Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qeyri-neft sektorunun inkişafında yeni sənaye hədəfləri

Qeyri-neft sektorunun inkişafında yeni sənaye hədəfləri

23.09.2026 [17:26]

Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurların mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun davamlı inkişafıdır. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, investisiya imkanlarının genişləndirilməsinə və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı da bu siyasətin növbəti mühüm mərhələsini ortaya qoydu.

Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, qəbul edilmiş proqramlar kağız üzərində qalmamalı, müəyyən edilmiş müddət ərzində tam şəkildə həyata keçirilməlidir. “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” da qarşıdakı dörd ili əhatə edir. Artıq 23 sentyabrda Prezident İlham Əliyevin Sərəncamı ilə proqram təsdiq edilib və onun tədbirlərinin əlaqələndirilməsi və icrasına nəzarət Nazirlər Kabinetinə həvalə olunub.

Bu, dövlət idarəçiliyində qarşıya qoyulan məqsədlərin konkret zaman çərçivəsində nəticəyə çevrilməsinə verilən önəmin göstəricisidir. Dövlət Proqramının əsas istiqamətlərindən biri mineral xammal ehtiyatlarından daha səmərəli istifadə etməklə ölkə daxilində əlavə dəyərin yaradılmasıdır. Yəni məqsəd yalnız hasilat deyil, filizin kəşfiyyatından və hasilatından başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına qədər uzanan dəyər zəncirinin formalaşdırılmasıdır.

Azərbaycan iqtisadiyyatının hazırkı göstəriciləri də bu siyasətin əhəmiyyətini aydın göstərir. Prezident İlham Əliyev müşavirədə bildirib ki, 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb. Dövlət başçısı məhz qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının gələcəyi baxımından daha mühüm göstəricilərdən biri kimi qeyd edib.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı həmin artımın daha davamlı xarakter almasına xidmət edən istiqamətlərdəndir. Dövlət Proqramı çərçivəsində 2027-2030-cu illərdə ümumi investisiya ehtiyacının 5,3 milyard manat olacağı qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin və 2 milyard manatının özəl vəsaitlər hesabına formalaşdırılması nəzərdə tutulur. Beləliklə, investisiyaların təxminən 80 faizi qeyri-büdcə mənbələrindən təmin ediləcək.

Bu rəqəmlər dövlət və özəl sektor arasında əməkdaşlığın iqtisadi inkişafda rolunu göstərir. Prezident İlham Əliyev də vurğulayıb ki, proqram istənilən halda icra ediləcək, lakin yerli və xarici investorların marağı olduğu təqdirdə onların iştirakı üçün imkanlar açıqdır. Belə yanaşma həm dövlətin strateji məsuliyyətini, həm də özəl kapitalın iqtisadi proseslərə cəlb edilməsinə yaradılan şəraiti nümayiş etdirir.

Yeni layihələrin reallaşdırılması nəticəsində güclü sənaye istiqamətinin yaradılması, beş mindən çox yeni iş yerinin açılması, ixrac imkanlarının genişləndirilməsi və Qarabağla Şərqi Zəngəzurun iqtisadi potensialının daha sürətlə reallaşdırılması gözlənilir. Dövlət Proqramının təsiri yalnız dağ-mədən sahəsi ilə məhdudlaşmayacaq; logistika, yükdaşıma, xidmət, təchizat və digər əlaqəli sahələrdə də yeni imkanların yaranmasına şərait yaradacaq.

Lakin bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin çıxışında mühüm bir prinsip də xüsusi diqqət çəkdi: iqtisadi inkişaf təbiətin qorunması hesabına həyata keçirilməməlidir. Dövlət başçısının “əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir” fikri bu yanaşmanın mahiyyətini ifadə edir. Dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və yüksək ekoloji standartlara əməl olunması qarşıya mühüm vəzifə kimi qoyulur.

Beləliklə, 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın sənaye siyasətində yeni səhifə açır. Burada məqsəd sərvətlərdən istifadə etməkdən daha böyükdür: məqsəd həmin sərvətləri iqtisadi inkişafın, yeni istehsalın, məşğulluğun və ixracın dayanıqlı mənbəyinə çevirməkdir. Ən başlıcası isə bu proses Azərbaycanın təbiətinin qorunması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi prinsipi ilə uzlaşdırılır.

YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30