“Yorğana görə uzadılmayan ayaq” xəstəliyi - O, həm kefdir, həm də dərd
01.02.2022 [10:48]
İlhamə RƏSULOVA
- Filankəsin qızını boşadılar.
- Niyə?
- Ev qədri bilmirdi, ərinin olanını, olmazını verirdi əski-üsküyə. Adam nə qədər bazar, dükan gəzər. Qız evə girmirdi. Hər hirslənəndə gərək buna bir zənbil pay alınaydı.
- Bıyyy....
Bu kimi söhbətləri bəlkə də çox eşitmisiz. Amma yəqin heç kimin ağlına gəlməyib ki, o boşanan ailə ilə bir psixoloq söhbət eləsin. Qıraqdan durub ehkam kəsməyə, ağıl verməyə, “etmə” deməyə nə var ki. Heç nə səbəbsiz olmur.
Stresinizi, əsəbinizi alış-verişlə soyudursunuz? Yaxud əksinə, ən əsəbi anınızda mağazadan aldığınız hər hansı bir əşya sizin üçün həyatı önəm daşımasa belə, əsəblərinizi sakitləşdirir, sizi rahatladır? Evdə aldığınız pal-paltarı, ayaqqabıları, müxtəlif məişət əyşayalarını, hətta ərzaq məhsullarını belə yığmağa yer tapılmırsa, amma sizin yenə və yenə almaq arzunuz varsa, şəhər küçələrində gözlərinizi mağaza vitrinlərindən çəkə bilmirsinizsə, müntəzəm olaraq mağazalardakı endirimlər haqqında məlumat toplayır, ən əsəbi anınızda alış-veriş barədə düşünüb xoşbəxt olursunuzsa, təbrik edirik, siz şopoqoliksiniz!
Lazımsız, hətta cibinə uyğun olmayan əşyaları alan və bu yolla stresdən çıxış yolu axtaran adamlar çox zaman aldıqlarını heç istifadə etmirlər. Bəzən sevinərək aldıqları hər hansı bir əşyadan evdə artıq bir neçə ədəd olur və sadəcə dolabın bir küncünə atılır. Şopoqoliklər hər dəfə pulu sonuncu qəpiyinə qədər xərcləyəndən sonra özlərinə və ətrafdakılara alverə son qoyacaqlarına söz verirlər, lakin əllərinə pul düşən kimi həmin vədi unudurlar. Şopoqoliklər alış-veriş üçün hətta külli miqdarda borca düşürlər.
Psixoloq Fuad Nəsirov “Yeni Azərbaycan”a bildirib ki, əslində zərərsiz vərdiş kimi görünən bu hal tibbdə xəstəlik kimi qiymətləndirilir və bir neçə adla tanınır. “Bu şopomaniya, şopoqolizm, şopinqparanoya və oniomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu, həm psixoloji, həm də nevroloji problemdir”.
Fuad Nəsirov bildirir ki, elmi açıqlamalara görə, şopoqoliklərin 90 faizi qadınlardır. Dünya əhalisinin 10 faizi bu xəstəlikdən əziyyət çəkir. Lakin 2006-cı ildə “Amerika Psixiatriya jurnalı”nın dərc etdiyi araşdırmanın nəticələrinə görə, kişilər də bu xəstəlikdən, demək olar ki, qadınlar qədər əziyyət çəkirlər. Kişilərdə geyimə aludəçilik az görünsə də, elektron alətlərin, avtomobillərin, saatların, mülklərin alış-verişinə qarşı həvəsləri yüksək olur.
“Oniomaniya şəxsin ehtiyacından əlavə idarəsizcə alış-veriş etməsidir. Alış-veriş xəstələri tipik olaraq alış-veriş zamanı rahatlayar, lakin bir müddət sonra bir peşmanlıq hiss edərlər. Uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyütməsi bu xəstəliyə səbəb ola bilir. Bəzi insanların ehtiyaclarını sevgi ödəyir. Sevgiylə xoşbəxt ola bilir. Şopoqoliklərin böyük əksəriyyəti sevməyi bacarmayan, az sevən, maddiyyatla özünü doymuş hesab edənlərdir. Başqa sözlə, bir qism insanın beynini sevgi, başqa bir qism insanın beynini əşyalar xoşbəxt edir. Çox zaman qadınların şopoqolik olmalarının səbəbi həyatın başqa sahələrində hiss etdiyi çatışmazlıqlar, ailədə sevginin hiss olunmamasıdır. Onlar həyatlarındakı boşluğu əldə etdikləri saysız-hesabsız nemətlərlə doldurmaq istəyirlər. Əslində dərəcəsini aşmadan şopoqoliklik depressiyadan çıxmağın ən yaxşı üsuludur. Lakin həddən artıq aludəçilik xəstəliyə çevrilə bilir. Alver asılılığı da alkoqolizm, ya da qumar kimi psixoloji asılılığa, xəstəliyə çevrilə bilər”.
