Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Triumf yolu”..

“Triumf yolu”..

13.07.2024 [11:00]

NATO 3 ölkədə “Şərq cəbhəsi” yaradır?

Gözlənildiyi kimi, NATO-nun yubiley sammitinin ən əsas müzakirə predmeti Mərkəzi Avropanın gələcəyi, konkret olaraq Ukrayna-Rusiya müharibəsinin bundan sonrakı mərhələsinə həsr edildi. Yeni dövrdə Alyansın müharibəyə münasibətdə tutacağı mövqeni isə bəzi detallara əsasən daha rahat təhlil etmək mümkündür. Məsələn, sammit çərçivəsində Bolqarıstan, Rumıniya və Yunanıstanın uyğunlaşdırılmış hərbi səfərbərlik koridoruna dair niyyət məktubu imzalaması Şərqi Avropada mühüm bir “hərəkətlənmənin əsasının qoyulması” kimi dəyərləndirilir. Qeyd edək ki, imzalanan sənədlə bağlı Yunanıstanın müdafiə naziri Nikos Dendias “X” platformasındakı paylaşımında bildirib. Vurğulanıb ki, sənəd Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində, iyulun 10-da imzalanıb. Dendias qeyd edib ki, onun təklifi əsasında hər üç nazir payızda Aleksandrupolisdə görüşərək planlaşdırılan fəaliyyətlərin həyata keçirilməsinə dair müzakirə aparacaqlar.

İyulun 11-də Bolqarıstan Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda isə koridorun NATO-nun çəkindiricilik və müdafiə potensialını artıracağı, ölkələr arasında hərbi səfərbərlik sahəsində əməkdaşlığı gücləndirəcəyi, həmçinin NATO və Aİ arasında əməkdaşlığı dərinləşdirəcəyi qeyd olunub. Bildirilib ki, niyyət məktubu Pan-Avropa Nəqliyyat Koridoru çərçivəsində İtaliya, Albaniya, Şimali Makedoniya və Bolqarıstan arasında, həmçinin Yunanıstan, Bolqarıstan və Rumıniya arasında hərbi səfərbərlik üçün uyğunlaşdırılmış dəhlizin tikilməsini nəzərdə tutur.

Yunanıstanın “Kathimerini” qəzeti isə hərbi dəhlizin dörd strateji əhəmiyyətli liman şəhərini - Saloniki, Aleksandrupolis, Varna və Konstantinitsanı hərbi şəbəkədə birləşdirəcəyini ehtimalından yazıb. Bu addımın əsas hədəfi Avropa İttifaqı ölkələrinə qitə daxilində və onun hüdudlarından kənara” hərbi qüvvələri rahat köçürmə imkanı yaratmaqdır. 

Xatırladaq ki, iyunun 4-də Britaniyanın “The Daily Telegraph” qəzeti maraqlı bir yazı dərc etmişdi - orada bildirilirdi ki, Alyans Rusiyanın NATO ölkələrindən birinə ehtimal edilən hücumu halında qoşunlarının köçürülməsi üçün bir neçə quru dəhliz yaratmağı planlaşdırır. Təbii ki, Rusiyanın hansısa bir NATO ölkəsinə hücum etmək kimi bir planının və ya gözləntisinin olmadığı zamanda belə bir addımın atılması və “müdafiə” xarakteri ilə əsaslandırılması gizli planlardan xəbər verir. Qərb siyasətçilərinin ehtimalına görə, bu dəhliz heç də Avropa İttifaqı ordusu üçün “açılmır” - tam əksinə dəhliz, zərurət yaranacağı təqdirdə Amerika qoşunlarının Rotterdam limanına enməsini və dəmir yolu ilə Hollandiya və Almaniya ərazisindən keçməklə Polşaya köçürülməsini nəzərdə tutan əsas dəhlizin ikinci ehtiyat variantı kimi gündəmə gətirilir. 

Burada “açar söz” isə Dendiasın açıqlamasında vurğulanan fikirdir. Yunanıstanlı nazir bildirib ki, ölkələr arasında hərbi əməkdaşlığın ən mühüm səbəblərindən biri üç ölkədən birinin təhlükəsizliyinə təhdid yarandığı halda çevik reaksiya və əlavə qüvvələrin səfərbər edilməsini təmin etməkdir - belə məlum olur ki, Aİ və NATO haraya “hücum ediləcəyini” dəqiq bilmir, amma müdafiə ehtiyatını artıq görür. Bu isə yaranan üçlü ittifaqın NATO-nun yeni “Şərq cəbhəsi”ndəki qapısı rolunu oynayacağı ehtimalını gücləndirir. 

Siyasi analitiklər bildirirlər ki, hər üç ölkənin dənizə çıxış imkanları, eləcə də dəmir yolları və avtomobil yolları şəbəkəsi var - bu da NATO-nun şərq cinahında müttəfiq qüvvələrin sabit və rahat hərəkəti üçün olduqca münbit zəmin formalaşdırır. NATO-nun “köhnə qitə”nin şərqində möhkəmlənməsini bir fakt da həm təsdiqləyir, həm də gücləndirir - Sammitdən sonra Şimali Atlantika Alyansının yaydığı son bəyanatda Qara dəniz və Qərbi Balkanlarda fəaliyyətini davam etdirəcəyi ilə bağlı əminlik formalaşdırır. Sənəddə Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsindən də bəhs edilir. Bundan əlavə, iyulun 10-da dərc olunmuş bəyannamənin mətnindən belə çıxır ki, NATO ölkələri Ukraynanı Şimali Atlantika Alyansına üzvlük yolunda dəstəkləməyə davam etmək niyyətindədir.

Beləliklə, NATO-nun yeni dövrdə əsas hədəf istiqamətləri müəyyənləşir - Rusiyaya qarşı təzyiqlərin coğrafi parametrləri dəyişir. Son dövrlərə qədər İsveç və Finlandiyanın israrla Alyans sıralarına daxil olmasını məhz Rusiya nöqteyi - nəzərindən dəyərləndirən siyasi şərhçilər artıq fərqli fikirdədir - Alyans Rusiyanı “ənənəvi Şərq cəbhəsinə” çəkmək niyyətinə düşüb. Bir sıra təhlillərə görə, bu, həm də Alyansın narahatlığından irəli gəlir. O baxımdan ki, NATO-nun “köhnə qitə”dəki cənub-şərq hissəsi “ən zəif bəndi” sayılır. Eyni zamanda, Rusiyanın mümkün dəstəklənmə ehtimalı da məhz Cənub-Şərqi Avropa hissəsindən ola bilər ki, Alyans gördüyü ön tədbirlərlə Rusiyaya yardımların qarşısını almaq üçün indidən baryer hazırlayır. 

Burada ABŞ qoşunlarının bölgəyə mümkün endirilməsi məsələsi də diqqəti cəlb edir - nəzərə alsaq ki, Qara dəniz akvatoriyasında Rusiya daha rahat hərəkət edir, Qərb özünün qüvvələrini daha çox şimali və mərkəzi sulara endirməklə təhlükəsizliyin təmininə nail olmaq istəyir. Beləliklə, Qərb - Rusiya çəkişməsinin sərhəddi artıq Mərkəzi və Şərqi Avropaya tərəf yön almaqdadır...

S.İSMAYILZADƏ  

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31