Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hüquq xeyirxahlıq və ədalətlilik sənətidir

Hüquq xeyirxahlıq və ədalətlilik sənətidir

03.03.2017 [09:46]

Hüquq xeyirxahlıq və ədalətlilik sənətidir. Lakin ədalətlilik hər şeydən ucadır və onu maksimum dərəcədə təmin etmək lazımdır. Min illər bundan əvvəl cəmiyyətin hüquqi əsasını yaradan qədim Roma filosofları belə hesab edir, ümumbəşəri prinsipləri rəhbər tuturdular. Namuslu yaşamaq, başqasını incitməmək, hər kəsin qiymətini vermək - həmin filosofların hüquqa dair qaydaları belə idi.
Peşəkar, humanist və ədalətin keşikçisi
Dərin zəka sahibləri cəmiyyətdə hər kəsə eyni münasibət bəslənməsi üçün daim hüquq ilə ədalət arasında tarazlıq tapmağa çalışıblar. Hakim peşəsinə mənsub olan insanlar bu tarazlığı tapmaq üçün xüsusi səy göstərməli olurlar. Axı onlar öz işlərində düzgün və ədalətli qərar qəbul edilməsi zəruri olan hallarla hər gün üzləşirlər. Qeyri-adi ədalət hissi ilə fərqlənən insanlar dünyaya göz açandan belə olurlar. Bu keyfiyyətə sonradan yiyələnmək mümkün deyil. İntellekt, dərin biliklər və humanizm isə insanın bu hissini daha da gücləndirir.
Azərbaycanlı hüquqşünas Həbib İsgəndərov məhz ədalət hissinin güclü olması ilə fərqlənirdi. Bu insan özünün peşəkarlığı və humanizmi ilə Azərbaycan məhkəmə sisteminin tarixində böyük iz qoyub. Hüquq elminə aid dərin biliklər, məhkəmə sahəsində zəngin təcrübə, obyektivlik, ədalət mühakiməsi prinsiplərinə sadiqlik və ən başlıcası - yüksək əxlaqi keyfiyyətlər onu müdrik insan və öz işinin böyük peşəkarı kimi tanıdıb. 1950-1970-ci illərin hüquqşünaslar nəsli onu yaxşı tanıyırdı. Həmin dövrdə respublikanın müxtəlif instansiya məhkəmələrində işləmiş hüquqşünasların çoxu prosessual məsələlərin incəliklərini məhz Həbib İsgəndərovdan öyrəndiklərini söyləyir, çətinliyə düşəndə məsləhət almaq üçün ona müraciət etdiklərini xatırlayırlar.
Cəmiyyətin belə insanlara həmişə ehtiyacı olur. Həbib İsgəndərov bu həqiqəti öz həyatı ilə təsdiq edib - həmişə başqalarının ibrət götürməsi üçün nümunə olub, qəbul etdiyi qərarların müdrikliyi ilə fərqlənib, gənc nəslin peşəkarlıq baxımından inkişafı üçün həmişə onları lazımi səmtə istiqamətləndirib. 1979-cu ildə Həbib İsgəndərovun həyatı qəfildən yarımçıq qaldı. O, qısa, lakin mənalı həyatı ərzində çox işlər görə bildi. Sağ qalsaydı martın 5-də 90 yaşı olardı. Bu cür zəngin potensiala, tükənməz enerjiyə, böyük bilik və təcrübəyə malik insan dünyasını belə vaxtsız dəyişməsəydi, onun neçə peşəkar hüquqşünaslar nəsli yetişdirə biləcəyini təsəvvür etmək çətin deyil.
Təbabətdən baş hakimliyə gedən yol
Həbib İsgəndərov 1927-ci ildə anadan olub. Hələ uşaq yaşında ikən taleyin çətin sınaqları ilə üzləşib, valideynlərini erkən itirib, qohumlarının himayəsi altında boya-başa çatıb. Həyatının belə başlanğıcı onu möhkəmlətdi, iradəsi, biliklərə həvəsi gücləndi. O, N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Tibb Universiteti) bitirib. Əmək fəaliyyətinə apteklərdə gecə növbəsində əczaçı kimi başlayıb. Lakin bu insana təbiətən xas olan ədalət hissi onu ədliyyə sahəsinə gətirdi. Eyni vaxtda Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsində oxuyur, qəlbən ona daha yaxın olan peşənin incəliklərini öyrənirdi. 1957-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Həbib İsgəndərov Bakı şəhərinin müxtəlif rayonlarında xalq hakimi vəzifəsində çalışıb, həm işinin peşəkarı, həm də bacarıqlı təşkilatçı kimi özünü göstərib. 1969-cu ildə Bakıda Nəsimi rayonu yaradılanda bu inzibati ərazi vahidinin məhkəməsinin işinin təşkil edilməsi H.İsgəndərova tapşırıldı. Bu rayon məhkəməsinin baş hakimi (indiki status üzrə məhkəmənin sədri) seçildi və on il bu vəzifədə işlədi. Həmin illərdə respublikaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Şəhər Məhkəməsi yaradıldı. Həbib İsgəndərov yeni məhkəmənin sədrinin müavini vəzifəsinə irəli çəkildi, bu qurumun işinin təşkilinə və səmərəli fəaliyyətinə sanballı töhfə verdi.
