Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün Azərbaycan ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir

Bu gün Azərbaycan ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir

26.06.2013 [09:58]

Son illərdə əldə etdiyi sosial, iqtisadi, həmçinin, siyasi inkişafına görə dünyanın diqqət mərkəzində olan dövlətlərindən sayılan Azərbaycan bu uğurlara imza atmaq üçün bir sıra çətinliklərə sinə gərib. Təsadüfi deyil ki, məhz bu uğurlar ölkəmizdə bütün sahələrin paralel inkişafına yol açıb. Eyni zamanda, bu inkişafdan Azərbaycanın Silahlı Qüvvələrinə də pay düşüb. 
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda ordu quruculuğu siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Ümummilli liderimiz hələ keçmiş SSRİ dövründə respublikaya rəhbərliyi zamanı Azərbaycanın ordu potensialının gücləndirilməsi ilə bağlı qəti və bu günün rakursundan ən vacib sayılan addımların atılmasına nail olmuşdu. Zəngin dövlətçilik fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının daha yaxşı yaşamasını təmin etmək, Vətənini inkişaf etdirmək olan Ulu öndər Heydər Əliyevi sovetlər dönəmində düşündürən əsas məsələlərdən biri bütün istiqamətlərdə, o cümlədən, hərbi sahədə azərbaycanlı kadrların yetişdirilməsi idi. Bu da təsadüfi deyildi. Belə ki, respublikamız SSRİ-nin tərkibində olduğu illərdə azərbaycanlıların hərbi məktəblərə daxil olmasına və ya orduda xidmət edən azərbaycanlı zabitlərin vəzifələrə irəli çəkilməsinə süni maneələr yaradılırdı. Bu mənada istisnasız demək olar ki, Sovet ordusunda azərbaycanlı zabit kadrlarının sayının artmasında Ümummilli liderimiz Heydər Əliyevin böyük rolu oldu. Məhz Ulu öndərin o zaman uzaqgörənliklə həyata keçirdiyi tədbir- Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması ölkəmizin hərbi təhsil tarixində yeni bir səhifə açdı. Hazırda hərbi lisey kimi fəaliyyət göstərən bu məktəbin təsis edilməsi respublikamızda milli zabit kadr hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının artmasına təkan verdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Bu uğurlu addımlar isə artıq davamlı proses halını aldı. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə azərbaycanlı gənclərin keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il Azərbaycandan 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən, 800-900 gənc kadr göndərilirdi.
Beləliklə, totalitar Sovet rejimi dövründə milli maraqlarımızın qorunması, onun inkişaf etdirilməsi istiqamətində bu cür vacib, tarixi addımların atılması Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin ön sıralarında dayanır. Əsası məhz həmin illərdə qoyulan ordu quruculuğu siyasəti sonradan müstəqil Azərbaycanın mərkəzləşdirilmiş nizami ordusunun yaranmasına yardım etdi.
Məlum olduğu kimi, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Eyni zamanda, sovetlər dönəmində Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu siyasəti müstəqilliyimizin ilk illərində səriştəsiz insanların “səyi” nəticəsində səhv istiqamətə yönləndirildi. Bunun nəticəsində də həmin vaxt hakimiyyətdə oturan şəxsi mənfəət güdükçülərinin, səriştəsizlərin kreslo savaşının qurbanına çevrilən Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Məlum olduğu kimi, həmin vaxt ordu deyiləndə yalnız başıpozuq hərbi dəstələr göz önündə canlanırdı. Eyni zamanda, Ermənistan birbaşa rus ordu hissələrinin yardımı və iştirakı ilə torpaqlarımızı işğal etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.
Heç şübhəsiz, təsadüfən hakimiyyətə gələn insanların tez bir zamanda siyasi səhnəni tərk etməsi zərurəti aksiomadır. Bu mənada 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı məhz Sovet illərində aparılan quruculuq siyasətinin davam etdirilməsinə şərait yaratdı. Ordu quruculuğu siyasəti Ümummilli lider tərəfindən daha da inkişaf etdirilməyə başladı. Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.
Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu Ümummilli liderin bir çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ulu öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Ümummilli lider məhz bu məqsədlə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Fərman imzaladı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ulu öndərin 2002-ci ildə imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu yaradıldı. Silahlı Qüvvələrimizin müasir texnika ilə təmin edilməsi, maddi-texniki bazanın yeniləşdirilməsi, hərbi qulluqçuların məişət problemlərinin həlli işinə müsbət təsir göstərdi.
2003-cü ildə Ulu öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbər seçilməsi aparılan quruculuq siyasətinin davamlı şəkil almasına stimul verdi, onun modern və müasir şəkildə tənzimlənərək inkişaf etdirilməsinə zəmin yaratdı. İşğal olunan Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü daxili və xarici siyasət kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də digər sahələrdə böyük nailiyyətlər əldə olunub. Möhtərəm Prezident İlham Əliyevin səyi nəticəsində ölkənin dövlət büdcəsindən ən böyük maliyyə vəsaiti müdafiə xərclərimizə yönəldilir. Müharibə vəziyyətində, torpaqları işğal altında olan bir dövlət kimi Azərbaycan öz ordusunu günün nəbzinə uyğun şəkildə inkişaf etdirir. Artıq ölkəmizin hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bundan sonra da ölkənin müdafiə potensialının artırılacağına, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin davam etdiriləcəyinə əminliyini hər zaman ifadə edib.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan ordusu hər an düşmən işğalında olan ərazilərimizi azad etmək qüdrətindədir. Ölkənin güclənən iqtisadiyyatı ordu sistemində müasirləşməyə, yeniləşməyə yol açıb. İstər hərbi sahədə çalışanların sosial problemləri, istərsə də texniki təchizatın inkişaf etdirilməsi dövlətimiz, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır.
Bəli, əsası Ulu öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən səmərəli tədbirlərin nəticəsi olaraq, artıq Cənubi Qafqazın ən güclü və nizamlı, o cümlədən, təchizat baxımından ən qüdrətli ordusu Azərbaycan Ordusudur. Bu gün Azərbaycan ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir. Azərbaycan Prezidenti hər zaman qürurla bildirir ki, Azərbaycan ordusu qarşısında duran ən ümdə vəzifəni icra etməyə hazırdır: “Bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın”.
Azər BADAMOV
Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 1244 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31