Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daşkənddə 4 gün...

Daşkənddə 4 gün...

05.05.2023 [10:49]

Bu dəfə Orta Asiyanın mirvarisi sayılan Daşkəndə səfərimiz  referendumla bağlı idi.  Referendumu işıqlandırmaq üçün Bakıdan paytaxt Daşkəndə yol aldıq...

Ötən səfərki müşaiyətçilərimiz hava limanında bizi gözləyirdilər. Bu arada qeyd edim ki, sevimli Dilfuza xanım, Zafar əkə referendumun təşkilatçılarından başqa ölkələrin qruplarını deyil, azərbaycanlı jurnalistləri müşayiət etmək üçün xahiş ediblərmiş.   Budur, il yarım öncə tanış olub, dostluq etdiyimiz insanlarla qarşı-qarşıyayıq. Elə bil dünən ayrılmış kimi şirin söhbətə başlayırıq. Söhbətimizsə əsasən 4 günlük səfər çərçivəsinə sığışdıra biləcəyimiz görüşlər, tədbirlərlə bağlıdır... Məqsədimiz bəllidir - qardaş ölkənin sosial-iqtisadi-siyasi həyatını dəyişəcək Konstitusiyaya dəyişiklikləri araşdırmaq, əhalinin seçki fəallığını, dövlətin referendumla bağlı tədbirlərini işıqlandırmaq.

“Sükut günü”ndən sonra...

 Referendumdan öncəki gün, yəni, aprelin 29 - da qəbul olunmuş qaydalara görə ölkədə süküt günü elan edilmişdi. 140 ölkədən 300-ə yaxın jurnalisti qonaq dəvət edən Özbəkistan rəsmi dairələri onları maraqlandıran məsələlərdən hali etməyi də nəzərdən qaçırmamışdı. Çünki, jurnalistə informasiya hava-su kimi gərəklidir. Həmin gün Forum mərkəzində Mərkəzi Seçki Komissiyasının rəhbəri  Bəhram Kuçarov  brifinqdə məlumat verdi ki, artıq 29 aprelədək  növbədənkənar  611 min insan səs verib. Bu səsvermə 19-29 aprel tarixlərində keçirilmişdi. 39 xarici ölkələrdə 55 məntəqə quraşdırılmışdır.

Özbəkistanın əhalisi 36 milyondan çoxdur. Və bu sayda əhalinin 92.21 faiz səs vermədə iştirakı özbək xalqının yüksək səsvermə mədəniyyətinin olmasından xəbər verirdi. Bunu biz 2021-ci ildə Özbəkistanda keçirilmliş Prezident seçkiləri zamanı da müşahidə etmişdik. Həmin dövrdə səsvermədə ölkə əhalisinin 80.4 faizi iştirak etmişdi və 80.1 faiz səslə Şavkat Mirziyoyev qələbə çalmışdı.

Aprelin 30-da səhər saat 08.00-da seçki məntəqələri seçicilər üçün açıq elan olundu. Və təxminən, 4 saat sonra Forum mərkəzində MSK-nın ilk brifinqi keçirildi, məlum oldu ki, ölkə əhalisinin 32 faizi səsvermədə iştirak edib. Yəni, cəmi 4 saat ərzində belə fəallığın olması özlüyündə özbək xalqının gələcəyə inam və etibar etmələrini nümayiş etdirildi. Səsvermə fəallığı ilk saatlarda Özbəkistan vilayətlərində qeydə alınmışdı.

Günün  sonunda keçirilən brifinqdə referendum 90,21 faiz səslə baş tutmuş elan edil??. Səsvermədə 19 milyondan çox insan iştirak etmişdi.

Ölkə Konstitusiyasına 65 faiz dəyişikliklər ediləcəyi gözlənilir. Buraya Prezidentin səlahiyyət meddətinin 5 ildən 7 ilədək artırılması, gender məsələləri, ölüm hökmünün ləğvi, iqtisadiyyatın liberallaşdırılması sahəsində  dəyişikliklər və sair məsələlər daxildir.

Azərbaycanlı məhəlləsinin Zəngəzurlu rəisi

Ümumiyyətlə,  Özbəkistanın özünəməxsus seçki mədəniyyəti olduğunu xüsusi vurğulamaq lazımdır. Seçki günü məntəqələrə gələn insanların üzündə sevinc, coşqu hiss olunurdu. Bəziləri ailəvi olaraq seçkilərdə iştirak etməyə üstünlük verirlər.

