Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “E-köşk” platformaları yaradılır

“E-köşk” platformaları yaradılır

25.11.2022 [10:43]

Yeni hədəflər və nəticələr...

Yeganə BAYRAMOVA

Dünən “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib. Təqdimat Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oxucular rəqəmsallaşdırılmış arxivdən faydalanacaq

Təqdimat mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov açılış nitqi ilə çıxış edib. O, bildirib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin bu sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb. Ə.İsmayılov qeyd edib ki, “E-köşk” platforması vasitəsilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”.

Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur

Ə.İsmayılov, həmçinin bildirib ki, qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb”. Onun sözlərinə görə, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə yenilənib: “6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir. Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub”.

Media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi İnformasiya Vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov mühüm məqamlara toxunub. O, çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Müasir dövrdə çap mediası böyük çətinliklərlə üzləşib. Azərbaycanda bu problemlər əsasən reklam bazarı ilə bağlıdır. Dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir il ərzində ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var. Müasir çağırışlar fonunda media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır. Hesab edirəm ki, “E-köşk” platforması müasir çağırışlara cavab verən platforma olacaq. Dünyada informasiya sahəsində gedən inkişaf fonunda media sahəsinə də yeni konseptual baxış tələb olunur”.

Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31