Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz müstəqil siyasətinə sadiqdir

Azərbaycan öz müstəqil siyasətinə sadiqdir

16.06.2016 [09:04]

Prezident İlham Əliyev: Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır
Sirr deyil ki, regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Daha dəqiq desək, məhz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil, Cənubi Qafqaz regionunun isə ən güclü aktoruna çevrilməsinin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Məlumdur ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkəmizi tənəzzüldən və məhv olmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxardı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən, milli dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı və Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı. İlk növbədə, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı.
Bundan başqa, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.
Azərbaycanın həyata keçirdiyi strateji kurs müstəqilliyi ilə xarakterizə olunur
Sadalananların fonunda əminliklə qeyd edə bilərik ki, bu gün Azərbaycanın daxili və xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Kabinetinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər.
Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib
Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərinin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.
Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.
Əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün strateji kursun həyata keçirilməsidir.
Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır.
Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.
Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizmə çevrilib.
Azərbaycan böyük inkişaf yolu qət edib
Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük inkişaf yolu qət edib. Son 12 il ərzində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Bir sözlə, Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.
Nəticə etibarilə, dünya iqtisadiyyatına uğurla inteqrasiya olunan, Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan müstəqil siyasətini uğurla davam etdirir. Qeyd etdiyimiz kimi, hər hansı bir qurumdan, təşkilatdan asılı olmayan ölkəmiz öz inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30