Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Biz ona vaxtaşırı məlumat verirdik...

Biz ona vaxtaşırı məlumat verirdik...

17.02.2023 [10:22]

Heydər Əliyeviç bizim məruzələri diqqətlə dinləyir, hərbçilərin əhval-ruhiyyəsi ilə maraqlanırdı

1979-cu ilin 24 dekabrında sovet qoşunları “beynəlmiləlçilik köməyi” göstərmək üçün Əfqanıstana daxil oldular. SSRİ qərbdəki neft böhranından sonra öz hərbi qüdrətinin zenitində idi. Qərbdə hesab edirdilər ki, Əfqanıstana müdaxilə daha irimiqyaslı planların başlanğıcıdır, Əfqanıstana isə bu planlarda əməliyyat meydanı və ya istehkam rolu ayrılmışdır.

Bir Allah bilir ki, sovet strateqləri nə haqda düşünürdülər, ancaq fakt faktlığında qalır: 1980-cı ilin əvvəli üçün Sovet-İran sərhədində 1921-ci ildə bağlanmış müqaviləyə əsasən istənilən an İran ərazisinə yürüşə hazır olan 22 diviziya cəmlənmişdi. Bu gün sovet hərbçiləri deyirlər ki, bu, İrana hərbi zərbə endirmək niyyətində olan  Amerika administrasiyasının planlarına cavab olaraq məcburi addım idi. Guya Karter İrana qarşı hərbi müdaxiləyə hazır olan sovet ordusunun iri hərbi hissələrinin İran-Sovet sərhədində cəmləşməsi haqqında kəşfiyyat məlumatları alandan sonra bu fikirdən daşınmışdır.

İran ətrafındakı hadisələr və sovet qoşunlarının Əfqanıstana yeridilməsinin gizlin səbəbləri haqqında mənə söhbət əsnasında SSRİ DTK sədrinin keçmiş birinci müavini Filip Bobkov danışdı:

“Biz qoşunlarımızın Əfqanıstana daxil olması haqqında mülahizə yürüdəndə müxtəlif dəlillər gətiririk, ancaq bu dəlillər içərisində çox vacib bir məqam nəzərə alınmır: sovet qoşunları Əfqanıstana daxil olmazdan əvvəl amerikalıların dəniz piyadaları İran körfəzində artıq cəmlənmişdi. İrandakı səfirliyinin əməkdaşlarına yardım göstərmək üçün amerikanlar desant çıxarmağa hazırlaşırdı. Bilirsiniz ki, 1979-cu ildə orada səfirlik ətrafında iri münaqişə yaranmışdı. Belə olduqda, ABŞ-da Tehrana qoşun yeridilməklə iranlıları cəzalandırmaq qərarına gəldilər. Qoşun yeridilməsi yaxın günlərdə baş tuta bilərdi və bu hal həlledici idi. Çünki amerikalılar İrana qoşun çıxarsaydı, müqaviləyə əsasən biz də həmin yolu tutmalı idik. Bir-birinə qarşı İranda iki qüvvə hərəkət edir. Təsəvvür edirsinizmi bu, nəyə gətirib çıxara bilərdi?

Biz Əfqanıstana daxil olanda, diqqəti yayındırdıq, amerikalıların desant çıxarmaq məsələsi dayandırıldı. Bizim aksiyamız faktiki olaraq amerikalıların İrana girmək imkanlarını əlindən aldı, çünki Orta Şərqdə vəziyyət dəyişmişdi. Yəni, İran faktoru qoşunların Əfqanıstana daxil olmasında öz rolunu oynadı”.

Hər necə olursa olsun, Əfqanıstana hərbi müdaxilədən sonra da İran körfəzində və Sovet-İran sərhədində vəziyyət olduqca gərgin olaraq qalırdı.

SİTA-nın məlumatından:

“Vaşinqton. 25 aprel 1980-ci il. C.Karterin administrasiyası İran İslam Respublikasına qarşı hərbi provokasiya həyata keçirmişdir. Ağ ev nümayəndəsinin bu gün gecə təcili çağırılmış mətbuat konfransında elan etdiyinə görə, İran ərazisində, ayrıca bir yerdə, səhra şəraitində yaradılmış gizli aerodromdan Amerikanın Tehrandakı səfirliyinin bu ölkəyə qarşı casusluq fəaliyyətində günahlandırılan əməkdaşlarını azad etmək üçün desant əməliyyatı planlaşdırılırdı.

