Azərbaycandan Türk dünyasının gələcəyinə istiqamətlənən yol
23.09.2026 [12:40]
TDT-nin yeni siyasi-iqtisadi xəritəsi Bakıda formalaşdırılır
Qlobal məkanda baş verən siyasi-iqtisadi transformasiyalar, o cümlədən, regional rəqabətin, hətta münaqişələrin genişləndiyi bir zamanda orta güc dövlətlərinin birliyi və konselidasiyası olduqca vacib şərt kimi ön plana çıxır. Bu isə yeni iqtisadi və siyasi əlaqə formatlarının yaranması, nəqliyyat-kommunikasiya dəhlizlərinin əhəmiyyətinin artması şəklində özünü büruzə verir - həmin dövlətlər regional əməkdaşlığı daha geniş müstəviyə çıxarmaq üçün səylərini birləşdirirlər. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti yalnız türk dövlətləri arasındakı münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Avrasiya geosiyasi məkanında gedən proseslər kontekstində diqqət çəkir. TDT-nin son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik, humanitar və digər istiqamətlərdə əməkdaşlığı genişləndirməsi təşkilatın beynəlxalq gündəlikdəki yerini möhkəmləndirib. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsini bir-biri ilə əlaqələndirən coğrafi xətt TDT-yə Şərq-Qərb əlaqələrinin inkişafında mühüm imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin aktuallaşması, yeni nəqliyyat marşrutlarının formalaşması və enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması təşkilata üzv dövlətlərin geoiqtisadi əhəmiyyətini daha da artırır.
Naxçıvandan başlanan yol....
Artıq geniş funksional strukturlaşmaya malik olan TDT-nin yaranmasında, inkişafında və regional aktora çevrilməsində Azərbaycanın təşəbbüsü, səyi və qətiyyəti danılmazdır. 2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 17 il öncə - türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirlər.
Müasir TDT Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci il noyabrın 12-də İstanbul şəhərində baş tutan sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Sonradan bu sıraya Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan müşahidəçi dövlət statusunda qatılıblar. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur.
Yeni nizamın aparıcı iqtisadi-siyasi platforması...
Qeyd edildiyi kimi, Azərbaycan həm Cənubi Qafqazın aparıcı siyasi-iqtisadi aktoru kimi, həm Xəzər hövzəsinin aparıcı enerji və nəqliyyat mərkəzlərindən biri kimi, həm də Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı imkanlarına malik ölkə kimi TDT daxilində əməkdaşlığın inkişafında fəal iştirak edir.
Bakı müxtəlif illərdə təşkilatın siyasi gündəliyinin formalaşmasına, nəqliyyat və logistika layihələrinin irəlilədilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə mühüm töhfələr verib.
Bu baxımdan TDT-nin inkişafı Azərbaycanın xarici siyasətində də mühüm istiqamətlərdən biri kimi diqqəti cəlb edir. Təşkilatın qlobal siyasi məkanda artan çəkisi və Azərbaycanın burada fəal mövqeyi həm ölkənin regional əlaqələrinin genişlənməsi, həm də türk dövlətləri arasında daha sıx əməkdaşlıq perspektivləri baxımından əhəmiyyət daşıyır.
Azərbaycanın Türk Dövlətləri Təşkilatı üzvü ölkələrə sərmayə qoyuluşu son illərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan kapitalının iştirakı ilə həyata keçirilən layihələr enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edir. Bu sərmayələr yalnız iqtisadi gəlir məqsədi daşımır, eyni zamanda üzv dövlətlər arasında qarşılıqlı əlaqələri artıraraq vahid iqtisadi məkanın formalaşmasına xidmət edir. Nəticə etibarilə, Azərbaycanın TDT məkanında sərmayə fəallığı iqtisadi inteqrasiyanı gücləndirən və uzunmüddətli inkişaf perspektivlərini təmin edən mühüm amil kimi çıxış edir. Azərbaycan təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoyub.
