Altı ölümün öldürdüyü tək adam
18.07.2026 [09:32]
Edqar Allan Ponun yaradıcılığı haqqında
əvvəli ötən sayımızda
Bundan sonra ev yiyəsinin həmişəki dincliyi özünə qayıdır, əcaib varlığın görkəmiylə bağlı qohumunu sorğu-suala tutur. İzahat onu tam razı salanda ağır yük altından çıxmış kimi dərindən nəfəs alır, soyuqqanlı bir ədayla mücərrəd fəlsəfənin bəzi incəliklərini xırdaladığı yarımçıq söhbətinə qayıdır. Qohum bir fikri xüsusi vurğulayır ki, insanın bütün yanılmalarının təməlində məsafəni bəlləməkdə yol verdiyi sadə bir yanlışlıq ucbatından ağılın hansısa predmeti ya kiçiltmək, ya da şişirtmək meyli durur.
Sonra rəfdən təbiət tarixinə dair ibtidai kurs kitabını götürüb həşəratların təsvir olunduğu bölməni açır, Sfinks ləqəbi verilmiş kəpənəyin əlamətlərini oxuyur: “Metal kimi parıldayan rəngbərəng pulcuqlarla örtülü dörd pərdəli qanad; çənələrin davamı kimi başa bərkidilmiş xortumcuq şəkilli ağız; ağızın qıraqlarında - yararsız qalmış çənələrin qalıqları, bir də yumşaq duyğu telləri. Cod tükcüklərlə bir-birinə bənd olunmuş alt-üst qanadlar; uzunsov prizmatik toppuz şəklində bığcıqlar; sivri qarıncıq. Sfinks adlanan Kəllə Kəpənəyin qəmli səsi, bir də qalxancığı üzərindəki ölüm rəmzi bəzən avam adamlarda xof yaradır”.
Qohum kitabı bağlayıb, qəhrəmanımızın bədheybəti gördüyü andakı oturuşunu yamsılamaq üçün irəli əyilir: “Budur, indi sənin əjdahan üzüyuxarı dırmanır. Söz yox, çox əcaib görkəmi var. Ancaq o nə sən düşündüyün böyüklükdə, nə də xəyal elədiyin uzaqlıqdadır. Pəncərənin çərçivəsindən sallanan hörümçək torunun üstüylə sürünür. Gövdəsinin uzunluğu düymün on altıda birindən artıq deyil. Elə mənim gözümlə onun arası da bu qədər olar”.
Hekayə məntiqi idrakla mövhumi inam, rasional düşüncəylə batil inanc, ayıq düşüncəylə kor etiqad arasında təzada illüstrasiyadır. Ölümcül epidemiyanın əlindən qaçan, dalbadal bəd xəbərlər alan, aramsız həyəcan içində yuxularını qarışdıran qəhrəman sağlam düşünmək qabiliyyətini itirib xurafata qapılır, əlamətlərə inanmağa başlayır. İdrakının qarşısına maya örtüyü çəkildiyindən adam nisbi dünyanın optik illüziyasına asanlıqla aldanıb cəhalətə yuvarlanır, xırdaca bir həşəratı nəhəng, qorxunc bədheybətə, mifik ölüm elçisi Sfinksə bənzədir. Tək insanın yox, bütün yaranmışların cismani gözü maddi-fiziki aləmə şərti-subyektiv prizmadan baxır, dünyanı relyativizm prinsipi əsasında qavrayır: birinə böyük görünən başqasına kiçik, birinə uzun görünən başqasına gödək görünür. Yerin kürə olduğunu da müdriklər cismin çaş gözləriylə yox, idrakın daşı dələn sərrast gözüylə görüblər.
Hər cür qorxu, həyəcan insanı mövhumata sürükləyir, mövhumat ağlın gözünə pərdə çəkir, dərrakəni kəsərdən salır, analitik şüuru, sağlam məntiqi şeytanın labirintində azdırır. Ruhun gözünü - üçüncü gözü açıb altıncı hiss orqanını işə salmaq üçün Budda kimi mənfi-müsbət emosiyaları sıfırlamaq, beş duyğu orqanının gətirdiyi məlumatları qapıdan qaytarıb sansara zəncirini boyundan açmaq, nirvana ovqatına düşüb saf şüurun reduksiyasına nail olmaq lazımdır. Mövhumatdan, xurafatdan, total xofdan qurtulmağın, ehtirasların doğurduğu əzablara son qoymağın, dünyanı əyri görən çəp gözü düzəltməyin yolu budur. Qəhrəmanın labüd ölüm qarşısında təmkinini, məntiqini itirməyən dostu məhz belə bir başlanğıcı təmsil eləyir, qohumunun mənəvi istinadgahı, ruha söykənən idrakı funksiyasını yerinə yetirir.