Onun yüksək peşəkarlığı Nəsimi Rayon Məhkəməsinin baş hakimi vəzifəsində qüsursuz fəaliyyəti ilə təsdiqlənir. Həmin dövrdə bu məhkəmə tərəfindən çıxarılmış hökmlər nadir hallarda ləğv edilirdi.
Həbib İsgəndərov məhkəmənin strukturunu, onun işinin təşkili prinsiplərini yaxşı bilən bacarıqlı rəhbər və istər cinayət işlərinə, istərsə də mülki işlərə yüksək səviyyədə baxmağı bacaran peşəkar hakim kimi tanınmışdı. Buna bir əyani sübut da odur ki, Moskvadakı Hüquqşünasların Təkmilləşdirilməsi İnstitutunda Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin xüsusi stendi yaradılmışdır. Həbib İsgəndərovun novatorcasına iş prinsipi respublika səviyyəsində bəyənilirdi. Onun rəhbərlik etdiyi məhkəmə gənc hakimlərin peşəkar hazırlığı üçün baza rolu oynayırdı. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Həbib İsgəndərov ədalət mühakiməsi sahəsində öz məktəbini yaratmışdır. Buna görə təsadüfü deyil ki, bu gün hüquq-mühafizə orqanlarında işləyən, o cümlədən məhkəmə sistemində yüksək vəzifələr tutan şəxslərin çoxu özlərini Həbib İsgəndərovun işinin davamçıları və onun yetirmələri hesab edirlər.
O, əsas diqqətini peşəsi ilə bağlı işlər üzərində cəmləşdirməklə bərabər, sadə vətəndaşları heç vaxt unutmurdu. Hələ yüksək texnologiyaların olmadığı dövrdə Həbib İsgəndərov vətəndaşların məhkəməyə müraciət etməsi qaydalarının sadələşdirilməsi işində də novatorluq göstərirdi. İnsanların arayış almaq üçün məhkəmə otaqlarını bir-bir gəzməyə məcbur olmaması üçün məhkəmə binasının birinci mərtəbəsində xüsusi “vərəqlənən” tablo düzəldilmişdi. Hər bir insan onu maraqlandıran məlumatı həmin tabloda tapa bilərdi.
Müəllim, tərəfdaş, bacarıqlı rəhbər
Həbib İsgəndərov öz həmkarları üçün həm müəllim, həm tərəfdaş, həm də bacarıqlı rəhbər idi. O bilirdi ki, məhkəmə sisteminin gələcəyi gənc nəsillə bağlıdır. Buna görə də öz biliklərini və iş təcrübəsini gənclərə öyrətməyə çalışırdı. Beləliklə, o, ədalətin təməl prinsiplərini qoruyub saxlamağa can atırdı. Müxtəlif cinayət işlərinin və mülki işlərin prosessual baxımdan tərtib edilməsi qaydalarını öz əməkdaşlarına məhz o öyrədirdi. Başqa hakimlərin baxdığı, sonradan ləğv edilmiş işlərin icraatını Həbib İsgəndərov öz öhdəsinə götürür, həmkarlarına düzgün istiqamət verirdi.
Cinayətlərin profilaktikası problemi də bu müdrik insanı narahat edirdi. Böyük həyat təcrübəsinə malik olduğu üçün başa düşürdü ki, qanun pozuntularına və cinayətkarlığa qarşı mübarizə təkcə məhkəmə zallarında deyil, həm də cəmiyyətin özündə aparılmalıdır. Buna görə də insanların hüquqi baxımdan maariflənməsi üçün çox səy göstərirdi. Məsələn, Həbib İsgəndərov bilirdi ki, yeniyetmələr çox vaxt şüurlu şəkildə deyil, qanunları bilmədiklərinə görə cinayət törədirlər. Bu məqsədlə o, Nəsimi Rayon Xalq Məhkəməsində “universitet” yaratmış, buraya hüquq fakültəsinin bir neçə müəllimini cəlb etmişdi. Rayon ərazisində yerləşən fəhlə və tələbə yataqxanalarında, texnikumlarda bir neçə buraxılışı olmuş bu “universitet”də gənclərə hüquqi biliklər və müvafiq tövsiyələr verilirdi. Həbib İsgəndərov çalışırdı ki, yeniyetmələrin işlərini öz icraatına götürsün. Bu yolla o, neçə-neçə yeniyetmənin taleyini xilas edib, onları tam dəyərli, layiqli vətəndaşlar kimi cəmiyyətə qaytarıb.
Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın!” kəlamı dillər əzbəri idi. Həbib müəllim bu kəlamın mahiyyətini, onun fəlsəfəsini öz həyatının və peşəkar fəaliyyətinin devizi seçmişdi. Alimlər, mütəxəssislər onun dərin biliklərindən, zəngin təcrübəsindən bəhrələnmək, nə isə yeni bir şey öyrənmək, bəzən də sadəcə ağıllı , dərrakəli, müdrik insanla ünsiyyətdə olmaq üçün tez-tez ona müraciət edirdilər.
Həkimlər insanın cismini, hüquqşünaslar isə ruhunu müalicə edir
Həbib müəllim həm də gözəl ailə başçısı idi. İşinin başdan aşmasına, vaxtının daim çatışmamasına baxmayaraq, o, öz uşaqlarının təlim-tərbiyəsinə xüsusi dıqqət yetirirdi. Həyat yoldaşı Şərqiyə xanım xatirələrində yazırdı ki, “Həbib müəllim uşaqlarından birinin musiqişünas, digərinin hüquqşünas, üçüncünün həkim olmasını arzu edirdi. O, övladları ilə daim bu mövzuda söhbət edir, peşə seçimi məsələsində onlara qiymətli məsləhətlər verirdi. Lakin ömür vəfa etmədi, o, uşaqlarının ali təhsil almasını və onun istədiyi kimi mütəxəssislər olmasını görə bilmədi. Amma bizim övladlarımız öz atalarının arzusunu həyata keçirdilər”.
Böyük qızı Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyasını) bitirib, sənətşünaslıq doktorudur. Ortancıl qızı təcrübəli hüquqşünasdır. Kiçik qızı isə Moskvada yaşayır, oftalmoloq işləyir.
Ortancıl qızı İradə xanım deyir: “Hamı mənim atamı nəcib, ədalətli və səmimi insan kimi xatırlayır. Mən atamla, onun təmiz adı ilə həmişə fəxr edirəm. O həm də gözəl ata, nümunəvi və tələbkar ailə başçısı idi. Atam özünə xas olan təvazökarlıq, əməksevərlik, insanlara münasibətdə diqqətcillik və xeyirxahlıq kimi xüsusiyyətləri bizdə də görmək istəyirdi. Biz də həyatda onun kimi olmağa çalışmışıq. Həkim və hüquqşünas olan atam həmişə deyirdi ki, həkimlər insanın cismini, hüquqşünaslar isə ruhunu müalicə edir. Hər iki peşə sahibi insanı sağlam həyata qaytarır. Atam bu sözləri tez-tez təkrar edirdi”.
Bu gün Həbib İsgəndərovun nəcib işlərini onun övladları ilə yanaşı, nəvələri də bilir və bununla fəxr edirlər.
Müstəqillik illərində Azərbaycan Respublikasının məhkəmə sistemi böyük inkişaf yolu keçib, demokratik qanunlarla zənginləşib. Şübhə yoxdur ki, bu, həm də Həbib İsgəndərov kimi yüksək peşəkarların, ədalətli hüquqşünasların gərgin əməyinin nəticəsidir.
Azərbaycanın məhkəmə sistemi müxtəlif illərdə müəyyən transformasiyaya məruz qalıb, yeni cinayət, mülki və inzibati-prosessual qanunvericiliklər tətbiq edilib. Nəsillərin dəyişməsi təbii prosesdir: yaşlı hakimləri onların gənc həmkarları əvəz edib, ədalət mühakiməsi prosesi təkmilləşdirilib, bu prosesdə yeni texnologiyalar tətbiq olunub. Lakin hakimin özünün ədalət hissi, ədalət meyarı bu sahədə cəmiyyət və insan üçün əbədi dəyərlər kimi qalıb və indi də belədir. Müasirlərimiz Həbib İsgəndərov kimi yüksək peşəkarlardan nümunə götürür, onları İnsan və Hakim kimi xatırlayırlar.
Elşən Şahbalayev

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31