Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sənayeləşmə siyasəti növbəti illərdə daha böyük nəticələrə gətirib çıxaracaq

Sənayeləşmə siyasəti növbəti illərdə daha böyük nəticələrə gətirib çıxaracaq

07.11.2013 [09:33]

Prezident İlham Əliyev: Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, 10 il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son 10 il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır
Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkilərində dövlət başçısı İlham Əliyev yenidən böyük və inamlı qələbə qazanıb. Bu qələbənin kökündə son 10 ildə Azərbaycanda həyata keçirilən nəhəng layihələr, görülən işlər və əzəmətli nailiyyətlər dayanır. Prezident İlham Əliyevə səs verməklə Azərbaycan xalqı öz gələcəyinə səs verdi. Bu, həm də o deməkdir ki, qarşıdakı dövrdə ötən illərdə həyata keçirilən siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq. Bunu oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqində də aydın görmək olar. Dövlət başçısı xalqa müraciətində Ona etimad göstərərək yenidən Prezident vəzifəsinə seçən vətəndaşlara minnətdarlığını bildirib və bundan sonra da doğma xalqına ləyaqətlə xidmət edəcəyinə, Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyinə söz verib. Daim ölkəmizdə görülən işlər barədə xalqa hesabat verdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir: “Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, 10 il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son 10 il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə 10 il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər”.
Dövlət başçısı vurğulayıb ki, son 10 il ərzində sənayenin inkişafı ilə bağlı önəmli hadisələr baş verib, ölkəmizdə ağır sənayenin inkişafı ilə bağlı böyük layihələr icra edilib. Prezident həm də sözügedən nitqində konkret hədəflərini açıqlayıb və bildirib ki, növbəti illərdə də bu istiqamət prioritet olacaqdır: “Sənayeləşmə ilə bağlı bizim siyasətimiz əminəm ki, növbəti illərdə daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Ağır sənayenin inkişafı üçün gözəl imkanlar vardır. Artıq texnoparklar, sənaye zonaları yaradılır. Dövlət əlbəttə ki, burada aparıcı rolunu ilkin mərhələdə oynamalıdır, oynayacaqdır. Özəl sektor da bu işlərə qoşulur. Azərbaycanda istehsal oluna biləcək bütün məhsullar Azərbaycanda istehsal olunmalıdır”.
Beləliklə, qeyri-neft - daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə rəqabətqabiliyyətli məhsulların istehsalını stimullaşdırmaq qarşıda duran vəzifələrdən biridir.
Məlum olduğu kimi, ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri sənayedir. Son illərdə Azərbaycanın artan iqtisadi göstəricilərində sənayenin xüsusi çəkisi hiss olunur. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Statistik göstəricilərə görə, 2013-cü ilin yanvar-sentyabr aylarında 25,3 milyard manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründə olduğundan 0,9 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32,5 milyon ton, əmtəəlik qaz hasilatı 13,1 milyard kubmetr təşkil edib.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 4,6 faiz, içki istehsalı 9,7 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 35,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 18,6 faiz, əczaçılıq məhsulları istehsalı 19,4 faiz, tikinti materialları istehsalı 20,4 faiz, elektrik avadanlıqları istehsalı 4,3 faiz, maşın və avadanlıqlar istehsalı 5,3 faiz, avtomobil və qoşquların istehsalı 41,1 faiz, nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 6,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 30 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,9 faiz, neft sektorunda isə 0,4 faiz artım qeydə alınıb.
Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına da ciddi təkan verib. Hazırda respublikanın müxtəlif bölgələrində, Sumqayıt, Gəncə, Bakı kimi iri şəhərlərdə sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Məsələn, cari ilin ilk 6 ayı ərzində Bakı şəhərində “Gəmi təmiri və gəmiqayırma” İstehsalat birliyi, Sumqayıt şəhərində “Gilan” Tekstil parkı, Abşeron rayonunda “Milla” Süd məhsulları və Dondurma istehsalı zavodu, Birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Hacıqabul rayonunda Seramik plitələr zavodu və digər istehsal təyinatlı obyektlər istismara verilib. Həmçinin, 2013-cü ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 7031 milyon manat vəsaitin 3187,4 milyon manatından istifadə edilib.
Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Yeri gəlmişkən, ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır ki, hazırda bu proses uğurla həyata keçirilir. Dövlət başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətədavamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcək. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir. Bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına, digər tərəfdən ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Həm də yerli müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar ölkəmizin idxala ehtiyacını azaltmağa imkan yaradacaq ki, bu, həm yerli sənayenin inkişafına təkandır.
Qeyd olunan müəssisədə müxtəlif diametrli polad borular istehsal ediləcək. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaq. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaq. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılıb. Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr, uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcək. Zavodda ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların istehsalı nəzərdə tutulub. Burada istehsal edilən polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcək. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən, Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.
Eyni zamanda, Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir. Sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaq. Parkın sənaye zonasının 43 altsənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunub.
Həmçinin, dövlət başçısı oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar-sənaye kompleksinin açılışında iştirak edib. Bu, Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin, qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.
SEVİNC

Paylaş:
Baxılıb: 1020 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31