Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Abidələr günü və UNESCO-nun ikili standartı...

Abidələr günü və UNESCO-nun ikili standartı...

18.04.2023 [10:55]

Günel ABBAS

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi zamanı saysız-hesabsız minlərlə abidə məhv olub, tarixi yerlər dağıdılıb. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda da 30 ilə yaxın davam edən işğal müddətində xalqımızın mədəni irsi məhv edilib, şəhərlərimiz, kəndlərimiz yer üzündən silinib. Bu baxımdan, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd edilməsi böyük əhəmiyyətə malikdir.

Azərbaycan ərazisində yerləşən abidələr dünya, ölkə və yerli əhəmiyyətli olmaqla təsnifatlandırılır. Bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən olan Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Land?aftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş və dünya mədəni irs xəzinəsinin bir hissəsi kimi qorunmaqdadır. Hazırda Bakı, Qəbələ, Qax, Şabran, Qazax, Bərdə, Şamaxı və Şəmkirdə mövcud olan tarixi abidələrimizin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün əməkdaşlıq müstəvisində beynəlxalq təşkilatlarla qarşılıqlı işlər aparılır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülüb. Mədəni irsimizi, abidələrimizi qorumağa yönəlmiş hüquqi-praktiki əsaslar yaradıldı.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə tarixi mədəniyyət abidələrinin bərpa olunması qarşımızda yeni məqsədlər qoyub. Belə ki, ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib, Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu tərtib edilib. Hazırda “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır. 2021-ci il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilmiş və Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin inventarlaşdırılması başa çatdırılıb.

Bundan əlavə, Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb. Şuşa qoruğunun fəaliyyəti ilə bağlı sənədlər müvafiq tapşırığa uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanaraq təqdim edilib.

UNESCO qərəzli mövqedədir

Təəssüfləndirici haldır ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO ötən 3 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.

Xatırladaq ki, UNESCO Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi - irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. UNESCO məqsədini proqramının birinci maddəsində belə açıqlayır: “UNESCO, beynəlxalq əməkdaşlığına söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə qurulmuşdur”.

UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.

UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir. Amma Azərbaycana münasibətdə fərqli standartların şahidi oluruq.

UNESCO-nun Azərbaycanla bağlı davranışları, fikirləri ikili standarta söykənir. Bu mənada, düşünmək olar ki, bu qurum fərqli güclərin, dairələrin maraqlarına xidmət edərək əsl həqiqətlərin üzə çıxmasında, erməni vandalizminin dünyaya tanıdılmasında maraqlı deyil. Əks halda, işğal faktının aradan qaldırılmasından ötən iki ildə erməni təcavüzünə məruz qalmış tarixi abidələr onların marağını və diqqətini “cəlb edərdi”.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31