Özbəkistanın hər şəhərində məhəllələr mövcuddur. Bu məhəllələr aksakallar tərəfindən idarə olunur. Bələdiyyə modelini xatırladan məhəllələrin sayı minlərlədir, hər məhəllənin də 2-3 min sakini var. Elə maraqla izlədiyimiz seçki mədəniyyəti də bu məhəllələrdə formalaşıb. Həmin məhəllələrdən biri də azərbaycanlılara məxsusdur. Məhəllənin rəhbəri Mehriban Rəhimova (orada rəis adlandırırlar -N.N) azərbaycanlıdır. 4 min sakinin yaşadığı “Dəmiryolçular” məhəlləsinin (dəmir yolunun yaxınlığında yerləşdiyi üçün belə adlandırılır - N.N) 70 faizi, 2400 azərbaycanlılardan ibarətdir.

Mehriban xanımla həmsöhbət olduq. Deyir ki, əsli-kökü Zəngəzurdandır. Qayınatası da 1905-ci ildə Zəngəzurdan ermənilər tərəfindən deportasiya edilib, uzun yol qət etdikdən sonra Türkiyəyə, oradan da Daşkəndə köç ediblər. Özbəkistanda dünyaya gəlsə də, daim ürəyi Azərbaycanla döyündüyünü deyən Mehriban xanım rəhbərlik etdiyi məhəllədə çoxunun qohum-qardaş olduğunu, milli bayramlarımızı birlikdə qeyd etdiklərini deyir.

İşğaldan azad edilmiş torpaqlarımıza gəlmək arzusunda olduğunu bildirən M.Rəhimova imkan yaranan kimi Qarabağı ziyarət edəcəyini söyləyir.

O, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı dövlət başçımızla söhbətini də qürurla xatırlayır. Deyir ki, dövlət başçımızla söhbətində Özbəkistanda yaşayan azərbaycanlılara olan gözəl münasibətdən danışıb - sonda da Prezidentə deyib ki, “Siz bizim başımızın tacısınız!”.  Mehriban xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Xalqlar dostluğu” medalı ilə təltif edilib, 60-dan çox fəxri diplomlar, təşəkkürnamələr alıb. Yaxın günlərdə isə “ən yaxşı məhəllə rəisi” müsabiqəsinə qatılıb.  

Mehriban xanıma uğurlar diləyib, referendumla bağlı beynəlxalq təşkilatların da hesabatlarını dinləyib işimizi bitmiş hesab edə bilməzdik. Axı qarşıda bizi Boks üzrə Dünya  çempionatının açılış mərasimi gözləyirdi...

“Boney M” və boks...

Daşkəndin ən böyük idman sarayında izdiham vardı, mühafizəçilərin yoxlama prosedurları ölkənin rəsmi şəxslərinin mərasimdə iştirakından xəbər verirdi. Elə də oldu - Özbəkistanın Baş naziri Abdulla Oripov açılış mərasimində nitq söyləyib, çempionat iştirakçılarına uğurlar dilədi. 3D formatlı səhnələr elə ustalıqla, zövqlə tərtib edilmişdi ki, istər-istəməz qədim əsrlərə baş vurur, müasir dünyanın müxtəlif tərəflərini “kəşf” edirdik. Bir sözlə, fantastik bir səhnə tərtibatının sehrinə düşmüşdük. Azərbaycan və Türkiyə bayraqlarının arenaya gətirilməsi isə izləyicilərdə - biz qarışıq - böyük coşqu yaratdı...

Əfsanəvi “Boney M” qrupunun konserti isə tədbirə xüsusi ahəng qatmışdı. 70-ci illərin qrup üzvləri dəyişsə də, solist, 71 yaşlı Liz Mitçel canlı ifaya üstünlük verirdi. Dikdaban ayaqqabılarda stadionun tən ortasına gəlib, fanatları ilə görüşməsi, birgə rəqsləri isə yəqin ki, uzun zaman yaddaşlarda qalacaq...

