Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

24.09.2019 [09:15]

Hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda digər istiqamətlər kimi, əhalinin həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılmasını hədəfləyən sosial siyasət də ciddi konseptual yanaşmalar və möhkəm hüquqi baza əsasında reallaşdırılır. Bunun nəticəsidir ki, 2019-cu il ölkəmizin tarixinə xüsusi olaraq sosial inkişaf ili kimi düşməkdədir. Ümumiyyətlə, ölkəmizdə ötən il anonsu verilən böyük sosial paket cari ildə intensiv şəkildə həyata keçirilir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında reallaşdırılan sosial islahatlar çərçivəsində 300 mini əlil şəxslər olmaqla 600 min vətəndaşın müavinət və təqaüdlərində orta hesabla 100 faiz, 500 minə qədər məcburi köçkünün müavinətində 50 faiz artımlar edilib, 100 mindən artıq tələbənin təqaüdləri ciddi şəkildə artırılıb, problemli kreditlərlə bağlı məsələ vətəndaşların mənafeyi nəzərə alınmaqla həllini tapıb, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi qaydaları sadələşdirilib. Respublikamızda müvafiq kateqoriyadan olan şəhid ailələrinin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi təmin edilir.
Çox böyük önəm daşıyan sosial təşəbbüslərdən biri də minimum əməkhaqqının və minimum pensiyaların artırılması ilə bağlıdır. Respublikamızda sentyabrın 1-dən etibarən minimum əməkhaqqı cari ildə ikinci dəfə artırılıb. Dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.
Ümumiyyətlə, sosial dövlət olan Azərbaycanda bu gün əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması istiqamətində davamlı tədbirlər görülür. Təbii ki, bu zaman ölkəmizin müsbət reallıqları, iqtisadi potensialı, getdikcə artan maliyyə imkanları və əlbəttə, qabaqcıl dünya təcrübəsi mütləq nəzərə alınır. Bütün bunlar da Azərbaycanın sosial siyasətinin səmərəliliyini artırır.
Xüsusi olaraq vurğulanmalıdır ki, respublikamız BMT-nin “Əlillərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında”, “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyalarını, Avropa Şurasının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasını, Avropa Sosial Xartiyasını ratifikasiya edib, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə qoşulub. Bəhs olunan beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin daha səmərəli icrasını təmin etmək məqsədilə sosial xidmət sisteminin formalaşdırılması istiqamətində milli siyasəti, sosial inkişafın mahiyyətini və tənzimləmə mexanizmlərini özündə əks etdirən “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya” hazırlanıb. Milli Strategiyada əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycanın dərinməzmunlu sosial siyasətində institusional mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsi xətti mühüm yer tutur. Ölkəmizdə Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyinin yaradılması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.
Yeri gəlmişkən, 2019-cu il mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bildirib ki, “Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Qeyd edək ki, Bakıda fəaliyyətə başlayan ilk DOST mərkəzində xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstərilir, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat verilir.
İlk DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul etmək imkanına malikdir. Burada “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” də var. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən faydalanmasına imkan verir.
Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bildirib ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Ölkəmizdə yaradılan DOST mərkəzinin timsalında sosial xidmətlərin asanlaşdırılmasını, əlçatanlığın təmin olunmasını görürük və bu da yüksək vətəndaş məmnunluğu yaradır. Fəaliyyət göstərdiyi qısa müddətdə 1 saylı DOST mərkəzinə 30000-dən çox vətəndaş müraciətinin qeydə alınması da bunları təsdiqləyir. Eləcə də mərkəzdə xidmətlərin göstərilməsi prosesi də vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Son məlumatlara əsasən, vətəndaşların DOST mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizdən artıqdır.
Vurğulanmalıdır k, DOST Agentliyi ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin artırılması işinə də öz töhfəsini verir. Belə ki, verilən məlumata əsasən, 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 38 min iş yeri yaradılıb, 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.
Nardar BAYRAMLI
Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31