hələ oğlum dünyaya gəlməmişdi... amma gördüyünüz kimi şeirdə ümid var ki, “səcdənə gələrsə” deyilir.
Ə.Q.: Sizin həmkarınız, bizim də baş redaktorumuz Hikmət Babaoğlunun sözləri ilə desək, “hər bir xalq öz tarixi yaddaşı qədər mövcuddur. O tarixi yaddaşı da önəmli dərəcədə ədəbiyyat yaradır, şeir-sənət yaşadır. Adam var tarixi yaddaşı kəndi boydadır, adam da var, ən azından Çin Səddindən Adriatikə, Kaşqardan Kazanadəkdir tarixi yaddaşı..! Musa Urud tarixi yaddaşı üfüqügeniş olan şairdir”. Bax bu, üfüqügenişlik kəndinin adını özünə təxəllüs edən şairi o kənddən çıxarıb, bütöv Azərbaycanın, hələ Azərbaycan şairi olmaqdan da çıxarıb, Türk Dünyasının şairi edir. Bu yaxınlarda gün üzü görən “Türk Dünyası gənc şairlərinin şeir çələngi”nin də baş məsləhətçisisiz. İstərdim, türk dünyası ədəbiyyatçıları arasında əməkdaşlıq mövzusunda fikirlərinizi bölüşəsiz.
M.U.: Urud, əslində, mənim yaradıcılığımda bir simvoldur - “Vətənin inzibati-siyasi sərhədlərindən kənarda qalan yerləri”nin simvolu, obrazıdır Urud. Urud, eyni zamanda, Kərkükdür, Təbrizdir, Dərbənddir, Borçalıdır; uzaq Saxa-Yakutiyadır və s...
Türk ədəbiyyatı da mənə görə həmişə bütöv olub. Belə deyək, heç vaxt mənəvi sınırlarımız fiziki sınırlarımızla üst-üstə düşməyib, daha geniş olub. Dövlət sınırları bizi bir-birimizdən ayıranda da, mənəvi coğrafiyamız bütöv olub, tam olub. O bütövlüyü, tamlığı yaşadan, əsasən türk ruhudursa, dildirsə, inkişaf etdirən bizim ədəbiyyatımız olub, sənətimiz olub. Bu gün türk ədəbiyyatının daha çox imkanı var ki, qaynasın-qarışsın.
Bu gün türk dünyasının mənəvi birliyi üçün çox işlər görülür. TürkPA yaranıb, TÜRKSOY var, qeyri-hökumət təşkilatlarımız var; ondan sonra, türk mədəniyyət birliyi, dil birliyi ilə bağlı xeyli işlər görülür, uğurlarımız var.
Biz bir-birimizə yaxın olmalıyıq. Biz, əlbəttə, ortaq dil haqqında, əməkdaşlığımızı dərinləşdirmək barədə düşünməliyik. Eləcə də iqtisadi birliyimiz güclənməlidir. Bunlar çox vacib işlərdir. Bununla birgə, hər bir dövlət öz maraqları çərçivəsində müstəqil siyasətini aparır, aparmalıdır. Bizim birliyimiz ilk növbədə mənəvi birlikdən keçməlidir.
Ə.Q.: Musa müəllim, siz millət vəkilisiz. İstərdik, dövlətimizin ədəbiyyata qayğısı, bu qayğının qanunvericilik müstəvisində inikası barədə də oxucularımıza bilgi verəsiniz.
M.U.: Dövlətimizin Azərbaycanın sosial-siyasi, humanitar həyatının bütün sahələri üzrə qayğısı vardır, o cümlədən də ədəbiyyata... Bu barədə də yetərincə örnəklər var.
Ədəbiyyata qayğı o demək deyil ki, gətirib hərəmizin cibinə bir məbləğ pul qoysunlar və desinlər, yaz... Ədəbiyyata qayğı odur ki, Ulu öndərimiz hər bir söz adamının, hər bir yaradıcı insanın öz fikirlərini bəyan etməsi, topluma təqdim etməsi üçün imkan yaradıb. Yaradıcı birliklər, qəzet və jurnallar, saytlar var, KİV-lərə dövlət dəstəyi var və s. Ən azı 3-4 ədəbi nəşri bilavasitə dövlət maliyyələşdirir, onlarda sabit qonorar sistemi var; Prezident təqaüdləri verilir; yarışmalar keçirilir, qaliblər mükafatlandırılır, o cümlədən dövlət mükafatlarımız mövcuddur; habelə Tərcümə Mərkəzi qurulub; kitablar işıq üzü görür - yəni bədii sözə geniş dövlət dəstəyi var.