Lakin əməliyyat, Ağ evin bəyanatında deyildiyi kimi, “texniki nasazlıq” üzündən baş tutmamışdır. Yerdə iki Amerika təyyarəsi toqquşmuşdur, nəticədə təyyarələrin 8 heyət üzvü həlak olmuşdur. Bir neçə Amerika hərbi qulluqçusu yaralanmışdır. Planlaşdırılan əməliyyatın bütün digər üzvləri evakuasiya edilmişdir.

Prezident C.Karter bu aksiyaya görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür”.

“Nyu-York. 25 aprel. (SITA). Pentaqonun İran sahillərində toplanmış ən böyük hərbi-dəniz donanmasına qatılmaq üçün başda “Konstelleyşn” təyyarə gəmisi olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind okeanına yollanan zərbəçi qrupu bu gün Sinqapurun yaxınlığından keçmişdir. Bu barədə diplomatik mənbələrə istinadən YUPİ xəbər vermişdir.

“Tehran. 25 aprel. (SITA). Birləşmiş Ştatların İrana qarşı hərbi təcavüzünün uğursuzluğa düçar olması ilə əlaqədar İran İslam Respublikasının birləşmiş ştabı bəyanatla çıxış etmişdir.

Bəyanatda, o cümlədən deyilir ki, içində Tehrandakı ABŞ səfirliyi ərazisinə desant çıxarmaq üçün nəzərdə tutulan MKİ (SRU) agentləri və dəniz piyadaları olan iki Amerika hərbi təyyarəsi İran HHQ-nin təyyarələri tərəfindən təqib olunan zaman toqquşaraq alışmış və İran əyaləti Xorasanın şimal-şərqində yerləşən Tebes şəhərinin civarında yerə düşmüşdür”.

“London. Bu gün icma palatası deputatlarının böyük bir qrupu - leyboristlər - parlamentdə qərar layihəsi təqdim etmişdir. Layihədə, həmçinin deyilir: “Biz girovların azad olunması üçün güc tətbiq edilməsinə qarşıyıq, iri dünya münaqişəsinə səbəb ola biləcək hər hansı hərbi əməliyyatın əleyhinəyik”. Deputatlar Ağ evin İrana qarşı heç bir hərbi tədbir görməyəcəyi barədə qəti təminat verməyəcəyi təqdirdə girovların azad olunması probleminin həllində ABŞ-la əməkdaşlığı dayandırmağı İngiltərə hökumətindən tələb etmişlər”.

“Ottava. 25 aprel. (SITA). Kanadanın Baş naziri P.Trüdo mətbuat konfransında bəyan etmişdir ki, Birləşmiş Ştatlar tərəfindən İrana qarşı güc tətbiq edilməsi təhlükəlidir və İran böhranının həllinə gətirməyəcəkdir, əksinə, onun daha da kəskinləşməsinə səbəb ola bilər”.

İran ətrafında cərəyan edən hadisələr bizim respublikaya bilavasitə toxunurdu və Azərbaycanın lideri onların ən fəal iştirakçısı idi. İranla sərhəddə sovet qoşun və hərbi texnikasının toplanması davam edirdi, Qala qəsəbəsindəki hərbi-hava bazasına isə bir-birinin ardınca Müdafiə nazirliyi və sərhəd qoşunlarının yüksək rütbəli zabitlərini gətirən təyyarələr enirdi. SSRİ DTK sərhəd qoşunları rəisinin müavini general-polkovnik Revenko vəziyyəti yerində öyrənirdi və hər 5-6 saatdan bir Moskvaya məruzə edirdi. İranla sərhəddə dislokasiya olunmuş hərbi hissələrin döyüş hazırlığını nümayiş etdirmək üçün hətta təlim keçirilməsi də qərarlaşdırılmışdı.

