Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

17.07.2026 [10:09]

21-ci sanksiya paketi fikir ayrılıqları səbəbindən qəbul olunmur

Rusiyanın Ukraynaya qarşı hücumlarının gücləndiyi bir vaxtda Kiyevin müttəfiqləri və tərəfdaşları Moskvaya təzyiq üçün müxtəlif addımlar atırlar. Belə addımlardan biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir.

Kallas: 21-ci sanksiya paketi üzərində işləmək niyyətindəyik

İyulun 13-də Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, İttifaqın xarici işlər nazirləri Brüsseldə Rusiyaya qarşı yeni sanksiyalar paketini, Ukraynadakı müharibəni və bir sıra beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün toplaşıblar. Kaya Kallas görüşdən əvvəl jurnalistlərə deyib: “Ümid edirik ki, 250 siyahı razılaşdırılacaq və bundan sonra hələ razılaşma əldə olunmayan 21-ci sanksiya paketi üzərində işləmək niyyətindəyik”. Kallas təklif olunan sanksiya siyahılarının Rusiyanın son zamanlar mülki şəxslərə qarşı hücumlarına cavab olduğunu deyib. O əlavə edib ki, nazirlər, həmçinin Rusiyanın nəzarətində olan ərazilərdə saxlanıldığı iddia edilən Ukrayna mülki şəxslərinin, o cümlədən müəllimlər və jurnalistlərin, hərbi əsirlər və oğurlanmış uşaqların vəziyyətini də müzakirə edəcəklər. “Biz həmin insanları azad etmək üçün bu tələbləri yerinə yetirə biləcəyimiz bir platforma yaratmağı düşünürük”, -deyən Kallas əlavə edib ki, saxlanılan mülki şəxslər haqqında məlumat əldə etmək oğurlanmış uşaqlarla müqayisədə daha çətindir.

Nazirlərin görüşündən sonra isə xanım Kallas Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gələ bilmədiklərini, lakin danışıqların yekun mərhələdə olduğunu bəyan edib: “Təəssüf edirəm ki, 21-ci paketlə bağlı razılıq əldə edə bilmədik, baxmayaraq ki, biz ona kifayət qədər yaxınıq”. Onun sözlərinə görə, yeni paket üzrə razılaşmanın olmamasına baxmayaraq, nazirlər Aİ-nin müxtəlif sanksiya rejimləri çərçivəsində 250-dən çox fərdi sanksiyanın daxil edilməsini razılaşdırıblar. O, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri fərdi sanksiyaların ən böyük raundu adlandırıb.

Kallas etiraf edib ki, üzv dövlətlər paketlə bağlı müxtəlif tələblər və etirazlar irəli sürürlər, çünki müharibə artıq bir neçə ildir davam edir və bütün Aİ ölkələrinin iqtisadiyyatlarına təsir göstərir. Lakin onun sözlərinə görə, Avropa iqtisadiyyatı üçün ən yaxşı həll yolu müharibənin dayandırılmasıdır, bu isə Moskvaya təzyiqin saxlanılmasını tələb edir. O, sanksiyalar paketindən məhz hansı müddəaların çıxarıla biləcəyini açıqlamaqdan imtina edib. Bununla yanaşı, Aİ diplomatiyasının rəhbəri Avropa Komissiyası tərəfindən ilkin olaraq təklif edilən paketin danışıqlar zamanı dəyişikliklərə məruz qaldığını təsdiqləyib: “Təkliflərin başlanğıcda maksimum dərəcədə güclü olması həmişə yaxşıdır. Anlayırıq ki, danışıqlar gedişində bəzi müddəalar çıxarılacaq, lakin yekunda paket öz gücünü qorumalıdır “.

21-ci paketdə nələr təklif olunur?

Xatırladaq ki, iyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen əsasən Rusiyanın neft ixracı və bank sisteminə qarşı yönələn 21-ci sanksiyalar paketini təqdim etmişdi. Onun sözlərinə görə, yeni paket Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərə təzyiqin saxlanmasına yönəlib. Avropa Komissiyası qlobal neft bazarındakı dəyişkənlik fonunda mövcud məhdudiyyətləri qorumaq üçün Rusiya neftinin qiymət tavanının korreksiya mexanizminin gələn ilin yanvarına qədər dayandırılmasını təklif edib. Aİ enerji sektorunda Rusiya neftinin daşınması ilə əlaqəli daha 30 gəmini sanksiya siyahısına daxil etməyi təklif edib. İlk dəfə olaraq məhdudiyyətlər “kölgə donanması”na yardımçı xidmətlər göstərən gəmilərə və şirkətlərə şamil ediləcək.

