Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbi Azərbaycan İcmasında yaradılan İşçi Qrupu...

Qərbi Azərbaycan İcmasında yaradılan İşçi Qrupu...

23.09.2026 [11:45]

Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsini araşdıracaq

Azərbaycan qədim dövlətçilik ənənələrinə, zəngin tarixi və mədəni irsə malikdir. Ərazilərimizdə tarixin müxtəlif dövrlərində yaranmış dövlətlər və mədəniyyətlər Azərbaycanın çoxqatlı tarixinin formalaşmasında mühüm rol oynayıb. Şübhəsiz ki, adı yazılı mənbələrdə eramızdan əvvəl IV əsrdən etibarən çəkilən Qafqaz Albaniyası xüsusi çəkiyə malikdir. AMEA-nın məlumatlarına görə, əslində bu dövlətin formalaşması daha qədim dövrlərə qədər gedib çıxır. Arxeoloji qazıntılar və əldə edilən tapıntılar da sübut edir ki, Azərbaycan ərazisində Albaniya dövlətinin yaşı 3 min ildən çoxdur. Əgər tarixi mənbələrə və xəritələrə baxsaq, Albaniya dövlətinin ərazilərinin Kür çayından şimalda yerləşən torpaqlar, Qarabağ və Azərbaycanın şimal-qərb bölgələri ilə bağlı olduğunu görərik. Tarixi vilayətlər arasında Uti, Arsak, Şəki, Qəbələ və digər bölgələrin adına rast gəlmək mümkündür ki, onların bir qismi bu gün də öz tarixi adlarını qoruyub saxlamaqdadır. IV əsrdən başlayaraq xristianlığın yayılması və Albaniyada bu dinin dövlət səviyyəsində qəbul olunması ölkənin müxtəlif ərazilərində xristian məbədlərinin inşasına və dini icmaların formalaşmasına səbəb oldu. O dövrlərdə müxtəlif ərazilərdə inşa edilən kilsə və monastırlar dini və mədəni həyatın əsas mərkəzlərinə çevrildi. Yəni, Albaniyada xristianlığın qəbulu memarlığın inkişafına və bu irsin günümüzədək gəlib çatmasına zəmin yaratdı.

Erməni saxtakarlığı...

Qeyd edək ki, Albaniyada formalaşan dini memarlıq da bu gün tariximizdə mühüm yer tutur. Həmin memarlıq abidələri alban xristian irsinin əsas nümunələrindən biridir. Məsələn, Kəlbəcərdə VI-VII əsrlərdə inşa edilən Xudavəng, Laçında V-VI əsrlərə aid Ağoğlan kilsəsi, orta əsrlərə aid Havaptuğ məbədi ilə yanaşı, Gəncəsər monastırı, Yeddi Qapı monastırı, Piçənis alban məbədini misal çəkə bilərik. Bundan əlavə, Qax rayonunda Kürmük məbədi, Qum kəndində 6-cı əsrə aid məbəd, Güllük kəndində 7-ci əsrə aid alban kilsəsi mövcuddur. Zaqataladakı məşhur Pəriqala da alban məbədi sayılır. Qədim Qəbələnin isə Albaniyanın paytaxtı olması tarixi faktdır. Nic, Əmilli, Çuxur Qəbələ kəndlərindəki abidələr, Komrad dağı və digər qədim məbəd qalıqları var. Şəkinin Kiş kəndində, orta Zəyzid kəndində də alban memarlıq nümunələri kifayət qədərdir. Bundan əlavə, Qax və digər rayonlarda da kifayət qədər kilsə və məbədlər mövcuddur.

Göründüyü kimi, abidələr müxtəlif əsrlərə aiddir və söhbət bir dövrdə yaranmış müxtəlif tikililərdən yox, əsrlər boyu davam edən Alban mədəniyyətindən və irsindən xəbər verir. Lakin ermənilər bu məsələdə də saxtakarlıq edərək guya həmin dini abidələrin “erməni irsinə” aid olduğunu iddia edirlər.