4-cü ordunun siyasi şöbəsinin keçmiş rəisi Aleksandr Qudkov mənimlə söhbətdə o hadisələri xatırlayırdı:

“Bizim başlıca vəzifəmiz İrandakı inqilabla əlaqədar Azərbaycan sərhədlərinin qorunmasını təmin etmək idi.

İran İslam Respublikasında hadisələrin necə inkişaf edəcəyini qabaqcadan heç kim deyə bilməzdi. Birdən Amerika işə qarışdı və ya iranlıların dini fanatizmi yenidən oyandı. İranın sərhədyanı rayonlarının əhalisinin çəpərləri söküb Azərbaycan ərazisinə keçməsi təhlükəsi var idi. Təhlükə olduqca real idi, axı İranın Azərbaycanla sərhədində, əsasən, azərbaycanlılar yaşayırdı.

- Yəqin ki, Heydər Əliyev də vəziyyəti izləyirdi?

- Əlbəttə, biz ona vaxtaşırı məlumat verirdik. O, daim Lənkəran, Astara, Naxçıvandakı vəziyyətlə maraqlanırdı, detallara diqqət yetirirdi. Heydər

Əliyeviç bizim məruzələri diqqətlə dinləyirdi, hərbçilərin əhval-ruhiyyəsi ilə maraqlanırdı, həmsərhəd ərazidə baş verən hadisələr, sərhədi keçmək cəhdlərinin olub-olmaması və s. barədə soruşurdu”.

4-cü ordunun sabiq komandanı A.Kovtunouvun xatirələrindən:

“1979-cu ilin yanvarında hadisələr çox qızğın şəkildə güclənirdi. Hətta belə bir məqam oldu ki, mən sovet qoşunlarının Naxçıvan tərəfdən - Culfadan İrana daxil olmasına real hazırlıq görmək haqqında əmr aldım. Dördüncü ordu Azərbaycanda yerləşirdi, o cümlədən Naxçvanda və Qarabağda. Biz məlumat almışdıq ki, amerikalılar İrana girə bilərlər. Mən aldığım əmri Heydər Əliyevə məruzə etdim. Dedim ki, belə tapşırıq almışam. O deyir: “Xəbərim var. Almısan yerinə yetir. Hazırlıq barədə məruzə edərsən”. Onun baş verənlərə münasibətini soruşmurdum. Bu məsələlər Moskvada həll olunurdu, bizim işimiz isə əmri icra etməkdi. Onun hərbçi adam kimi, MK-nın 1-ci katibi kimi artıq söz danışmağa ixtiyarı yox idi, çünki dedikləri o saat bütün dünyaya yayılırdı. Sonra eşidirik ki, SİTA-nın təkzibini verirlər. İran hökuməti bəyan etdi ki, sovet ordusu Naxçıvan-Culfa tərəfdən qoşun çıxarmağa hazırlaşır. Bizə əmr etdilər ki, hər şeyi dayandırıb öz yerlərimizdə qalaq”.

Xoşbəxtlikdən Brejnev və onun ətrafı son həddi keçmədilər. Kim bilir, sovet qoşunları İrana daxil olsaydı, SSRİ və ABŞ qarşıdurması nə ilə nəticələnəcəkdi? Dəqiq bilmirəm, ancaq yüz faiz əminəm: cənub sərhədlərində vəziyyət kəskinləşən dövrdə Kreml rəhbərliyi Azərbaycanın lideri ilə daimi məsləhətləşmələr aparırdı.

Kremlin Yaxın və Orta Şərq siyasəti məsələlərində Heydər Əliyevin fikri ilə hesablaşması barədə çoxsaylı şahidlər vardır. 70-ci illərin ortalarında İrandakı sovet səfirliyi nümayəndələrinin bəzi məlumat və arayışları məhz ona,

Heydər Əliyevə göndərdiklərini söyləmək kifayətdir. Bu arayışlar, əsasən, Cənubi Azərbaycandakı vəziyyətlə bağlı idi - azərbaycanlıların təhsil hüquqlarının pozulması, ana dilində qəzet və kitab nəşri, iqtisadi tənəzzül və s.

Xalq yazıçısı Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31