Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aparılan kompleks islahatlar gələcəkdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək

Aparılan kompleks islahatlar gələcəkdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək

25.06.2016 [11:53]

Prezident İlham Əliyev: Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir
Qlobal mənfi təsirlər nəticəsində yaranan yeni şərait ölkəmizin qarşısına yeni çağırışlar qoyub. Yaranmış vəziyyətdə Azərbaycanın mənzərəsi yeni nəsil iqtisadi islahatların həyata keçirilməsi ilə səciyyələnir. Ölkəmizin reallıqları nəzərə alınmaqla aparılan islahatlar onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı şəraitdə də Azərbaycanın dinamik inkişafını təmin edəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə başlanan islahatların, qəbul edilən qərarların müxtəlif sahələri əhatə etdiyinə xüsusi diqqət çəkib: “Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir”.
Prezident İlham Əliyev həmçinin başlanılan islahatların davam etdiriləcəyini bəyan edib. Dövlət başçısı bildirib ki, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir.
Qeyri-neft sektoru ölkənin ixrac strukturunda daha böyük çəkiyə malik olmalıdır
Son illərdə ölkəmizdə müvafiq islahatlar həyata keçirilib, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb.
Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki məlum qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur.
Respublikada neftdənkənar iqtisadiyyatın genişlənməsi 2015-ci ildə və cari ilin arxada qalan dövrü ərzində də davam edib. Belə ki, bəhs olunan dövrdə qeyri-neft sektorunun artım dinamikası respublika üzrə inkişaf dinamikasını üstələyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Bundan başqa, son illərdə Azərbaycanda İKT sektoru, turizm dinamik inkişaf mərhələsinə daxil olub.
Azərbaycanda neftdənkənar iqtisadiyyatın üstün inkişafı uğurlu sənayeləşmə siyasətində daha qabarıq şəkildə özünü büruzə verir. Dövlət başçısı cari ilin birinci rübündə qeyri-neft sənayesinin 5 faizdən çox genişlənməsini məqsədyönlü siyasətin nəticəsi kimi səciyyələndirərək deyib: “Qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.
Respublikada biznes mühitinin daha da optimallaşdırılması istiqamətində qətiyyətli addımlar atılır
Ölkəmizdə özəl bölmənin potensial imkanları kifayət qədər genişdir. Ancaq etiraf etmək lazımdır ki, bir sıra hallarda subyektiv amillər, o cümlədən də sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilələr özəl bölmənin ölkənin ümumi inkişafına daha sanballı töhfələr verməsinin qarşısını alır. Dövlət başçısı sahibkarlıq subyektlərinin fəaliyyətinə daha yaxşı şərait yaradılması, neqativ halların aradan qaldırılması üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar”.
Qeyd edək ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə yeni iqtisadi şəraitdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2015-ci ilin sonlarından etibarən Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, onların hüquqlarının daha dolğun şəkildə qorunmasına hesablanan bir sıra sənədlər imzalayıb. Dövlət başçısı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi” haqqında müvafiq Fərman imzalayıb. Çox haqlı olaraq bu addımlar Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilir. Bəhs olunan hər iki sənəd dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini, onların arxasında dayandığını təsdiqləyir. Beləliklə, ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Dövlət başçısının imzaladığı Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Bəhs olunan sənədlər ölkəmizdə sahibkarlığn inkişafının dəstəklənməsinə, eləcə də sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılmasına daha geniş hüquqi təminatlar yaradır.
Özəl bölmənin fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər artıq praktiki müstəvidə öz müsbət nəticələrini verir. Belə ki, yerlərdə müvafiq icra hakimiyyəti qurumları sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə yönələn yeni təşəbbüslər irəli sürürlər. Prezident İlham Əliyev cari ilin birinci rübü ərzində sahibkarlıq obyektlərində yoxlamaların azalmasını müsbət göstəricilərdən biri kimi dəyərləndirib: “Qeyd etməliyəm ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdir. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur”.
Bank-maliyyə sektorunun fəaliyyəti yeni iqtisadi şəraitin tələblərinə uyğunlaşdırılır
Dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlar həmçinin istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunu da əhatə edir. Prezident İlham Əliyev ölkənin bank-maliyyə sektorunda həyata keçirilən islahatların geniş spektri barədə deyib: “Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılmışdır. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılmışdır. Hesab edirəm ki, bu, bank sektorunun inkişafına xidmət göstərəcək”.
Qeyd edək ki, manatın məlum devalvasiyasınadək ölkəmizdə 40-dan çox bank fəaliyyət göstərirdi. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu qədər bankın olması məqbul deyil. Digər tərəfdən, bir sıra banklar ciddi likvidlik problemi yaşayırlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirlər, həmçinin ölkə iqtisadiyyatına hər hansı bir xeyir vermirlər. Bu kimi reallıqları nəzərə alan Mərkəzi Bank Prezident İlham Əliyevin tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bəzi bankların lisenziyaları ləğv edilib.
Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə müvafiq Sərəncam imzalayıb. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, ölkə banklarındakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir.
Yeni şəraitdə Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi aktivliyin artmasına xidmət edir
Yeni iqtisadi şəraitdə vergi bazasının genişləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına hesablanan islahatlar da böyük önəm daşıyır. Prezident İlham Əliyevin mövqeyi belədir ki, ölkədə iqtisadiyyatın tənzimlənməsində mühüm rol oynayan ayrı-ayrı qurumların, o cümlədən də vergi, gömrük orqanlarının fəaliyyəti yeni dövrün tələblərinə uyğun qurulmalı və tamamilə şəffaflaşdırılmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması - bax bütün bunlar çox vacib olan məsələlərdir”.
Prezident İlham Əliyevin vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sənədlər ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın təmin olunması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm daşıyır. Məlumdur ki, respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən çox böyük işlər həyata keçirilir. Cari ilin əvvəlindən etibarən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq vergi yükünün azaldılması yolu ilə vergi bazasının daha da genişləndirilməsi ölkədə qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafına çox böyük kömək göstərəcək. Vergi bazasının genişləndirilməsi həm sahibkarlara məcburi öhdəliklərini şəffaf şəkildə həyata keçirmək, büdcə qarşısındakı öhdəliklərini tam reallaşdırmaq imkanı verəcək, həm də onların fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırılacaq.
İxracın təşviqi sistemi işə salınıb
Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Qeyd olunan Fərmanda 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində yeni təşviq sisteminin işə salınması ilə ixracın stimullaşdırılmasında uğurlar əldə olunacağına əminliyini ifadə edib: “Biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq”.
İslahatlar sosial sferanı və xidmət sektorunu da əhatə edir
Son illərdə qlobal miqyasda müşahidə edilən kataklizmlərin fonunda sosial məsələlər xüsusi aktuallıq kəsb etməyə başlayıb. Hazırda bütün dünya miqyasında meydana çıxan yeni çağırışlardan biri ondan ibarətdir ki, yaranmış vəziyyətdə milli dövlətlər əhalinin sosial müdafiəsini taleyin ümidinə buraxmamalı, öz siyasətlərində insanların gündəlik həyatı ilə bağlı məsələlərin həllinə, onların məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. O cümlədən islahatların sosial sferanı da əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir. Prezident İlham Əliyev ölkəmizdə aparılan iqtisadi islahatların güclü sosial siyasətlə tamamlanmasının insanların mənafeyinə xidmət etdiyinə diqqət çəkərək deyib: “Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər”.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda yeni şəraitdə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır. Xidmət sektorunda həyata keçirilən islahatlardan söhbət açarkən Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan güclü turizm potensialına malik olan ölkədir. Yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun turizm kimi gəlirli sahəsini inkişaf etdirməklə respublikamıza böyük məbləğdə valyuta axınını təmin etmək, eyni zamanda, məşğulluq kimi sosial məsələnin həllinə sanballı töhfə vermək mümkündür. Şübhə yoxdur ki, haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərəcək. Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək tapşırılıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30