Erməni yalanlarını ifşa etmək üçün ölkəmiz müxtəlif addımlar atır, tədbirlər keçirir, əsl tarixi gerçəklikləri dünya ictimaiyyətinə çatdırır.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbir də bu baxımdan xüsusi vurğulanmalıdır. Tədbirdə Azərbaycanın qədim dövlətçilik tarixində Qafqaz Albaniyasının yeri və rolu, onun siyasi, mədəni və dini irsi ilə bağlı məsələlər müzakirə olunub.

Ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışır

BMTMM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamlarının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, ölkəmizin ərazisində tarix boyu müxtəlif dövlətlər mövcud olub və onların hər biri Azərbaycan xalqına zəngin tarixi və mədəni irs qoyub. Bu irsi geniş şəkildə araşdıraraq ictimaiyyətə təqdim etməsək, müəyyən boşluqlar yaranır və həmin boşluqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr meydana çıxır. “Qafqaz Albaniyası tarixinin araşdırılması istiqamətində elmi fəaliyyət daha da genişləndirilməlidir. Bu baxımdan erməni və gürcü dillərinin öyrənilməsi, eləcə də Qafqaz tarixinin ilkin mənbələr əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən “albanlaşdırıldığını” iddia edirlər. Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev bildirib ki, Qafqaz Albaniyasında katolikosluğun formalaşması mühüm məsələlərdən biridir. Xristianlığın Albaniyada yayılması və burada müstəqil kilsə institutlarının fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan tarixşünaslığında, o cümlədən görkəmli tarixçi Ziya Bünyadovun əsərlərində araşdırılıb. “Qafqaz Albaniyasında xristianlığın yayılması erməni kilsəsinin tarixindən əvvəlki dövrlərə gedib çıxır. Həmin dövrdə Albaniyada fəaliyyət göstərən katolikosluq və kilsə institutlarının müstəqilliyi məsələsi də tarixi mənbələr əsasında araşdırılıb. Təəssüf ki, bəzi hallarda bu irsin başqa xalqların adına çıxarılması cəhdləri müşahidə olunur. Lakin belə məsələlərə yanaşarkən ilkin mənbələrdən, epiqrafik abidələrdən və elmi araşdırmalardan çıxış etmək lazımdır”, - deyə tarixçi bildirib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, ümumiyyətlə, Qarabağda prinsipial əhəmiyyət daşıyan və yalnız Qarabağ, yaxud Qafqaz xristianlığı üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyətli olan üç kilsə var. Bunlardan biri Gəncəsər, digəri Xudavəng, üçüncüsü isə Ağoğlan kilsəsidir: “Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb. Diplomatik korpusun nümayəndələri dəfələrlə Qarabağa səfər ediblər. Burada müəyyən ideoloji məsələlər də var ki, erməni tərəfi onları konservasiya edərək saxlayır ki, gələcəkdə vəziyyət dəyişərsə, həmin məsələlərdən yenidən istifadə edə bilsin”.

BMTMM-nin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov hazırda radikal ermənilərin dini irsdən silah kimi istifadə etməyə çalışdıqlarına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur. “Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ancaq bu yolla elmi və siyasi səviyyədə təsiri görüləcək”, - deyə Fərhad Məmmədov bildirib.

İcma: Bu mövzuda əlimizdə yüzlərlə sənəd mövcuddur

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İcmadan verilən məlumata görə, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb.

Qeyd olunub ki, Azərbaycan elmi mühitində XVI-XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması İşçi Qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur.

Bu ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfəri mədəni irsin diplomatik gündəmə çıxdığını göstərdi. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsi, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrini, deportasiya olunmuş azərbaycanlıların varisləri kimi, öz irsinin tərkib hissəsi hesab edir. Bu mövqeyi beynəlxalq elmi mühitdə yalnız mənbələrə söykənən faktlar və təkrar yoxlanıla bilən tədqiqatlar əsaslandıra bilər. Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30