Biz Ulu öndərin qayğısını minnətdarlıqla xatırlayırıq, dövlətin ədəbiyyata qayğısı həmişə olub, bu gün də var, gələcəkdə də olacaq. Yetər ki, rasional təkliflər verilsin, konkret addımlar atılsın.
H.B.: Musa müəllim, sonda yenə sosial mövzudan şeir ovqatına qayıtmaq istərdim. Vaxtı ilə - təqribən 20-25 il öncə siz yazırdız ki,
Alma çiçəklədi, nar çiçəklədi,
Laçının qaşında qar çiçəklədi,
Tumurcuq qızlardan yar çiçəklədi.
İlahi, nə gözəl başlayıb bu yaz..! -
Bəs bu gün Musa Urudun poetik ovqatı necədir? Yenə tumurcuq qızlardan yar çiçəkləyirmi?.. 55 yaşında yaz necə gəlir, Musa müəllim?
M.U.: Yaz elə yaz kimi gəlir, o yaza biz necə çıxırıq? - məsələ bundadır...
Yaş isə insan həyatında çox önəmli şeydir, lakin hər şey deyil. Ustad Füzuli deyirdi, “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim” - bu şeir 25 yaşlarında yazıla bilməz; bu şeir 50-55 yaşların şeiridir... insan öz həyatının müəyyən dövründə daha qlobal düşünür. 25 il öncə çiçəkləyən ağacı sevgili kimi görürdümsə, bu gün çiçəkləyən ağacı da Vətən görürəm... Bu gün o çiçəkləyən ağac mənim üçün daha da böyüyən, güclənən Azərbaycan dövlətidir. Bu yaşımda ən böyük məsuliyyət ondan ibarətdir ki, gərək, qazandıqlarını itirməyəsən. Qazandığımız nə olub? Qazandıqlarımız - verdiklərimizdir. Nə verirsənsə, o, sənin qazancındır. Nəyi qazanırsansa, o, sənin itirəcəyindir... Bu mənada, yaşın özü də bir məsuliyyətdir..! Təkcə ailə qarşısında deyil, kənd qarşısında deyil, bütövlükdə millət və bəzən də bəşəriyyət qarşısında məsuliyyətdir!..
Bir daha deyirəm, yaş bizim məsuliyyətimizi daha da artırır.
Yaş artdıqca çoxalar
çin olmayan yuxular.
Yatar qaraçuxalar,
zor hər başa çıxarar,
ağıl hər başa gəlməz...
Arzu edək ki, yaşımız artdıqca yuxularımız da çin olsun.
Ə.Q.: Bir daha sizi bu yubiley münasibəti ilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!
M.U.: Təşəkkür edirəm. Mən də bütün “Yeni AZƏRBAYCAN”çılara uğurlar diləyirəm! “Yeni AZƏRBAYCAN” qəzeti də Yeni Azərbaycan Partiyası qədər əzizdir mənə. 30 yaşlarımda ən gözəl yazılarım bu qəzetdə çıxıb, bu gün də qəzetlə məmnuniyyətlə əməkdaşlıq edirəm. Bu qəzet, Ümummilli liderimizin sözü ilə desək, öz xarakteri olan qəzetdir; bundan sonra da öz xarakterik xüsusiyyətləri ilə seçiləcəyinə inanıram.
Fürsətdən istifadə edib deyim ki, 55 yaşım ərəfəsində Təbrizdə kitabımın çıxması və 5 ildir üzərində işlədiyim “Zəngəzur” monoqrafiyamın siqnal nüsxəsini bu gün əldə etməm xoş təsadüflər oldu. Bilmirəm, 55 yaş ömrün hansı fəslidir? Ancaq bu fəsildə də məhsuldar olmaq xoşdur. Elə bilirəm, yazar üçün yubiley yaşı həm də bir hesabat dövrüdür, məhsul ortaya qoyma dönəmidir; eləcə də, digər tərəfdən, yeni kitab yazar üçün özlüyündə böyük hədiyyədir. Fürsətdən istifadə edib, hər iki kitabın hazırlanmasında əməyi keçənlərə qəzetiniz vasitəsi ilə təşəkkür edirəm.
Əkbər QOŞALI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

