Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzindədir

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzindədir

04.03.2017 [10:39]

Ölkəmizin konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin təkmilləşdirilməsi təşkil edir
İnsan hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə geniş mexanizmlərin formalaşdırılması, qanunun aliliyinin təmin olunması və sosial ədalətin möhkəmləndirilməsi demokratik cəmiyyətlərin mühüm parametrlərindəndir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətimizin diqqət mərkəzindədir.
Ümumiyyətlə, insan hüquqları ideyası son onilliklərdə Azərbaycan ictimai şüurunda möhkəm yer tutub. Bu da onunla bağlıdır ki, insan hüquqları və azadlıqlarının təmin olunması məsələlərinə Azərbaycan Respublikasında xüsusi diqqət yetirilir və onların reallaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 29 sentyabr 1994-cü il tarixində BMT-nin Baş Məclisinin 49-cu sessiyasında bəyan etmişdir: “Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur... Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur”.
Müstəqillik illəri ərzində Azərbaycanın ictimai şüurunda insan hüquqları ideyasının möhkəm təsdiq edilməsi həm də qanunauyğun şəkildə ölkədə getdikcə genişlənmiş ümumi demokratikləşmə prosesləri ilə bağlıdır. Müasir Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standartlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürür.
Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır. Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaradıb, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit edib. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiya tənzimlənməsi ölkənin Əsas qanununda bu sahədə mövcud olan bütün beynəlxalq standartlara cavab verən insan və vətəndaş hüquq və azadlıqlarının bütöv kompleksinin tam və ardıcıl təsbit olunmasına imkan verib. 2002, 2009 və 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına xidmət edib.
İnsan hüquqları ümumbəşəri dəyər kimi qəbul olunduğundan bu sahədə beynəlxalq əməkdaşlıq da milli dövlətlərin demokratik inkişafı prosesində mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanın BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, milli qanunvericilik bazasının formalaşdırılmasında beynəlxalq təcrübəyə istinad etməsi xüsusilə təqdirəlayiqdir. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də, beynəlxalq təşkilatlarla münasibətlərinə də böyük təsir göstərib.
Xüsusilə qeyd etmək vacibdir ki, 1998-ci il fevralın 10-da Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ölüm cəzası ləğv olunub. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir.
Bununla yanaşı, 25 illik müstəqillik tarixində Azərbaycan dövləti möhkəm əsaslara malik hüquqi baza formalaşdıra bilib. Əlbəttə, dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə Ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə bu sahədə ilk fundamental sənəd olmaqla qanunvericilik və institusional islahatların aparılmasına, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin, konstitusiya nəzarətinin, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatın yaradılmasına, hüquq mühafizə fəaliyyətinin təkmilləşdirilməsinə, demokratik institutların, o cümlədən qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə və digər istiqamətlər üzrə inkişafa mühüm təkan verib.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib.
Müasir mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən mütləq şəkildə iki sənədin əhəmiyyətini qeyd etməliyik. Bunlar ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır. Əgər Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edirdisə, Milli Fəaliyyət Proqramı müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsinə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə oldu. Bu proqramın qəbulu Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığının təmin olunması baxımından da böyük önəmə malikdir.
Azərbaycanın demokratik inkişafını şərtləndirən başqa bir amil isə ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə geniş imkanların yaradılmasıdır. Şübhə yoxdur ki, 1998-ci ildən etibarən kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının tamamilə aradan qaldırılmasından, KİV-in azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı möhkəm hüquqi əsaslara malikdir. Bu o deməkdir ki, ölkədə hər bir mətbuat orqanı, yaxud kütləvi informasiya vasitəsi jurnalist etikası çərçivəsində istənilən məlumatı yaya bilər. Həmçinin bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Hazırda Azərbaycanda insan hüquqları, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, sosial məsələlər, ekologiya, gender və digər sahələrə aid 2700-dən artıq QHT dövlət qeydiyyatından keçib və onların sayı durmadan artır. Son 10 il ərzində QHT-lərin yaradılması və onların imkanlarından səmərəli istifadə edilməsini nəzərdə tutan qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, QHT-lərin maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilib. Bunlar isə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
Həmçinin bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və digər hüquqi normativlərə edilən mütərəqqi dəyişikliklər Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, biznes mühitinin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinin inkişafına mane olan məsələlərin aradan qaldırılması və digər əsaslı tədbirlər Azərbaycanda hüquqi dövlət quruculuğu siyasətinin mühüm üstünlüklərini ifadə edir.
Beləliklə, sadalanan faktlar bu gerçəkliyi sübuta yetirir ki, demokratik siyasi sistemin inkişafı, vətəndaş cəmiyyəti quruculuğunda mühüm nailiyyətlər qazanmış Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla addımlayır.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31