Eyni zamanda, TDT çərçivəsində iqtisadi və logistika əməkdaşlığı da təşkilatın gələcək möhkəmlənməsinin əsas dayaqlarından biri sayılır. Türk dünyası coğrafiyası - Orta Asiyadan Qafqaza, Anadoludan Avropaya qədər uzanan geniş bir xəritədir və bu ərazidə nəqliyyat, kommunikasiya, enerji və ticarət dəhlizləri baxımından nəhəng potensial mövcuddur. Azərbaycan bu kontekstdə əsas tranzit və inteqrasiya mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz TDT ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi üçün real körpü rolunu oynayır. Bakı - Tbilisi - Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və “Ələt” Azad İqtisadi Zonasının fəaliyyəti, Zəngəzur dəhlizi (TRİPP) layihəsinin formalaşdırılması təkcə regionun deyil, Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdırır.
Qarabağ Bəyannaməsi: strateji imkanların birləşdirilməsi...
Bir məqama xüsusi toxunmaq lazımdır - 2024-cü ilin yayında Şuşada keçirilən TDT liderlərinin qeyri-rəsmi Zirvə görüşü təşkilatın inkişaf perspektivlərini, hədəflərini və inteqrasiyasının istiqamətlərini müəyyənləşdirdi. Bu zirvədə 5 Türkdilli dövlət tərəfindən imzalanan Qarabağ Bəyannaməsi ilə TDT daha da irəliyə yol aldı. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bundan başqa, Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi ortaya qoyulur. Paralel olaraq Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Eyni zamanda, sənəddə Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələri alqışlanır, Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və Türk İnvestisiya Fondu (TİF) kimi türk əməkdaşlıq təşkilatları arasında davamlı əməkdaşlıq və artan sinerji təqdir edilir.
Gələcəyin yol xəritələri Bakıda müəyyənləşdirilir...
Azərbaycan Türk Dövlətləri Təşkilatı daxilində konsolidasiyanın möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir. Ölkəmizin təşəbbüsü və ev sahibliyi ilə keçirilən çoxsaylı tədbirlər bu yanaşmanın praktik ifadəsidir. Bakı son illərdə türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, humanitar əlaqələrin və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin mühüm platformalarından birinə çevrilib.
Təsadüfi deyil ki, son 10 gün ərzində Bakıda TDT ilə bağlı iki mühüm tədbirin keçirilməsi təşkilatın gündəliyində Azərbaycanın roluna diqqəti bir daha artırıb. Həm Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, həm də TDT Baş katibi və təhlükəsizlik şuralarının rəhbərləri Prezident İlham Əliyev tərəfindən qəbul olundular. Müzakirələr zamanı TDT-nin inkişaf istiqamətləri, aparıcı hədəflər dilə gətirildi, təşkilata üzv dövlətlər arasında əlaqələrin daha da gücləndirilməsi məsələsi diqqətdə saxlanıldı. Bu mənada həm tədbirlər, həm də görüşlər yalnız texniki və ya təşkilati xarakter daşımadı - bu tədbirlər və görüşlər mühüm siyasi mesaj kimi qiymətləndirildi.
Beləliklə, Azərbaycanın yanaşmasında TDT yalnız ortaq tarixi və mədəni bağların qorunduğu platforma deyil, həm də üzv dövlətlərin siyasi və iqtisadi potensialını bir araya gətirən əməkdaşlıq məkanı kimi çıxış edir. Bakının təşəbbüsləri də məhz bu istiqamətdə təşkilat daxilində praktiki əlaqələrin və qarşılıqlı həmrəyliyin güclənməsinə xidmət edir. TDT-nin fəal yüksəlişinin mərkəzində isə Azərbaycanın strateji liderliyi, iqtisadi təşəbbüsləri və siyasi qətiyyəti dayanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Sosial
23 Sentyabr 12:33
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19

