Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan öz inkişafına görə nəinki yerləşdiyi regionda, hətta dünyada fərqlənir

Azərbaycan öz inkişafına görə nəinki yerləşdiyi regionda, hətta dünyada fərqlənir

11.10.2018 [08:31]

Sayit Yusuf: Bir Azərbaycan dostu, özünü azərbaycanlı sayan bir şəxs kimi qardaş ölkənin əldə etdiyi uğurların şahidi olmaqdan qürur duyuram
Xəbər verildiyi kimi, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqlar Başqanlığının sədr müavini Sayit Yusuf bir müddət öncə Azərbaycanda səfərdə olub. Bakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi konfransda iştirak etmək üçün ölkəmizdə olan S.Yusuf, eyni zamanda, bir sıra rəsmi görüşlər də keçirib. Bu barədə qəzetimizə açıqlama verən S.Yusuf deyib ki, əsas məqsəd həm ikitərəfli əlaqələri daha da gücləndirmək, həm də iki qardaş ölkənin qurumlarının üçüncü ölkədə ortaq fəaliyyəti istiqamətində müvafiq addımların atılmasına nail olmaqdır.
Qeyd edək ki, sözügedən səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitə sədri Fuad Muradovla keçirilən görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlər müzakirə olunub. Sayit Yusuf təmsil etdiyi qurumun fəaliyyətinə toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi planlaşdırılan mühüm tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, hər iki ölkənin diasporu gücünü birləşdirməli və Avropada fəaliyyətlərini genişləndirməlidir.
Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqlar Başqanlığı azərbaycanlı gənclər arasında burslu tələbələrin sayını artırmaq niyyətindədir
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Sayit bəyin sədr müavini olduğu qurum, eyni zamanda, Türkiyə Bursları Proqramının (yəni ali məktəblərdə təhsil alan əcnəbi tələbələr üçün təqaüd proqramının - N.A) icrasına da birbaşa nəzarət edir. Məlumat üçün bildirək ki, bu proqram çərçivəsində hər il xarici ölkələrdən, o cümlədən Azərbaycandan gedib Türkiyədə təhsil alan bəzi tələbələrə təqaüdlər verilir, onlara qalmaq üçün pulsuz yer (tələbə yataqxanası) təşkil edilir. Qəzetimizə açıqlamasında bu məqama xüsusi olaraq toxunan S.Yusuf “bu proqram çərçivəsində yüksək bacarıqlı azərbaycanlı gənclərin Türkiyənin ali təhsil ocaqlarında bakalavr və magistr dərəcəsində təhsil alıb, peşəkar kadr kimi Azərbaycana dönmələri üçün xüsusi diqqət göstəririk”, - deyib.
Ölkəmiz üçün ən maraqlı və sevindirici xəbər isə odur ki, Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqlar Başqanlığı yeni ildə qəbul zamanı azərbaycanlı gənclər arasında burslu tələbələrin sayını artırmaq niyyətindədir. Müsahibimizin sözlərinə görə, onun təmsil etdiyi qurum bu istiqamətdə Azərbaycanın Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.
Müsahibimiz onu da bildirib ki, Türkiyə Bursları Proqramına Azərbaycanda maraq bu il rekord səviyyəyə çatıb: “Azərbaycandan artan bu maraq bizləri çox sevindirir. Bildiyiniz kimi, Türkiyə Bursları tələbələr üçün yalnız təqaüd verən deyil, eyni zamanda, universitetlərə yerləşdirməni həyata keçirən bir proqramdır. Bu özəlliyi ilə də Türkiyə Bursları Proqramı dünyadakı digər təqaüd proqramlarından fərqlənir. Deyim ki, Türkiyə Bursları Proqramı tətbiq olunmağa başlanan 2012-ci ildə əgər 10 minə yaxın müraciət olmuşdusa, bu il bu rəqəm 100 mindən çoxdur”.
“Bakı Atatürk Liseyi Turan Yazqan hocamızın ölümsüz əsəridir”
Səfər zamanı Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də olan S.Yusuf “Bakı Atatürk Liseyi bizim hamımızın yetişməsində çox böyük əməyi olan, bizi mənəvi olaraq bu günlərə hazırlayan Turan Yazqan hocamızın, hansı ki, bizim atamız sayılır, bir əsəridir. Turan Yazqan hocamız Türk dünyasının, həmçinin Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının güclənməsi, gələcəkdə daha da inkişafı üçün çalışan bir şəxsiyyət idi və onun buradakı ölümsüz əsəri Bakı Atatürk Liseyidir. Buranın bu cür uğurlu fəaliyyəti, Azərbaycanın və Türk dünyasının gələcəyi olan uşaqlar yetişdirməsi bizim üçün qürur mənbəyidir. Bizim, təbii ki, buradakı digər türk məktəbləri kimi Bakı Atatürk Liseyi ilə bağlı da çoxsaylı layihələrimiz var. Lisey uğurlu fəaliyyət göstərdiyi müddətdə biz də onlarla bərabər olmağa davam edəcəyik”, - deyib.
Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə diqqətlə izlənilir və sevinclə qarşılanır
Müsahibimiz sonda xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın hazırkı inkişafı, bütün sahələrdə əldə edilən uğurlar Türkiyədə diqqətlə izlənilir və sevinclə qarşılanır: “Hazırda qardaş ölkə Azərbaycan öz inkişafına görə nəinki yerləşdiyi regionda, hətta dünyada fərqlənir. Eyni zamanda, paytaxt Bakıda son illər tikilən ən müasir binalar, yollar, küçələr, yeni mərkəzlər adamı heyran qoyur. Bu da təsadüfi deyil. Belə ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar əldə edib. Bir Azərbaycan dostu, özünü azərbaycanlı sayan bir şəxs kimi qardaş ölkənin əldə etdiyi uğurların şahidi olmaqdan qürur duyuram”.
Beləliklə, bu gün həm Azərbaycanın, həm də Türkiyənin öz inkişafına görə dünyada fərqləndiyini deyən Sayit Yusuf bu inkişafın və “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan, həmçinin hazırda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsindən güc alaraq yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Türkiyə qardaşlığının bütün Türk dünyası üçün örnək təşkil etdiyini bildirib: “Əminəm ki, yeni mərhələdə iki qardaş ölkənin dövlət və özəl qurumları daha sıx və müştərək fəaliyyətləri ilə vahid Türk Birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəklər”.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31