***
Yazıçının “Aşerlər evinin çöküşü” (1839) adlı daha bir qotik novellası da mahiyyətcə məhşər elegiyası, insanlığa qiyamət ağısıdır. Gənclik dostu Roderikdən həyəcanlı məktub alan təhkiyəçi təcili Aşerlərin malikanəsinə yola düşür. Bu möhtəşəm qədim ev artıq kədər yuvasına dönüb, burada keçən həyatın tənəzzül əlamətləri elə ilk baxışdan sezilir: ağaclar, kollar quruyub, mamır basmış, kif atmış divarlar çat verib, pəncərələr batıq göz çuxurlarına bənzəyir. Bütün bunları bulanıq qara suyunda əks elətdirən göldən qurğuşun rəngli buğ qalxır. Divarlarından ağır pərdələr asılmış otaqların soyuq, qəmgin görkəmi, hörümçək toru suvanmış günbəzin dəbdəbəli kədəri burada zamanın sona çatmaqda olduğunu göstərir.
Roderik Aşer dostunu hərarətlə qarşılamağa çalışsa da, onun əvvəlki adam olmadığı üz-gözündən bəllidir, təhkiyəçi uşaqlıq dostunu güclə tanıyır. İnteryerin qara-qırmızı rəngləri Aşerin mum kimi solğun, ölgün sifətinə uyğun fon verir: “Dostum xəstəliyinin əlamətlərini mənə izah eləməyə girişmişdi, deyirdi ki, bu, Aşerlər ailəsinin lənəti, bütün nəsildə özünü göstərən irsi xəstəlikdir. Deyirdi artıq sağalmaq ümidini itirib, tez də dediyinə əlavə eləyirdi ki, hamısı əsəbdəndir, şübhəsiz, tezliklə ötüb keçəcək. O yalnız şit yemək yeyə bilir, hər parçadan paltar geyinə bilmirdi. Gül ətri ona ağır təsir göstərirdi, hətta zəif işıq belə ona işgəncə verirdi. Yalnız simli alətlərin səsi onda ikrah doğurmurdu”.
Aşer gələcəkdən qorxur, həm də baş verə biləcək hadisələrdən yox, onların nəticələrindən. Kiçik, əhəmiyyətsiz bir hadisənin daim həyəcan içində qovrulan ruhunda oyada biləcəyi təlatüm haqqında düşünmək yetər ki, onu titrətmə tutsun. Roderiki təhlükənin özü yox, onun doğuracağı dəhşət hissi qorxudur, bilir ki, qorxu adlı kabusla mübarizədə gec-tez həm ağlını, həm də həyatını itirəcək. Aşerə elə gəlir evdə sirli qara qüvvə məskən salıb, evin daşları, taxtaları neçə ildir onu əsarətdə saxlayır, boz divarlar, qüllələr, bulanıq göl onun həyatını idarə eləyir. Bir sözlə, adam dərin nevroza, manyakal depressiyaya düçar olub, işıq kimi, ətir kimi, dadlı-duzlu yemək kimi insana sağlamlıq, gümrahlıq verən hər cür həyat neməti ona pis təsir göstərir. Üstəlik, yeganə doğması olan əziz bacısı ağır xəstəliyə tutulub, son günlərini yaşayır. Qız hər şeyə biganədir, günü-gündən əriyir, bəzən də bütün orqanları keyiyir, nəfəsi dayanır. Bununla belə xəstəliyə müqavimət göstərir, yatağa düşmək istəmir. Amma bələdçimizin Aşerlərin malikanəsinə gəldiyi günün axşamı ledi Medileyn xəstəliyin təzyiqinə tab gətirməyib təslim olur.
Roderik Aşer bacısının öldüyünü dostuna xəbər verəndə meyidi iki həftə evin zirzəmisində saxlamaq niyyətində olduğunu söyləyir. Onlar köməkləşib bu işi həyata keçirəndə təhkiyəçi qəribə müşahidələr aparır: “Zirzəmi yerin lap dərin qatlarında, məhz mənim yatdığım otağın altında yerləşirdi. Bu havasız, rütubətli, darısqal, qaranlıq zirzəmidə gün işığının sıza biləcəyi bir nəfəslik belə yox idi. Mən, demək olar, heç nə görmürdüm. Çox güman, feodalizm dövründə bu yerdən zindan kimi istifadə olunmuşdu, daha qədimdə isə burada barıt, ya başqa tezalışan maddələr saxlanmışdı. Döşəməni örtən, bir-birinə səliqəylə birləşdirilmiş mis lövhələr də buna dəlalət eləyirdi. Açılanda kəskin qulaqbatırıcı cırıltı salan nəhəng dəmir qapı da bu yolla alovdan sığortalanmışdı. Biz matəm yükümüzü zirzəmidəki taxta altlığın üstünə qoyduq. Tabutun hələ bərkidilməmiş qapağını qaldırıb mərhumun üzünə baxdıq. Bacıyla qardaş arasındakı heyrətamiz oxşarlıq birinci dəfəydi diqqətimi çəkirdi. Nə düşündüyümü anlayan Aşer burnunun altında nəsə mızıldandı. Təkcə bunu anladım ki, onlar əkiz imişlər, qəlbləri də ömür boyu ağlasığmaz dərəcədə həmahəng vurub...”
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

