Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan səhiyyəsi ötən il ərzində də uğurla inkişaf edib

Azərbaycan səhiyyəsi ötən il ərzində də uğurla inkişaf edib

09.01.2018 [10:25]

Bu sahədə aparılan islahatlar ciddi nəticələr verməkdədir
Azərbaycanda son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Belə ki, əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb.
Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Öz növbəsində səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz ağır sosial-iqtisadi çətinliklərlə üzləşmişdi. O cümlədən səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Və məhz belə bir ağır dövrdə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana bu sahədə kömək etməyə başladılar.
Eyni zamanda, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər bir vətəndaş öz həyatında hiss edir. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.
Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Onu da qeyd edək ki, ölkəmizdə səhiyyə sahəsində bir sıra Dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Hazırda da səhiyyə sistemində islahatlar davam edir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılır, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılır.
Bunlarla bərabər, ölkəmizdə əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görülür. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılır.
Bir sözlə, bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Və bütün bunların fonunda eyni zamanda Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 10 dəfədən çox artırılıb. Məhz bu artım əsasında son 14 ildə respublikamızda 600-dən çox tibb müəssisəsi yaradılaraq və ya yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak edib. Məsələn, ötən il noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Açılış mərasimindən sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb. Həmin görüşdəki çıxışında dövlət başçısı bildirib ki, 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir: “Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq. Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək”.
Öz növbəsində məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, səhiyyə sahəsində aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Onun sözlərinə görə, 2017-ci ildə də səhiyyə sahəsində vacib addımlar atılıb, həmçinin bu yöndə qanunvericilik bazası təkmilləşdirilib: “Bundan əlavə, stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılıb, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi artırılıb. Dövlət xəstəxanaları əhaliyə pulsuz xidmət göstərir. Xüsusilə, son illər Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin pulsuz müayinələrdən keçirilməsi artıq ənənə halı alaraq davam etdirilir.
Eləcə də, xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda dializ mərkəzlərində qeydiyyatdan keçən xəstələr hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunurlar”.
Musa Quliyev qeyd edib ki, ölkənin dərman bazarında da ciddi dönüş yaradılıb. Belə ki, artıq bir neçə ildir Prezident İlham Əliyevin tapşırığına əsasən dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi həyata keçirilir. Bu sahədə, ilk növbədə, qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamaq lazımdır. Parlamentin yaz sessiyasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmasına dair müddəa öz əksini tapıb. Artıq Tarif Şurası xeyli sayda dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq qərarlar qəbul edib. Bu qərarlar əhali tərəfindən yüksək qiymətləndirilir. Çünki bunun nəticəsində bir çox dərmanların qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb.
Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, səhiyyə sahəsində aparılan islahatlar sırasında icbari tibbi sığorta sisteminin tətbiqi istqamətində görülən işlər də mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr uğurla həyata keçirilir: “Növbəti mərhələdə hökumət tərəfindən icbari tibbi sığortanın daha geniş miqyasda tətbiq olunması ilə bağlı müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur. Hazırda isə bu sahədə irəliyə doğru addımlar atılmaqdadır. Nəzərdə tutulur ki, icbari tibbi sığorta xidmətinin sferası daha da genişlənsin. Ötən il icbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda pilot layihələrin həyata keçirilməsinə başlandı. Təmsil olunduğum Yevlax rayonunda əhali bu layihələrdən çox səmərəli sitifadə edib və bu layihəni dəstəkləyir. İnanırıq ki, yaxın zamanlarda bu sistem bütün ölkə üzrə tətbiq ediləcək”.
Millət vəkili bütövlükdə səhiyyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib. O qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin edilib. Eləcə də kadr potensialı da yüksək səviyyədədir. İ.Məmmədov hesab edir ki, bu sahədə görülən işlər 2018-ci ildə də uğurla davam etdiriləcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31