Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində işlər görülür

Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində işlər görülür

12.06.2019 [09:22]

Regionlarda əhalinin içməli suya olan tələbatının ödənilməsi, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün atılan addımlar davamlı xarakter daşıyır
Məlum olduğu kimi, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ötən illərdə olduğu kimi, 2019-cu ilin arxada qalan ayları ərzində də Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Vurğulamaq yerinə düşər ki, əldə edilən uğurlar, iqtisadiyyatın inkişafı öz növbəsində bütün ölkə boyu infrastruktur layihələrinin icrasına əlverişli şərait yaradıb. Ümumiyyətlə, Azərbaycanda müxtəlif sahələri əhatə edən layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işləri xüsusi olaraq diqqətə çatdırmaq lazımdır. Bu istiqamətdə görülən işlər sırasında isə əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması mühüm yer tutur. Daha dəqiq desək, son illər ölkəmizdə içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhər və rayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə zəmin yaradır. Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir.
Bir sözlə, su layihələrindən danışarkən qeyd etmək lazımdır ki, ölkəmizdə bu məsələ davamlı xarakter daşıyır və 2019-cu ilin sonuna qədər daha beş şəhərdə içməli su layihələri başa çatacaq. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev otuz səkkiz şəhərdə içməli su layihələrinin icrasının başa çatdığını deyib: “Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq”.
Prezident İlham Əliyev onu da deyib ki, son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət alıb: “Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq”.
Onu da bildirək ki, bu məsələni daim diqqətdə saxlayan dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar da imzalayır. Məsələn, Prezident İlham Əliyev mayın 6-da “Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən sənədə əsasən Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır və ayrı-ayrı rayonlarda görülən işlər də deyilənləri təsdiqləyir. Buna misal olaraq bildirək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib, küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel aparılır. Tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər Qazax şəhərində “Azərsu”nun, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə geniş müzakirə olunub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Qazax şəhərində içməli su və kanalizasiya layihəsinin icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin nümunəsidir.
Tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Qeyd olunub ki, layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.
Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 kilometr magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 kilometr paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq, şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 kilometr kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.
Qeyd edək ki, Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.
Respublikamızın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi yekunlaşıb və qurğu yaxın aylarda istismara veriləcək.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Həmin məlumata əsasən, Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilib. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.
Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 kilometr magistral su kəməri tikilib, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndləri, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun yaxın aylarda istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən çox insanı keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək. Ümumiyyətlə, son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi yaradılıb.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31