Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dağ-mədən sənayesi iqtisadiyyatın yeni inkişaf istiqamətinə çevrilir

Dağ-mədən sənayesi iqtisadiyyatın yeni inkişaf istiqamətinə çevrilir

23.09.2026 [18:45]

Meydanəli Yolçiyev

​YAP Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan iqtisadiyyatının qarşısında dayanan əsas vəzifələrdən biri mövcud resurs potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun yeni inkişaf istiqamətlərini formalaşdırmaqdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə qeyd etdiyi fikirlər bu baxımdan mühüm strateji yanaşmanı ortaya qoyur. Söhbət yalnız yeni yataqların istismara verilməsindən deyil, xammalın hasilatından emalına, oradan isə son məhsul istehsalına qədər uzanan bütöv sənaye zəncirinin yaradılmasından gedir.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin qeyri-neft iqtisadiyyatında yeni imkanlar yarada bilər. Bu sahənin maliyyə tutumlu olması müəyyən çağırışlar yaratsa da, yüksək əlavə dəyər formalaşdırmaq, yeni istehsal sahələri yaratmaq, məşğulluğu genişləndirmək və əlaqəli sənaye istiqamətlərinin fəaliyyətini canlandırmaq baxımından mühüm potensiala malikdir. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da layihənin yalnız hasilat sahəsi ilə məhdudlaşmadığını nümayiş etdirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib: “Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir”.

Müasir iqtisadiyyat üçün yalnız yerin altındakı ehtiyatların mövcudluğu kifayət etmir. Əsas məsələ həmin resursların müasir texnologiyalar əsasında araşdırılması, iqtisadi dövriyyəyə cəlb edilməsi, emal imkanlarının genişləndirilməsi və nəticədə daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir. Bu baxımdan dağ-mədən sənayesinin metallurgiya ilə əlaqələndirilməsi xammal ixracından daha geniş sənaye modelinə keçid imkanları yaradır. İşğal dövründə Azərbaycanın təbii sərvətləri, o cümlədən meşə fondu və mineral ehtiyatları ciddi zərərə məruz qalıb. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında təbii sərvətlərin talan olunması ilə yanaşı, geniş meşə sahələrinin məhv edilməsi ərazilərin ekoloji vəziyyətinə uzunmüddətli təsir göstərib. İşğaldan azad edilmiş ərazilərin bərpası isə bu mənada yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, həm də təbii sərvətlərin qanuni, səmərəli və müasir prinsiplər əsasında iqtisadi dövriyyəyə qaytarılması mərhələsidir.

Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqları bu potensialın mühüm hissəsidir. Mövcud yataqlar üzrə ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Sovet dövründə aparılmış kəşfiyyat işlərinin nəticələri bugünkü texnoloji imkanlarla müqayisədə məhdud məlumat bazasına əsaslanır. Yeni geoloji texnologiyalar isə yataqların ehtiyatlarının daha dəqiq müəyyənləşdirilməsinə və istismar imkanlarının daha dolğun qiymətləndirilməsinə şərait yaradır.

Digər tərəfdən, bu proses yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlanması da ölkənin mineral-xammal bazasının genişləndirilməsi baxımından diqqət çəkən istiqamətdir. Beləliklə, dağ-mədən sənayesinin inkişafı ayrı-ayrı yataqların istismarından daha geniş məzmun kəsb edir. Ölkənin geoloji potensialının yenidən öyrənilməsi, ehtiyatların dəqiqləşdirilməsi və yeni sənaye imkanlarının müəyyənləşdirilməsi vahid prosesə çevrilir.

Son illərdə qəbul edilən dövlət proqramlarının konkret maliyyə və icra mexanizmləri ilə müşayiət olunması da bu siyasətin mühüm tərəfidir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı, sosial və digər infrastruktur istiqamətləri üzrə həyata keçirilən layihələrlə yanaşı, dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadiyyatın strukturunun daha da şaxələndirilməsinə xidmət edir. Qeyri-neft sektorunun artım tempinin yüksəldilməsi fonunda yeni sənaye istiqamətlərinin formalaşdırılması iqtisadi dayanıqlığın əsas elementlərindən birinə çevrilir. Əslində, Dövlət Proqramının əsas mahiyyəti təbii sərvətin sadəcə hasil edilməsində deyil, resursun sənaye dəyərinə çevrilməsindədir. Yataqların kəşfi, hasilat, emal, metallurgiya, hazır məhsul istehsalı və yeni iş yerlərinin yaradılması vahid iqtisadi zəncir təşkil etdikdə təbii ehtiyatlar daha böyük iqtisadi nəticə yarada bilər. Bu isə Azərbaycanın sənaye potensialının genişləndirilməsi ilə yanaşı, regionlarda iqtisadi fəallığın artmasına da zəmin yaradır.

Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunda yeni sənaye xəttinin formalaşdırılması baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir. Qarşıdakı dövrdə əsas məsələ mövcud resursları yalnız hasil etmək deyil, onları müasir texnologiyalar, yerli istehsal və yüksək əlavə dəyər prinsipləri əsasında iqtisadi üstünlüyə çevirməkdir. Dağ-mədən və metallurgiya sənayesinin qarşısında dayanan əsas hədəf də məhz yerin altındakı sərvəti ölkənin sənaye gücünün yeni mənbəyinə çevirməkdir.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30