İslam Sivilizasiyası Mərkəzində

Daşkənddə inşa edilən İslam Sivilizasiyası Mərkəzi ilə tanışlığımız maraqlı oldu. 55 metr  hündürlükdə inşa edilən Mərkəzin bu ilin sonu, gələn ilin əvvəlində hazır olacağı bildirilir.  İki hektar ərazidə inşa edilən Mərkəzin üçmərtəbəli binasının mərkəzində Şərq üslubunda möhtəşəm günbəz, dörd tərəfdən isə hündürlüyü 34 metr olan minarələr ucaldılacaq. Binanın birinci mərtəbəsində muzey, qədim əlyazmaları və əşyaları mühafizə və bərpa etmək üçün otaqlar, mətbəə, kitab mağazaları olacaq. İkinci mərtəbədəki böyük foyenin mərkəzində Osmanın Quranı yerləşdiriləcək. Burada İslam Sənəti Muzeyi və 435 nəfərlik konfrans zalı da olacaq. Mərkəzdə tarixi mənbələr və eksponatlar nümayiş etdiriləcək, tematik sərgilər təşkil olunacaq. Üçüncü mərtəbədə 100 min əlyazma saxlanılan kitabxana, informasiya-resurs mərkəzi, elmi kafedralar və inzibati otaqlar yerləşəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tikinti işləri ilə tanış olmaq üçün Mərkəzə gələrkən deyib ki, Özbəkistan əsrlər boyu dünya sivilizasiyasının ayrılmaz hissəsi və İslam mədəniyyətinin mərkəzi sayılıb. İslam Sivilizasiyası Mərkəzi bu istiqamətdə fəaliyyət göstərən elmi müəssisələr üçün baza rolunu oynayacaq. Yerli və xarici mütəxəssislər burada elmi tədqiqatlarla məşğul olacaq, onların fəaliyyətinin nəticəsi kimi ensiklopediyalar, elmi nəşrlər çap olunacaq, televiziya verilişləri hazırlanacaq, filmlər çəkiləcək. Dövlət başçısı deyib: “Beynəlxalq İslam Akademiyasının müəllimləri və tələbələri burada öz biliklərini zənginləşdirəcəklər. Bu mərkəz əsrlər boyu xalqımıza xidmət edəcək”.

Yolumuz Aktaşadır...

Səfərimizin bitməsinə az vaxt qaldığından Özbəkistanın başqa şəhərlərini ziyarət etmək şansımız yox idi. Müşayiətçilərimiz bizə Daşkənddən saat yarımlıq məsafədə yerləşən Aktaşa getməyi məsləhət gördülər. Aktaş Tyan-Şanın ətəklərində ən gözəl yerlərdən biridir. Daşkənddən 60 km aralıda, Karjantau silsiləsinin ətəklərində yerləşir, inanılmaz dərəcədə mülayim iqlimi ilə dağ kurortları arasında seçilir. Dəniz səviyyəsindən 1100-1200 m yüksəklikdə olan bu ərazinin hündür yerlərində yay heç vaxt həddindən artıq isti olmur, deyirlər ki, iyulda ən yüksək temperatur + 24 C olur. Daşkənddə hava isti olsa da, Aktaşda gödəkçəsiz keçinmədik. Uzaqdan vəhşi ibtidai meşəyə bənzəyir. Bu sıx meşə massivi arasında çoxsaylı qolları olan Aktaş və Əyyubsay dağ çaylarının necə yol açmaları isə hamını maraqlandırır.

Aktaşa çatınca öyrəndik ki, burada dünyanın ən güclü enerji nöqtəsi var. Axtarışlarımız nəticə verməsə də, müəyyən bilgiləri əldə edə bildik -  həmin enerji nöqtəsində torpaq qırmızı rəngdədir, ağır çəkili avtomobillər belə bu nöqtədə yoxuşa doğru hərəkət edə bilir. Özümüz bu məşhur nöqtəni görə bilməsək də, ətrafında bir xeyli dolandıq. Qismət olsa, Özbəkistana növbəti səfərimizdə ilk işimizin “enerji  nöqtəsi”ni tapmaq kimi arzularla Daşkəndə qayıtdıq. Vaxta az qalırdı. Vətənə dönməliydik!

N.Nurullayeva

Bakı-Daşkənd-Bakı

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31