Psixoloqun sözlərinə görə, şopoqoliklərlə alış-veriş etməyi sevən adamlar arasında bəzi fərqlər var.
“Məsələn, qadın hər ay özünə 4 ədəd kofta alırsa, bu, onun daha şık görünmək istəyindən, qarderobu yeniləmək tələbindən irəli gələ bilər. Alış-veriş asılılığı olan adam isə yoldaşlarıyla vaxt keçirmək, gəzmək, hər hansı istirahət növü əvəzinə alver etməyi seçir. İstifadə etməyəcəyini bildiyi halda gedər və alar. Bilir ki, bu onun son qəpiyidir, sabah ac qala bilər, lakin almaq məcburiyyəti hiss edir. Bu, artıq xəstəlikdir.
İnsanlar özlərini dəyərsiz, yalnız hiss etdikləri zaman da alış-verişə üz tuturlar. Yeni obrazda diqqət çəkmək üçün. Bəzən istədiyin və xoşladığın bir əşyanı elə gördüyün an almaq insanda azadlıq hissi yaşadır. Mağazada satıcıların qulluğu və komplimentləri də şopoqoliki xoşbəxt edir və o, bunun üçün alış-veriş edir.
Şopoqoliklər hər zaman geyim almırlar. Onların bəzisi evi zibilliyə çevirəcək qədər ərzaq alır, sonra da çürüdüb atır.
Alış-verişi göstəriş üçün edən və özünü rahatlatmaq üçün edən şopoqoliklər var. Göstəriş üçün şopoqoliklik edənlər əşyalarını, marka geyimlərini, evlərini başqalarının görüb həsəd aparmasını, tərifləməsini istəyirlər. Yalqızlıq çəkənlər, ayrılıq, intiqam, eşq acısı səbəbi ilə özünü mağazalara vuranlar isə daxilindəki boşluğu doldurmaq, rahatlamaq istəyində olurlar”.
Psixoloqlara görə şopoqolik olub-olmadığınızı aşağıdakı əlamətlərlə müəyyən edə bilərsiniz. Alış-verişin hansı hallarda zövq, hansı hallarda asılılıq olduğunu müəyyən etmək o qədər də çətin deyildir. Təməl həyati ehtiyacları çox aşırsa, bu, asılılıq sayılır. Əhvalınız pozulanda mağazaya yollanırsınızsa, nəzərdə tutduğunuzdan çox pul xərcləyirsinizsə, aldıqlarınızın qiymətlərini lazım gələrsə, gizlədirsinizsə, evdə eyni əşyadan artıq 5-6 ədəd varsa, deməli psixoloqa müraciət etmək zamanıdır.”Şopoqolik özü dərk etməlidir ki, onda nəsə problem yaranıb. Həkimə getmək istəmirsə, iradəsinə hakim olmağı öyrənməli, cibinə qədərindən artıq pul qoymamalı, alış-verişi siyahı əsasında aparmalıdır.
Dünyanın ən məşhur şopoqoliki şahzadə Diana sayılırdı. O, geyim aludəsiydi. Amma o, öz geyimlərini hərracda satıb, toplanan vəsaiti xeyriyyəçiliyə sərf edə bilirdi. ABŞ prezidenti Avraam Linkolnun xanımı Meri Todd Linkoln, ABŞ prezidenti C.F.Kennedinin xanımı Jaklin Kennedi Onassis də alış-veriş xəstəsi idilər.
Siz onlara baxmayın, onların var idi, alırdılar. Hər həyatın öz reallıqları var. Azərbaycanda şopoqolikliyə görə dağılan ailələr var. Ər və ya arvaddan hər hansı birinin ailə büdcəsini aşaraq, dayanmadan alış-veriş etməsi səbəbi ilə dağılan ailələrə bizdə adətən bir qədər fərqli yanaşırlar. Yorğana görə uzanmayan ayaq ya donar, ya kəsilər deyirik. Alışdığımız, çox zaman bizə ziyan verən o dəyərlərdən ibarət qısa yorğan isə uzanmaz ki, uzanmaz.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