Maliyyə sektorunda daha 31 Rusiya bankı üçün əməliyyat qadağasının genişləndirilməsi təklif olunur. Məhdudiyyətlər sanksiyaya məruz qalmış Rusiya strukturlarına xidmət göstərən və ya məhdudlaşdırıcı tədbirlərdən yayınmağa kömək edən üçüncü ölkələrin 20 bankı, kriptovalyuta şirkəti, platforması və neft treyderlərini əhatə edəcək. Fon der Lyayenin sözlərinə görə, Avropa Komissiyası ilk dəfə olaraq Rusiyaya qarşı sanksiya rejimindən yayınmağa kömək edən üçüncü ölkələrin ayrı-ayrı platformaları tərəfindən kriptoxidmətlərin göstərilməsinə tam qadağa mexanizminin tətbiqini təklif edir. Eyni zamanda, ümumi dəyəri təxminən 60 milyon avro olan malların, o cümlədən ayrı-ayrı metal növləri, metal filizləri və avtomobil komponentlərinin idxalına məhdudiyyətlər təklif olunur.

Bütün bunlara baxmayaraq, Avropa İttifaqı Rusiyada dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Yeni sanksiyalar Rusiyada söz azadlığının, məlumat əldə etmək və birləşmək hüququnun məhdudlaşdırılması məqsədilə istifadə olunan texnoloji nəzarət vasitələrini və onları hazırlayan şirkətləri hədəf alır. Sanksiya siyahısına Rusiyanın “VK Company” (VKontakte) şirkəti və onun törəmə müəssisəsi olan “Communication Platform” daxil edilib. Aİ bu şirkətləri Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərən və “Max App” mobil tətbiqini hazırlayıb idarə etməkdə ittiham edir. Həmçinin internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də sanksiyalar tətbiq olunub. Bundan əlavə, həmin şirkətlərdə rəhbər vəzifələr tutan dörd şəxs də sanksiya siyahısına salınıb. Bununla Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi çərçivəsində siyahıya daxil edilən şəxslərin sayı 98-ə, hüquqi şəxslərin sayı isə 7-yə çatıb. Sanksiyalar aktivlərin dondurulmasını, Aİ vətəndaşları və şirkətləri tərəfindən onlara maliyyə vəsaitinin ayrılmasının qadağan edilməsini, həmçinin Aİ ərazisinə giriş və tranzit məhdudiyyətlərini nəzərdə tutur.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi bu ilin aprelində qəbul olunmuşdu.  20-ci sanksiyalar paketi Moskvaya təzyiqi artırmaq və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Sanksiyalar məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə aydın şəkildə istiqamətlənib və enerji sektorunu, maliyyə xidmətlərini, ticarəti, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yayınmağa qarşı xüsusi mübarizə mexanizmi aktivləşdirilib. Belə ki, paket çərçivəsində Rusiyanın enerji sektorunun 36 şirkətinə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin “kölgə donanması” adlandırılan donanmaya qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi daxil edilib, bununla da onların ümumi sayı 632-yə çatıb. Əlavə olaraq, Aİ-dən Rusiyaya tanker satışına məhdudiyyətlər tətbiq edilib və müqavilələrə onların Moskvanın maraqları naminə istifadəsinin yolverilməzliyini nəzərdə tutan şərtin daxil edilməsi məcburi edilib. Murmansk və Tuapsedəki Rusiya limanları, eləcə də İndoneziyadakı Karimun neft terminalı da sanksiyalara məruz qalıb. Perspektivdə G7 tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Rusiya nefti və neft məhsullarının daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə qadağa qoyulması planlaşdırılır. Ümumilikdə, 20-ci paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onlara qarşı aktivlərin dondurulması və maliyyə resurslarının təqdim edilməsinə qadağa, fiziki şəxslər üçün isə həmçinin ölkəyə giriş qadağası tətbiq edilir.

Britaniya da yeni sanksiyalar tətbiq edib

Bugünlərdə isə Böyük Britaniya Rusiyanın Avropada sabitliyi pozmağa yönəlmiş kiber və hibrid fəaliyyətlərdə iştirak etdiyini bildirdiyi şəxslər və qurumlara qarşı yeni sanksiyalar paketi elan edib. Bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Sanksiyalar Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli vasitəçi şəbəkələrdə fəaliyyət göstərən kibercinayətkarlar da daxil olmaqla, ümumilikdə 24 fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiya siyahısına, həmçinin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) kiber və hibrid əməliyyatlarına rəhbərlik etməkdə ittiham olunan yüksəkvəzifəli şəxslər- Vyaçeslav Stafeyev, İvan Senin və İvan Kasyanenko da daxil edilib. Yeni sanksiyalar paketi Avropa İttifaqı ilə koordinasiyalı şəkildə elan olunub.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31